EN

Silahlı Qüvvələr Gününə həsr olunmuş “Hədəf 12” gənclər arasında atıcılıq turniri keçirilib

Bakı, 25 iyun, AZƏRTAC

“Böyük Qayıdış” Gənclər Təşkilatı Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənc SİMA” İctimai Birliyinin tərəfdaşlığı ilə Bakı Atıcılıq Mərkəzində 26 iyun -Silahlı Qüvvələr Gününə həsr olunmuş gənclər arasında “Hədəf 12” atıcılıq turniri keçirib.

AZƏRTAC xəbər verir ki, gənclər tərəfindən böyük maraqla qarşılanan və artıq üçüncü ildir ki, həyata keçirilən turnirin təşkilində əsas məqsəd hərbi-vətənpərvərlik hissinin onlara aşılanması, bu idman növünə marağın artırılması və gənclərin asudə vaxtının səmərəli təşkilidir. Bu il turnirə 300-dən çox gənc müraciət edib. Müraciəti müsbət dəyərləndirilmiş 100 gənc komandalar şəklində turnirə qatılaraq qalibiyyət uğrunda mübarizə aparıblar.

Turnirdən əvvəl gənclər silahla davranış qaydaları, silahdan təhlükəsiz istifadə, müxtəlif hərəkətli və dayanıqlı hədəflərə atış, dəqiq nişanalma və digər təməl bacarıqlar haqqında peşəkar təlimçilərdən ətraflı məlumat əldə ediblər. Gənc qazilər turnirin formatına uyğun olaraq komanda kapitanı və təlimatçı kimi yarışa qatılıblar. 15 komandanın iştirak etdiyi və 3 mərhələdən ibarət turnirdə ən çox hədəfi vuran “Qafqaz Qartalı” komandası qalib elan olunub, “Canavarlar” və “Komando” müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Həmçinin ən yüksək nəticə ilə turnirin “Sərrast atıcı”sı müəyyənləşib.

Mükafatlandırma mərasimində iştirak edən Milli Olimpiya Komitəsinin və Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftahətdinova, Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri vəzifəsini icra edən Orduxan Qəhrəmanzadə, “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov qalibləri kubok, medal və sertifikatlarla təltif edib, onlara hədiyyələr veriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
20
azertag.az

1Sources