EN

Santuşun Bakıda isinməyə başlaması – KÖŞƏ

Azərbaycan millisinin yepyeni baş məşqçisi Fernando Santuş isinmə hərəkətlərinə başlayıb.

Deyəcəksiz ki, bu ilin oktyabrında 70 yaşını tamamlayacaq portuqaliyalı məşqçiyə nə isinmə hərəkəti? Adam qaçdığını qaçıb, isindiyini də isinib. Hətta gördüyünü də görüb. İndi onu nə isindirməyə ehtiyac var, nə də harasa qaçırmağa. Orasını düz deyirsiz. Təəssüf ki, AFFA biz deyəni demir, bizim kimi düşünmür. Ona görə də yaşının bu vaxtında Santuşa Lissabondakı malikanəsində istirahət etməyə imkan verməyiblər. Dartıb Bakıya gətiriblər ki, bəs Azərbaycan futbolunu inkişaf etdir, biz də gürcülər kimi Avropa çempionatının final mərhələsinə yüksələk. İndi bu Santuş da AFFA qarşısında götürdüyü öhdəçilikləri yerinə yetirmək üçün isinmə hərəkətləri edir.

Bəli, biz belə türkün sözü “girişimləri” çox görmüşük.
Almaniyalı Berti Foqts da belə başlayıb, italyan Canni de Byazi də. Elə bil bu əcnəbi mütəxəssislərin alınlarına dünyaya gələndə yazılıbmış ki, sizə yer üzündə cənnət həzzi yaşamaq üçün Azərbaycanda iş imkanı yaradacağıq. Təqaüd yaşınıza çatanda, öz ölkənizdə və Avropanın normal futbol təfəkkürünə malik ölkələrində heç kimə lazım olmayanda sizi Xəzər dənizinin sahillərinə aparacaqlar. Cibinizə pul qoyub, özünüzə də yer üzündəki cənnətin şəraitini yaradacaqlar ki, orda istirahət edəsiz. Sizin də vasitənizlə həmin o Azərbaycan adlanan ölkənin futbolunun başbilənləri özləri üçün təbliğat aparacaqlar, görüntü yaradacaqlar ki, sizinlə əl-ələ verib, futbollarını inkişaf etdirəcəklər. Heç nəyi vecinizə almazsız, əlinizdən tutan əl sizə ağırlıq etməyəcək, sizi milyonlara doğru dartıb aparacaq. Siz gününüzü Bakıda keçirin, yetərlidi. Bütün bunlar Foqtun, De Byazinin alın yazısı olduğu kimi, Santuşun da alnına yazılan taledi.

Hə, qayıdaq Santuşun Bakıdakı isinmə hərəkətlərinə. Nə imiş bu isinmə hərəkətləri? Portuqaliyalı mütəxəssis AFFA-nın baş katibi Sərxan Hacıyevi və digər AFFA rəsmilərini yanına alıb, Bakıdakı futbol meydanlarını gəzib. Ona paytaxtımızdakı stadionları göstəriblər, yaradılan şəraitlə tanışlıq olub. Bəh, necə də gurultulu səsləndi. Portuqaliyalı mütəxəssis elə həmin məqsədlə “Liv Bona Dea Arena”, Milli Komandaların Təlim-Məşq Mərkəzi, Bakı Olimpiya Stadionu, “ASCO Arena” və Tofiq Bəhramov adına Respublika stadionuna baş çəkib. Bu tanışlıq gəzintisindən çəkilmiş bir şəkil diqqətimi cəlb etdi. Bəlkə siz də onu görmüsüz. Mərdəkanın bürkülü havasının üzərinə geydiyi qara kostyumun da verdiyi isti əlavə olunan Santuş əllərini cibinə salıb, qayğılı şəkildə qazonun üzəriylə addımlayır.

Özü deməsə də, mən həmin vaxt Fernando Santuşun nə düşündüyünü təxmin edirəm. Fikirləşir ki, ay azərbaycanlılar, ay AFFA-nın başbilənləri, kim bu dənizin sahilimdə belə stadionun salınmasına qərar verib? Adam da çimərlikdə futbol meydançası salar? Dənizin sahilinə qumda günəşlənməyə, suda çimməyə gələrlər. Bir də kababdan yeyib, sərin pivə ilə həyatın dadını çıxarmağa. Qışda soyuq külək, yayda bürkülü hava həmin ərazidə nəfəs almağı çətinləşdirir, nəinki futbolçular orda topun arxasınca qaçıb, nəyə qadir olduqlarını göstərsinlər. AFFA isə bu ərazidə stadion tikib, gül kimi çimərlik ərazisini də şəhərimizin sakinlərinin və onun qonaqlarının əlindən alıb. Santuşun da ağlından həmin an qara kostyumunu çıxarıb, çimərlik paltarı geymək, özünü Xəzər dənizinin qumsal sahillərinə, dəli dalğalarına vurmaq keçib. Yayın istisində harda sərinlənmək olar? Əlbəttə, dənizin sahilində.

Santuşun bu gəzintisi AFFA-nın tərtib etdiyi iş planının bir hissəsi idi. Növbəti hədəflər də bəllidi. Portuqaliyalı mütəxəssis klublarımızın avrokubok oyunlarında tribunada görünəcək. Ordan çıxanda da jurnalistlərə qısa açıqlamalar verəcək. Deyəcək ki, avrokuboklarda çıxış edən klublarımızın heyətindəki yerli futbolçuların oyununa göz qoyub, onlarla bağlı qeydlər götürüb, perspektivi olanlar mütləq millinin növbəti toplanışında ondan dəvət alacaqlar. Ola bilsin ki, klublarımızın hansısa səfər oyununda da Santuş göründü. İsti yay günlərində Bakıda nə qədər vaxt keçirmək olar? Adamın lap ürəyi sıxılacaq. Ona görə də səyahətə çıxmağa, ara-sıra havanı-suyu da dəyişməyə ehtiyac var. Atalarımız demişkən, bununla da Santuş həm ziyarət edəcək, həm də ticarət. Deyəcəklər ki, kişi işləyir də, imkan verin.
Uzun sözün qısası, bizi qarşıda maraqlı günlər gözləyir. İşıqlı günlər görəcəyik, cocuqlar. Santuş isinməyə başlayıb.

AMAL

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources