EN

Fransanın Azərbaycanla Ermənistanın arasına girməsi Qərbdə də narazılıq doğurdu...

Image

Azərbaycan və Ermənistan arasında sülh prosesinə Fransanın əngəl yaratması artıq beynəlxalq miqyasda da açıq mətnlə bəyan edilir. Bu xüsusda ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Ceyms Uorlikin “news.am”a müsahibəsində səsləndirdiyi fikirlər də qeyd edilənlərin təsdiqidir. 

O bildirir ki, Ermənistanın özünü müdafiə etmək, Fransadan və ya başqa ölkələrdən silah almaq hüququ var, lakin sülh müqaviləsi imzalamağa yaxın olduğumuz üçün Parisin bu addımı Ermənistanla Azərbaycan arasındakı münasibətlərdə yeni təxribatçı elementdir. Ceyms Uorlik hesab edir ki, Fransa  Ermənistanla silah tədarükü ilə bağlı müqaviləni Azərbaycanla sülh sazişi imzalandıqdan sonra bağlamalı idi: “Ermənistanın müdafiə olunmaq hüququ var, ordusu olacaq, onu ləğv etməyəcək, sərhədlərini istənilən xarici təhlükələrdən qoruyacaq, lakin təəssüf ki, sülh sazişinə yaxınlaşdıqca belə bir addım çaşqınlıq yaradır və danışıqları daha da çətinləşdirir”. Xatırladaq ki, Fransa Ermənistana yaxın bir ildə 36 ədəd “Caesar” özüyeriyən artilleriya sistemi göndərəcək. Məsələyə rəsmi Bakının kəskin etirazı özünü çox gözlətməyib. Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə və yeni müharibə ocağının yaranmasına görə məsuliyyəti tam şəkildə revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Emmaneul Makron diktaturası daşıyacaq. Xatırladaq ki, bundan əvvəl də Fransa Ermənistana xeyli silah-sursat göndərib. Bundan başqa, 100-ə yaxın fransız ictimai-siyasi xadim Ermənistana silahlı qüvvələrin göndərilməsi xahişi ilə Emmanuel Makrona müraciət ünvanlayıb.

Müraciətdə Fransa hərbçilərinin “sülhməramlı contingent” şəklində Ermənistana göndərilməsinə çağırışın yer aldığı məlum olub. Artıq bunun üçün Ermənistan da müvafiq müraciəti Parisə göndərib. Bunlara paralel olaraq, Ermənistana daha çox silah göndərə bilmək üçün Fransa Ermənistanın KTMT-dən çıxmasını da istəyir. Elə Nikol Paşinyan hökuməti də buna nail olmağa çalışır. Ermənistan Respublikaçılar Partiyasının mətbuat katibi Eduard Şarmazanov bunu Rusiyaya xəyanət kimi qiymətləndirir: “Nikol Paşinyanın 2021-ci ildə yenidən seçilməsi üçün Rusiya əlindən gələni etdi. 2018-ci ilin may hadisələri zamanı Rusiya Dövlət Duması və Xarici İşlər Nazirliyi səviyyəsində İrəvana səfər edib, Nikol Paşinyanla görüşdü. Həmin dövrdə Paşinyan şəxsən Rusiya Prezidenti Vladimir Putini tərifləyirdi. Parlamentin sədri Alen Simonyan isə onda bəyan edirdi ki, Ermənistanda indiki kimi Rusiyayönümlü hakimiyyət olmayıb”. Eduard Şarmazanov bildirib ki, Rusiyanı Ermənistandan çıxarmaq üçün Paşinyanı hakimiyyətə gətirdilər. O əlavə edib ki, Ukraynada müharibə başlayandan sonra Paşinyana komanda verilib: “Qərb kuratorları onu hələlik KTMT-ni tərk etməyə çağırıblar. Hədəf Rusiyanın nüfuzunu sıfıra endirmək, onun buradakı mövqeyini zəiflətməkdir”.

Hələlik Ermənistan hakimiyyəti ona verilən təlimatları yerinə yetirir, bununla sülh prosesinə də xələl gətirir. Baş verənlər baş nazir Nikol Paşinyanın dedikləri ilə ziddiyyət təşkil edir. Paşinyan bildirir: “Biz artıq döyüşmək, əziyyət çəkmək, özümüzü qurban vermək istəmirik. Biz sadəcə yaşamaq istəyirik. Bu, xalqdan elitaya və hakim çoxluq kimi bizə bir mesajdır”. Hökumət başçısı bu mesajın əsl Ermənistanın ideologiyası olduğunu bildirib. Paşinyanın sözlərinə görə, xalq elitadan soruşur ki, onlar sadəcə yaşamağa, uşaqların xoşbəxt və firavan yaşamalarına şərait yarada biləcəklərmi? Siyasətçi bu suala yalnız dövlətin cavab verə biləcəyini vurğulayıb. Baş nazir əlavə edib ki, Ermənistanda son etiraz hərəkatı xalq əsl Ermənistana üstünlük verdiyi üçün uğursuzluğa düçar olub. Onun fikrincə, həyat ideologiyasını dövlət ideologiyasına çevirmək, vətəndaşların yaxşı yaşamaq istəyinə azadlıq vermək lazımdır. Lakin ortada dəyişməyən faktlar və reallıqlar mövcuddur. Fransanın təhriki ilə Ermənistan sülhə qarşı fəaliyyət həyata keçirir. Vaxtilə Azərbaycanla Ermənistan arasındakı münaqişənin guya "tənzimləmə prosesində" vasitəçi kimi rol alan Paris 30 ilə yaxın bir müddətdə bütün mümkün həll variantlarının baş tutmaması üçün əlindən gələni etdi. Nəticədə məsələnin hərbi həlli qaçılmaz oldu. İndi də Fransa regionda gərgin vəziyyət yaratmağa can atır. Düzdür, Fransanın regiondakı maraqları, Ermənistana açıq dəstəyi və Azərbaycana təzyiq göstərmək cəhdləri uğurlu nəticələr vermir. Azərbaycan hər zaman regionda sülhün tərəfdarı olub və bu istiqamətdə bütün addımları atır. Fransa isə bütün qeyri-konstruktiv hərəkətləri ilə sülh prosesinə təhdidlər yaradır. Amma özünə də ziyan vurur. Məsələn, insan haqları, demokratiya, beynəlxalq hüququn aliliyi məzmununda çağırışlar etməklə bir çox dövlətlərin daxili məsələlərinə burnunu soxan Fransa Azərbaycanın yaratdığı yeni reallıq fonunda qeyri-sağlam niyyətləri ucbatından bölgədə oyundan kənarda qalıb. Amma o da faktdır ki, regionda Ermənistan və Azərbaycan arasında yekun sülh prosesinə nail oluna bilinməməsində əsas maneə öz çirkin niyyətlərini həyata keçirə bilməyən Fransadır. Üstəlik, əgər əvvəllər Azərbaycana qarşı siyasətdə dövlətin mövqeyini ifadə etməyən, qanunverici hakimiyyətdə təmsil olunan ayrı-ayrı şəxslər, yaxud qeyri-hökumət təşkilatlarının nümayəndələri aktiv rol alırdısa, bu gün artıq Fransa açıq formada Azərbaycana münasibətdə beynəlxalq hüququn prinsiplərinə zidd mövqeyini gizlətmir. Ermənistan qəbul etməlidir ki, min kilometrlərlə kənarda yerləşən və bölgə ilə heç bir mənəvi, siyasi, hüquqi bağlılığı olmayan Fransa kimi subyektlərin erməni dövlətçiliyinin davamlılığı və erməni xalqının rifahı naminə ortaya qoyacağı heç nə ola bilməz. Azərbaycan isə regionda sülh üçün fəaliyyətini davam etdirir və bunu erməni tərəfi mütləq nəzərə almalıdır. 

Samirə SƏFƏROVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
89
50
baki-xeber.com

10Sources