EN

“İnsan, özü də hərbçi, qazi intihar etmək əvəzinə mübarizə aparmalı, öz haqqını tələb etməlidir...”-General-mayor

“Əgər hər hansı qazi hansısa məmura, icra başçısına-filana dəfələrlə ona kömək edilməsi, iş verilməsi üçün müraciət edibsə və onlar Vətən uğrunda qan tökmüş, əzasını itirmiş döyüşçünün xahiş və tələblərini qulaq ardına vurublarsa, həmin qazinin özünü yandırması da, o məmurların, üzr istəyirəm, vecinə olmayacaq. Odur ki, intihar heç cür çıxış yolu deyil...”
 
“Müharibədən çıxmış digər müasir, inkişaf etmiş ölkələrdə qazilərə, veteranlara hansı güzəştləri tətbiq edirlərsə, onların reabilitasiyası, müalicəsini hansı üsullarla edirlərsə, biz də mütləq onları tərbiq etməliyik. Bizim qalib Azərbaycan ordusunun veteranlarına vur-tut 80 manat müavinət vermək, vallah, gülüncdür...”
 
“Bir dəfə də sizin sayta açıqlamamda bu məsələyə toxunaraq göstərmişdim ki, istənilən çətinliklərə, sıxıntılara baxmayaraq insanın, özü də hərbçi, döyüşçü adamın dinc şəraitdə həyatına qəsd etməsi, özünü yandırması və ya güllələməsi qətiyyən doğru deyil və bu, acizlik əlamətidir. Əlbəttə, müharibədə, döyüş şəraitində elə gərgin, ekstremal situasiyalar yaranır ki, düşmənə təslim olmamaq və ya daha çox döyüşçü yoldaşının, yaxud dinc, mülki insanların həyatını xilas etmək üçün özünü bu və ya digər formada öldürməkdən savayı əlac qalmır. Təbii ki, bu anlaşılan, təqdir edilən haldır və müharibə şəraitində qəhrəmanlıq kimi dəyərləndirilir. Azərbaycan ordusunda da həm I Qarabağ müharibəsində, həm də 44 günlük savaşda da belə hallar çox olub. Amma bir də var, iqtisadi, maddi, sosial sıxıntılar ucbatından öz həyatına qəsd etmək, intihar etmək- bu, qəbul edilməzdir və heç Allah tərəfindən də bağışlanmaz”.
 
Bu fikirləri Moderator.az-a açıqlamasında sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev ifadə edib.
 
“İnsan, özü də hərbçi, döyüşçü, veteran, qazi həyatına qəsd etmək əvəzinə, çətinliklərə sinə gərməli,  mübarizə aparmalı, öz haqqını-hüququnu tələb etməlidir. Özü də əgər hər hansı qazi hansısa məmura, icra başçısına-filana dəfələrlə ona kömək edilməsi, iş verilməsi üçün müraciət edibsə və onlar Vətən uğrunda qan tökmüş, əzasını itirmiş döyüşçünün xahiş və tələblərini qulaq ardına vurublarsa, həmin qazinin özünü yandırması da, o məmurların, üzr istəyirəm, vecinə olmayacaq. Odur ki, intihar heç cür çıxış yolu deyil. Qazinin özünü öldürməsi ilə yalnız özü həyatdan gedir, ailəsi bədbəxt olur, anaları ağlar qalır, övladları varsa, onlar yetim qalır. Bu, yaxşıdırmı? Amma bir məsələ də var ki, bəzi döyüş iştirakçıları, qazilər keçirdikləri psixoloji sarsıntılar səbəbindən psixi xəstəliklərə düşar olurlar və onlar müalicə edilmədikdə sonda intihara əl atırlar. Belə hallar müharibədən çıxmış bütün ölkələrdə olur. Bu halda yenə də məsuliyyət müvafiq dövlət qurumlarının üzərinə düşür. Yəni həmin qurumlar qazilərin fizioloji müıalicəsi ilə yanaşı, psixoloji reabilitasiyası ilə də ciddi məşğul olmalıdırlar. Güman edirəm ki, heç olmasa, bundan sonra dövlət qurumları qazilərin intiharları problemiylə ciddi  məşğul olacaqlar. Parlamentdə bəzi deputatlar da bu mövzularda çıxışlarını eşidirəm. Dövlət Vətən uğrunda can qoymuş keçmiş döyüşçülərə qayğısını artırmalıdır. Mən qazilərin sağlamlığı, sosial durumuna cavabdeh olan qurum rəhbərlərinə, onların məmurlarına müraciət edirəm; sizin kabinetlərdə əyləşib rahat işləməyiniz üçün canını vermiş, qanını tökmüş, əzalarını itirmiş insanların ailələrinə, özlərinə qayğını artırın...  Müharibədən çıxmış digər müasir, inkişaf etmiş ölkələrdə qazilərə, veteranlara hansı güzəştləri tətbiq edirlərsə, onların reabilitasiyası, müalicəsini hansı üsullarla edirlərsə, biz də mütləq onları tərbiq etməliyik. Bizim qalib Azərbaycan ordusunun veteranlarına vur-tut 80 manat müavinət vermək, vallah, gülüncdür”, -deyə general-mayor vurğulayıb.
 
Sultan Laçın
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
24
1
moderator.az

2Sources