EN

Tural Vəlizadə: “İstənilən idman növünün inkişafı üçün büdcə çox önəmlidi” - MÜSAHİBƏ

Qolf əsasən Amerika qitəsində və Britaniya adalarında məşhur olan idman növüdü.

“Football-plus.az” xəbər verir ki, müsahibimiz Tural Vəlizadə isə Azərbaycanın istedadlı qolfçularından sayılır. O, həm ölkə daxilində, həm də başqa ölkələrdə keçirilən turnirlərdə bir sıra uğurlar qazanıb. Tural bəylə təkcə karyerası yox, qolfun ölkəmizdə inkişaf perspektivləri ilə bağlı da danışdıq.

Tural


- Tural bəy, əvvəlcə sizi oxucularımıza daha yaxından tanıtmaq istərdik. Qolfla məşğul olmağa necə başladız?
- Qolf üzrə milli komandanın üzvüyəm. Əslində bu, bizim ölkəyə və xalqa yad idman növüdü. Mənim uşaqlıq dövrümdə Azərbaycanda qolf klubu olmayıb. 1990-cı illərin sonu – 2000-ci illərin əvvəlində ölkədə qolf meydançası tapmaq mümkün deyildi. Mən də qolfla həmin vaxt tanış oldum.Televiziyada gedən verilişlərdə, kinolarda bu idman növünə tez-tez rast gəlmək olardı. Qolf yarışlarını müntəzəm izləyirdim. Hərbi xidməti başa vurandan sonra güllə atıcılığı ilə məşğul idim. Müəyyən məsələlərə görə orda alınmadı. Atıcılıqdan ayrılandan sonra qolfa yönəldim. 2014-cü ildə atamla televiziyada həmin idman növünə aid turnirə baxırdıq. O an qərarımı verdim. Azərbaycan Qolf Federasiyası ilə əlaqə saxlayıb, idmançı kimi qoşulmaq istədiyimi bildirdim. Qolfun sevdiyim cəhətlərindən biri odu ki, burda yaş həddi yoxdu. Aktiv idman növlərində 30-35 yaşdan sonra karyeranı bitirməli olursan. Amma burda 60 yaşa qədər çıxış etmək mümkündü. 50 yaşa qədər Olimpiadada, 60 yaşa qədər isə senyor kateqoriyada yarışa bilərsən. Bu cəhətlər mənim diqqətimi çəkdi. Beləcə qolfa yönəldim.

- İlk məşqçiniz və klubunuz haqda danışardız...
- Qolf klubuna getdiyim ilk gün orda bir neçə yerli məşqçilər var idi. Onlardan Rantik və Elşən Quliyevləri, Emin Zeynalovu qeyd edə bilərəm. Həmin mütəxəssislərin hər biri əcnəbi məşqçilərdən təlim görmüş şəxslərdi. İlk məşqləri onların nəzarəti altında keçdim. Lakin peşəkar təlimlərimə Şotlandiyadan olan Spenser Hendersonla başladım. Onunla məşqlərimizi Bakıda keçirdik. Həmin vaxt federasiyanın təşkilatçılığı ilə Henderson bu idman növünü inkişaf etdirmək üçün ölkəmizə gəlmişdi. Çalışdırıcı həm də milli komandanın baş məşqçisi kimi fəaliyyət göstərirdi. Onunla paralel koreyalı Kim Kuan Gillə də məşqlərimi davam etdirirdim. 10 ay federasiyada təlimlərimi davam etdirdim. Orda həm idmançı, həm də könüllü kimi çalışırdım. 2015-ci ilin martından rəsmi şəkildə “Xəyal adası” qolf klubunda işə başladım. Həmin yerdə də klubun gətirdiyi məşqçilərdən olan Maykl Suinni ilə birlikdə işlədik. Ardınca yenidən fərqli mütəxəssislərlə çalışdım. Məşqçilərin müqavilə müddəti bitəndən sonra yerinə kim gəlirdisə, həmin şəxslə də çalışmalara davam edirdim. Aleks Dey də bunlardan biridi.



- Qolfla məşğul olmağın hansı çətinlikləri var?
- Maraqlı sualdı. Bildiyiniz kimi, ölkədə cəmi iki qolf klubu var. Bunlardan biri Qubada yerləşir. Azərbaycanda fəaliyyətə başlayan ilk klub da oradı. Digəri isə Bakıda yerləşən “Xəyal adası” qolf klubudu. Bu idman növü ilə məşğul olmaq üçün geniş ərazi lazımdı. Həmin ərazi də peşəkar qolf sahəsi olmalıdı ki, orda prosesin necə irəlilədiyini anlayasan və məşqlərini ona uyğun davam etdirəsən. Bakıda olan qolf klubuna adamlar yalnız şəxsi avtomobili və ya taksi ilə gələ bilər. Çünki həmin əraziyə birbaşa ictimai nəqliyyat yoxdu. Bu da müəyyən çətinlik yaradır. Axı hər kəsin avtomobili yoxdu. Qolf elit, bahalı idman növüdü. Bu səbəbdən də adamlara əlçatmaz kimi görünür. Təbii, ölkəmizdə müəyyən ailələr var ki, onlar üçün bu mümkün deyil. “Hər kəs qolfla məşğul olacaq” deyə bir anlayış da yoxdu. Belə olan halda başqa idman növlərinə yönəlmək də mümkündü. Aylıq gəliri 1000-1500 manat olan şəxslər qolfla həvəskar səviyyədə məşğul ola bilər.

- Ölkəmizdə qolfa maraq hansı səviyyədədi?
- Artan dərəcədədi. Bu idman növü xalqa hələ yeni-yeni çatır. Baxmayaraq ki, qolf 2013-cü ildən etibarən Azərbaycanda var. Həmin vaxt yaradılan milli komanda və 2015-ci ildə istifadəyə verilən “Xəyal adası” qolf klubu buna nümunədi. Elə insanlar da var ki, hələ də məlumatı yoxdu ki, ölkəmizdə də qolf var. Bunun üçün təbliğat aparılmalıdı. Bu işlə ciddi şəkildə məşğul olmaq lazımdı.



- Azərbaycanda qolfa yönələn insanların yaş aralığı neçədi?
- Hazırda bunu müəyyənləşdirmək çətindi. Qolf ölkədə yeni populyarlaşmağa başladığından hər kəs maraq göstərir. Gənclər, orta yaşlılar və qoca nəsildən bir çox insanları görmək mümkündü. Hər kəs ən azı nə olduğunu, necə oynanıldığını görmək üçün qolf ərazilərinə gəlmək istəyir. Çoxları bunu televiziyada - kinolarda, idman yarışlarında görüb. Amma orda görməklə qaydaları, oyun üslubunu, harda başlayıb, harda bitdiyini bilmək olmur. Bu şeylər insanlara maraqlı gəlir.

- Azərbaycanda qolfun problemləri nələrdi? Niyə qolf başqa idman növləri qədər populyar ola bilmir?
- İstənilən idman növünün inkişafı üçün büdcə çox önəmlidi. Azərbaycanda istedadlı qolfçu çoxdu. Özüm də bunlardan biriyəm. Qolfa orta səviyyədə büdcə ayrılsa, yaxşı sponsorluq olunsa, qısa zamanda, hardasa 4-5 ildə dünyasəviyyəli turnirlərdə iştirak hüququ qazana bilərik. Bunlar mərhələli şəkildə olmalıdı. Alınsa, beynəlxalq yarışlarda çıxış edə, hətta mükafatçılar sırasına da düşə bilərik.

- İlk turnirinizə nə vaxt qatılmısız və hansı nəticəni göstərmisiz?
- Azərbaycanda ilk turnirə 22 yaşımda Qubada qatılmışam. 60 iştirakçı arasından 28-ci yerdə qərarlaşmışdım. İlk dəfə üçün bunun yaxşı nəticə olduğunu söyləmək olar. Çünki iştirakçılar arasında xeyli əcnəbi idmançı da var idi. Amma sonradan bir sıra uğurlara imza atmışam.

- Ümumilikdə hansı turnirlərdə iştirak etmisiz? Həm ölkə daxilində, həm də ölkə xaricində...
- Azərbaycanda dəfələrlə respublika birincisi olmuşam. Klubdaxili yarışlarda həm qızıl, həm də gümüş mükafatlarım var. Dəfələrlə ən azı ilk “3-lüy”ə düşmüşəm. Ölkəmizdə keçirilən iki beynəlxalq yarışda çempion olmuşam. Bunlar “Azerbaijan Open” və “Match Play Championship”di. İlkində 118 iştirakçı arasında qalib olmuşdum. İkincidə isə 64 idmançını qabaqlamışdım.

- Bəs ölkə xaricində hansı turnirlərə qatılmısız?
- İki ölkədə müxtəlif turnirlərə qatılmışdım. Qazaxıstan və Bəhreyndə ümumilikdə 5 yarışda qüvvəmi sınamışam. Qazaxıstanda Azərbaycanı iki dəfə təmsil etmişəmsə, Bəhreyndə üç dəfə çıxış etmişəm. Həmin turnirlərdə mükafatçılar sırasına düşə bilməmişəm. Lakin orta pillələrdə qərarlaşmışam. Qazaxıstanda 100 idmançı arasında 12-ci və 17-ci yerlərə layiq görülmüşəm. Əslində beynəlxalq yarış üçün heç də pis göstərici deyil. Azərbaycan qolfunun səviyyəsini nəzərə alsaq, bunu yaxşı saymaq olar. Bəhreyn yarışlarında isə 99 iştirakçı arasında 40, 42 və 47-ci pillələrdə qərarlaşmışam.

- Həmin turnirlərə öz hesabınıza yollanmısız, yoxsa federasiyanın dəstəyi ilə?
- 2016-cı ildən qolfa rəhbərlik edən federasiya rəhbəri istefa verdi. Beləcə federasiya 2022-ci ildə yenidən quruldu. Prezident isə Rauf Xəlilov seçildi. Məhz onun rəhbərliyi dövründə 5 yarışdan üçünə federasiyanın dəstəyi ilə yollanmışam. Qazaxıstan səfərlərimdə və Bəhreyn turnirində federasiyanın dəstəyi olub.



- Əlinizdə olsa, qolfla bağlı nəyi dəyişərdiz?
- Ümumiyyətlə, inkişaf planını yenidən nəzərdən keçirib, onu dəyişərdim. Çünki hər şey onun üzərində qurulur. Daha sonra isə təbii ki, maliyyə məsələsini yoluna qoymağa çalışardım. Bu idmanın inkişafı üçün vəsait lazımdı. Hardasa ildə 200 min manat olarsa, qolf hərəkətə başlaya bilər.

- Bəs infrastruktur məsələsi necə? Özünüz də dediz ki, ölkədə cəmi iki qolf meydançası var...
- Bunun üçün ilk öncə regionlara səfərlər etmək lazımdı. Baxmaq lazımdı ki, orda qolfa maraq hansı səviyyədədi. Çünki region insanı ilə paytaxt insanının dünyagörüşü fərqlidi. Həmin zonalarda yaşayan şəxslərin həyat səviyyəsi daha çətindi. Təhlil olunmalıdı ki, onların boş vaxt anlayışı nədən ibarətdi, boş vaxtları olanda hansı işlə məşğul olurlar. Bunların hamısı üçün zaman lazımdı. Öncə böyük şəhərlərdən başlamaq olar. Məsələn, Gəncədə qolf klub olsa, yaxşı olar. Həmçinin bura Mingəçevir, Sumqayıt, Naxçıvan, Lənkəranı da əlavə etmək olar. Həmin ərazilərdə əhali sıxlığı yüksəkdi. Sırf qolf klubu olmasa da, “drayvinq reync” yaratmaq olar. Buna təlim vuruşu da deyə bilərik. Qolf akademiyası kimi düşünə bilərsiz. Lakin orda təlimlər keçirilir. Uzunluğu 230 m, eni isə 100 m olur. Orda sırf qolf zərbələri öyrədilir. Belə sistem qurmaq gözəl olar.

- Qolfda başınıza gələn ən maraqlı hadisələrdən danışardız...
- Maraqlı, həm də təhlükəli bir xatirəm var. Qolf oynayarkən topum gölə yaxın düşdü. Onu götürmək üçün yollananda avtomobili gölə yaxın saxladım. Əslində bir qədər məsafə olmalıydı. Əyləc sistemini yaxşı bərkitməmişdim. Parkinq sistemini işə salmamışdım. Az qala avtomobil gölə yuvarlanacaqdı. Son anda saxlamağı bacardım. Lakin ön hissəsi, ön təkərlər artıq suda idi. Həmkarlarımla birlikdə durumu düzəltdik.

- Başqa idman növləri ilə aranız necədi?
- İdmanın bütün növlərini sevirəm. İdmana çox yaxın olan biriyəm.Qarşıdan Paris-2024 Yay Olimpia Oyunları gəlir. Səbirsizliklə gözləyirəm. Özüm qolfdan əlavə güləş azarkeşiyəm. Qeyd etdiyim kimi, güllə atıcılığı ilə, həm də cüdo ilə bir müddət məşğul olmuşam. Üzgüçülüyü, bodibuldinqi sevirəm. Futbolu da yaxından izləyirəm. Milli komandamızın və “Qarabağ”ın oyunlarını həmişə seyr edirəm. AFFA-da da rəhbərlik dəyişdi. Yeni baş məşqçi gəldi. Fernando Santuş Portuqaliya millisi ilə Avropa çempionu adını qazanıb. Ümid edirik ki, uğurlar qazanacaq, böyük turnirlərdə çıxış edəcəyik. “Qarabağ” insana həyəcan yaşadır, sevindirir. İstəyərdim ki, futbol klublarımızdan çempionluqlar görək. Düzdü, minifutbolda bu hissi bir dəfə yaşamışıq. Lakin bunu böyük futbolda görmək tam fərqli olardı.

- Qolfa yeni başlayanlara nə məsləhət görə bilərsiz?

- Əvvəlcə onu məsləhət görərdim ki, bu idman növünə hobbi kimi başlasınlar, qolfun fəlsəfəsini anlasınlar. Zərbə üslublarını öyrənsinlər. Çünki burda hər şey ondan asılıdı. Topa necə vurmalı olduqlarını mənimsəməlidilər. Qolfun əsası zərbədi.

- Sonda soruşmaq istəyirəm: qolf sizə nə qazandırıb?
- Qolf mənə çox şey qazandırıb desəm, yanılmaram. 2014 və 2024-cü illərə nəzər yetirsək, həyatımda çox şey dəyişib. Öncə keyfiyyətli əhatə qazanmışam. Bir sıra önəmli şəxslər, elit təbəqə ilə əlaqə qurmuşam. Yeni dost münasibətləri yaratmışam. Həmçinin daha da səbirli olmağı öyrənmişəm. Digər idman növləri ilə bağlı biliklərimi daha da artırmağa məcbur olmuşam. Bunlar hamısı gözəl şeylərdi. Qolf məni həmişə inkişafda saxlayır.

İSMAYIL XEYRULLAYEV
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
13
50
football-plus.az

10Sources