EN

Fransa Yeni Kaledoniyanı qan çanağına çevirir...

Image

Yeni Kaledoniyanın müstəqillik tərəfdarları liderlərinin Fransaya ekstradisiyasından sonra etiraz aksiyalarını bərpa ediblər. Bununla sözügedən müstəmləkə ərazisində vəziyyət yenidən qarışıb. Regional hakimiyyət iğtişaşların miqyasının genişlənəcəyindən narahatdır. 

O da vurğulanır ki, nümayişçilər yenidən yolları bağlayır və polis maşınlarını yandırırlar. Bundan əlavə, etirazçılar şimal kommunalarından birində bələdiyyə binasını yandırıblar, cənub kommunalarından birində isə əraziləri dağıdıblar. Bütün bunlara səbəb Yeni Kaledoniyada müstəqillik tərəfdarlarının lideri Kristian Teynanın Fransaya ekstradisiyası olub. Teyna adada zorakı etirazları təşkil etmək ittihamı ilə həbs olunub. Onunla yanaşı, daha altı tərəfdarı Yeni Kaledoniyadan ekstradisiya edilib. Onların hamısı Fransa həbsxanalarında olacaq. Onların ailələri və tərəfdarları belə bir qərar gözləmədiklərini bildiriblər. Müstəqillik tərəfdarı, ən böyük siyasi təşkilat olan Kaledoniya İttifaqının sədri Daniel Qoa Teyna və daha altı partiya rəsmisinin deportasiya edilməsindən təəccübləndiyini söyləyib. O, Teyna və başqalarının zorakılıqda ittiham olunması iddiasını rədd edib. Fransa prokurorları müstəqillik fəallarının materik Fransaya istintaqın heç bir təzyiq olmadan, sakit şəkildə davam etməsinə imkan vermək üçün göndərildiklərini deyib. Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron ötən ay Numeaya səfəri zamanı Teyna ilə görüşüb. Fransa Qvianasının sosial azadlığı və dekolonizasiyası naminə Hərəkatının üzvü Moris Pindar baş verənlər fonunda bildirir: “Hazırda Fransanın kolonizasiya siyasəti davam edir. Müstəmləkə keçmişinə malik Fransa qanlı müstəmləkə cinayətlərini və soyqırımı aktlarını bu gün də törətməkdə davam edir. Hazırda bütün dünyaya postmüstəmləkə dövrü barədə car çəksə də, Fransanın neokolonializm siyasəti hələ də davam edir. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etmir”. Yeni Kaledoniyanın Xarici məsələlər üzrə daimi müvəkkili Mikael Forrest isə bildirir ki, Yeni Kaledoniya siyasi səviyyədə çox kritik bir dövr yaşayır: “Bizim kimi kiçik, müstəmləkə keçmişi olan xalqlar üçün özümüz haqqında danışa bilmək, kim olduğumuzu, vəziyyətimizin necə olduğunu söyləmək həmişə vacibdir. Ümumiyyətlə, biz Fransanın müstəmləkəyə çevirdiyi əraziyik”. O bildirib ki, Fransa Yeni Kaledoniya xalqının öz müqəddəratını özünün təyin etməsi və müstəqil olması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir, konstitusiyaya, seçki qanunvericiliyinə müdaxilə edərək yerli xalqın hüquqlarını məhdudlaşdırmağa çalışır. Kanak işçiləri həmkarlar ittifaqının xarici əlaqələr üzrə koordinatoru Rok Haokas isə qeyd edir ki, Fransa hökuməti demokratik şəkildə seçkilərdə iştirakımızı əngəlləyir: “Çünki seçkilər bizim müstəqil olmağımıza imkan verə bilər”. Hüquq müdafiəçisi bildirib ki, Fransa Yeni Kaledoniya ərazisində yenidən iğtişaşları alovlandırır və bir çox siyasi fəallar həbs edilib: "Onların başına nə gələcəyini bilmirik. Yeni Kaledoniya sakinlərinin, xüsusən əsas etnik qrup olan kanak xalqının nümayəndələrinin müstəqillik ümidləri təzyiq altındadır".

O qeyd edib ki, iyunun 30-da Fransada növbədənkənar parlament seçkiləri keçiriləcək və hazırda ölkədə siyasi narahatlıq ən yüksək səviyyədədir: "Hava limanları bağlanılır, siyasi fəallar həbs olunur, uşaqlar, qadınlar, yaşlılar polis tərəfindən şiddətə məruz qalır və öldürülürlər. Fransanın Yeni Kaledoniyadakı zülmünə son qoyulması üçün biz bütün gücümüzlə mübarizə aparacağıq. Ötən müddət ərzində Azərbaycan höküməti bizim haqlı mübarizəmizdə yanımızda oldu. Mənim ölkəm böhran içindədir və biz Azərbaycandan yenə də kömək istəyirik. Ümid edirik ki, Bakı Təşəbbüs Qrupu bizim bu haqlı mübarizəmizi BMT-yə üzv olan ölkələrə çatdıracaq və beynəlxaq hüquq Fransanın bu əməllərini dayandıracaq".  Qeyd edək ki, Fransa hakimiyyəti burada müstəqillik ideyalarını boğmağa çalışır. Yeni Kaledoniya da daxil olmaqla Fransanın keçmiş müstəmləkələrində keçirilən aksiyalarda konkret tələblər qoyulur, müstəqilliyin vacibliyi irəli sürülür. O da faktdır ki, bunun səbəblərindən biri də Bakıda keçirilən çoxsaylı beynəlxalq konfranslar, forumlardır. Azərbaycan onlar üçün sadəcə öz problemlərini qabartmaq üçün bir tribunadır. Həmin tədbirlərdə keçmiş koloniyaları təmsil edən şəxslər bildirir ki, artıq müstəqil olmaq istəyirlər, idarə edilmək istəmirlər. Yeni Kaledoniyada baş verən son hadisələr bir daha göstərir ki, problemin dondurulması məqsədəuyğun həll yolu deyil və bölgənin qanuni sahibləri olan yerli əhalinin dekolonizasiya tələbləri ciddi şəkildə nəzərə alınmalıdır. Amma Fransa hələ də bu reallıqla barışmaq istəmir. Hazırda Fransa nekolonializminə qarşı başlanan beynəlxalq hərəkat genişlənir. Özü də bu hərəkat Bakıdan başlayıb. Bakı Təşəbbüs Qrupu bu məsələdə mühüm rol oynayır. 

Tahir TAĞIYEV





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
15
50
baki-xeber.com

10Sources