Azərbaycan Respublikasının Təhsil İnstitutun elmi-pedaqoji kadr hazırlığı şöbəsinin müdiri, pedaqogika üzrə elmlər doktoru, professor, Rusiya Dövlət Təhsil Akademiyasının müxbir üzvü, Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Təhsilin İnformasiyalaşdırılması Akademiyasının həqiqi üzvü, Rusiya Təbiətşünaslıq Akademiyasının akademiki, Professor Hümeyir Hüseyn oğlu Əhmədovun 65 illik yubileyi ərəfəsində elmi - pedaqoji fəaliyyətinin 45 ilini əhatə edən əsərlərinin biblioqrafik göstəricisi nəşr edilib.
Biblioqrafiyanın tərtibçisi pedaqogika üzrə fəlsəfə doktoru Müjkan Əbdüləli qızı Məmmədzadədir. Elmi redaktoru pedaqogika üzrə elmlər doktoru, professor Müseyib İbrahim oğlu İlyasov olan biblioqrafiyada alimin elmi fəaliyyəti dövründə nəşr etdirdiyi əsərləri, elmi – pedaqoji, tədris metodiki xarakterli məqalələri, konfranslardakı çıxışlarının tezisləri, həmçinin onun rəhbəri olduğu doktorant və dissertantlar haqqında məlumatlar daxil edilmişdir.
Sədi Şirazinin “Gülüstan əsəri” ndən gətirilən -Ata mirasını istəyirsənsə, çalış atanın elmini öyrən. Çünki, dövlətini bir gün içində havaya sovurub, xərc edəcəksən! - sitatı ilə başlayan biblioqrafiya AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Xatirə Bədrəddin qızı Bəşirlinin ön sözü ilə açılır. Müəllif yazır: “Hümeyir Əhmədovun zəngin elmi-ictimai ömür yoluna, məhsuldar tədris, təlim pedaqoji fəaliyyətini əks etdirən biblioqrafiyası ilə tanış olduqca, bir daha əmin olursan ki, meyvə budağından gen düşməzmiş! Atası, akademik Hüseyn Əhmədovun bəlkə də çatdırmadığı, o dövrün texnologiya imkansızlığı, dünya elmi nailiyyətlərinin bu şəkildə əlçatan olmaması, obyektiv şəkildə bir sıra elmi məsələlərin öyrənilməsinə bu qədər işıq salınmaması üzündən yarımçıq qalan işləri, açıq qalan sualları, amma həm də ömrün sınırları - vəfasızlığından yazı masasında icrasını gözləyən yazıları, məqalələri ilə də oğlu Hümeyir müəllim yeni dövrdə, yeni elmi çağırışlara, yeni elmi problemlərə və dəyərlərə uyğun həyata keçirməyə başladı”.
Müəllif ön sözündə milli təhsil sisteminin inkişafı, təkmilləşdirilməsi, idarə edilməsi sahəsindəki problemlərini həm nəzəri - konseptual, həm də praktiki baxımdan araşdırılmasında Hümeyir müəllimin xidmətlərindən bəhs etmişdir. Alim bu qənaətə gəlmişdir ki, professor Hümeyir Əhmədovun 45 illik elmi fəaliyyətinin nəticəsi müasir tədris sistemində ali təhsilin keyfiyyətinin yüksəldilməsinin əsas komponentlərini müəyyənləşdirilməsi, elmi dövriyyəyə təhsilşünaslıq anlayışının daxil edilməsi, başlıcası isə sovet təhsil sistemindən Avropa ali təhsil məkanına inteqrasiya proseslərini pedaqoji-psixoloji və aksioloji cəhətdən dəyərləndirməsidir.
Bibliorafiyada əksini tapan tərtibçi, pedaqogika üzrə fəlsəfə doktoru Müjkan Məmmədzadənin də elmi rəhbəri haqqında qələmə aldığı fikirlər çox dəyərlidir: “Deyirlər günəşə hansı rəng şüşədən baxsan o rəng görünər. Şüşəni qırmalısan ki, işığın özü görünsün. Mən nəinki şüşələri, elmin qapılarını belə, qırdım Sizin sayənizdə, əziz müəllimim. Mənə olan inamınız, güvəniniz sayəsində elmin ən çətin sınaqlarından uğurla çıxdım. Bu gun daşıdığım “pedaqogika üzrə fəlsəfə doktoru” elmi dərəcəmə görə sizə borcluyam”.
Azərbaycan Respublikasının Təhsil İnstitutunun elmi katibi, pedaqogika elmləri doktoru, professor Akif Nurağa oğlu Abbasovun “Son söz əvəzi”ndə alimin Azərbaycan pedaqogika elminə verdiyi töhfələr belə təqdim olunur: “Professor Hümeyir Əhmədov Ali təhsilin keyfiyyətinin yüksəldilməsinin əsas komponentlərini müəyyənləşdirmiş, elmi dövriyyəyə yeni təhsilşünaslıq anlayışı daxil etmişdir. Təhsilin inkişafının qanunvericilik və normativ- hüquqi təminatını, təhsilin idarə olunmasının dövlət-ictimai əsaslarının formalaşdırılması, tədris müəssisələrinin nəzəri və praktiki cəhətdən müstəqilliyinin genişləndirilməsi sahəsində müxtəlif mexanizmləri təcrübədən keçirmiş, təhsilin məzmun və strukturunun yeniləşdirilməsi üzrə araşdırmalar aparmış, onların effektivliyi, tədris müəssisələrinin maddi-texniki bazasının təmin olunması yolları və s. kimi məsələləri qarşılıqlı əlaqədə və reallıqdan çıxış edərək müasir standartlara əsasən qiymətləndirmişdir”.
Qeyd edək ki, Professor Hümeyir Əhmədov 500-dən artıq elmi əsərin müəllifidir. Bunlardan 250-dən çoxu monoqrafiya, kitab, dərslik, dərs vəsaiti, metodik vəsait və proqramlardır. Əsərləri azərbaycan, türk, rus, gürcü və ingilis dillərində nəşr olunub. Çap olunmuş monoqrafiya, dərslik, dərs vəsaiti, proqram, kitab, metodik tövsiyə, metodik vəsait və elmi-publisistik məqalələrinin ümumi tirajı on beş milyondan artıqdır. Hümeyir Əhmədovun Azərbaycan və ingilis dillərində çap olunmuş “Azərbaycan Təhsilinin İnkişaf Strategiyası” adlı irihəcimli monoqrafiyasında ölkəmizdə təhsil siyasətinin istiqamətləri və təhsil sisteminin əsaslı surətdə yenidən qurulması, bu prosesin sosial - pedaqoji hadisələr baxımından müqayisəli təhlili əsas yer tutur.
Professorun həyatı ilə bağlı daha bir mühüm məqamın 2018-ci ildə Fransanın Paris şəhərində keçirilən kitab sərgisində “The Strategy of Education Development in Azerbaijan” monoqrafiyası və ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün yazdığı “Pedaqogika” adlı dərsliyi “Qızıl medal”la mükafatlandırılmasıdır. Bundan əlavə alim EUROPEAN SCIENTIFIC AND INDUSTRIAL COSORTIUM -un “LABORE ET SCIENTIA” ordeni ilə də təltif olunub.
Surə Seyid
Filologiya üzrə fəlsəfə doktoru, dosent
Bizi İnstagramda izləyin