EN

“Ölkədə əksər hallarda peşə təhsilli mütəxəssislər çatışmır, onlar xaricdən cəlb edilməli olur” - Deputatdan təkliflər

Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Emin Hacıyev bir sıra vacib məsələlərdən bəhs edib.

Musavat.com-un məlumatına görə, deputat bildirib ki, hazırda ali təhsil müəssisələrinə qəbul imtahanları dövrü olduğundan bu sahəni əhatə edən mövzilara da diqqət çəkib:

“Bildiyiniz kimi, Azərbaycanda təhsilin bütün pillələrinin inkişafı ilə bağlı mühüm addımlar atılır, dövlət sərmayələri yatırılır. Bununla belə, təhsil sistemi ilə əmək bazarı arasında uyğunsuzluq mövcuddur. Bir tərəfdən, orta məktəbi bitirən hər kəs ali təhsil almağa can atır, universitet diplomu sanki dəbə çevrilib. Amma universitet illərində tələbələr demək olar ki, auditoriyadan kənara çıxmır, yalnız son kursda formal olaraq sözdə “təcrübə” keçirlər. Nəticədə ölkədə çoxlu sayda ali təhsilli işsizlər yaranır. Paradoks burasındadır ki, ölkədə həm də sözün əsl mənasında mütəxəssis çatışmazlığı yaşanır. İşçi qüvvəsinin ixtisaslarının işəgötürənlərin ehtiyaclarına uyğun gəlmədiyi bir bacarıq boşluğu yaranmaqdadır və bu, iqtisadi artıma və rəqabətə mane ola bilər”.

E.Hacıyev həmçinin əlavə edib ki, ölkədə əksər hallarda peşə təhsilli mütəxəssislər çatışmır, onlar xaricdən cəlb edilməli olur: “Düzdür, son illər ölkədə peşə təhsilinin inkişafına xüsusi diqqət yetirilir, bu sahəyə əvvəlki illərlə müqayisədə marağın artması müşahidə olunur. Amma bu proses ləng gedir. Azərbaycanda hər il orta məktəblərdən məzun olan 100-102 min nəfərin yalnız 10-12 faizi peşə təhsili müəssisələrinə yönəlir. Müqayisə üçün deyim ki, Almaniyada bu rəqəm 50-60 faiz, İsveçrədə 60-65 faiz, Niderlandda 40 faizdir. Hesab edirəm ki, Azərbaycanda peşə təhsili daha çevik hala gətirilməli, müxtəlif imtiyazlar vasitəsilə daha çox gənc peşə təhsili almağa stimullaşdırılmalı, sənayelərin ehtiyaclarına cavab verən yüksək keyfiyyətli təhsili təmin etmək üçün peşə təhsili kurrikulumu yenilənməli, praktiki təlim imkanları üçün bizneslərlə tərəfdaşlıq gücləndirilməlidir. Peşə təhsili sistemi iqtisadiyyatın drayverinə çevirilməlidir.

Bu sahədə beynəlxalq təcrübədən yararlanmaqda böyük fayda var. Peşə təhsilinin inkişaf etdiyi Almaniya, İsveçrə, Yaponiya kimi ölkələr sinifdə öyrənmə ilə iş yerində praktiki təlimi birləşdirən dual - ikili peşə təhsili və təlim sistemi ilə məşhurdur. Bu sistem mühəndislik, texnologiya, İKT, turizm və kənd təsərrüfatı kimi sahələrdə ixtisaslı işçilər hazırlamaq üçün yüksək qiymətləndirilir. Avstriya, Finlandiya, Niderland, Sinqapur, Cənubi Koreya da xüsusi praktiki təlimlərlə sənətkarlıq, ticarət və xidmət sahələrində belə mütəxəssislər hazırlayır. Azərbaycanda da Dual Təhsil Proqramının tətbiqinə başlanılıb. 2023-2024-cü tədris ilində 20 peşə təhsili müəssisəsini əhatə edən bu mütərəqqi yanaşmanın əhatə dairəsinin genişləndirlməsinə ehtiyac var. Təbii ki, qiymətli bilik və bacarıqlar əldə etmiş mütəxəssislər üçün ən yaxşı stimul yüksək əmək haqqı ilə yanaşı, müəyyən imtiyazlar və güzəştlərdir”.

Deputat konkret təklifini də səsləndirib: “Təklif edərdim ki, ölkəmizdə müxtəlif müəssisələrdə çalışan - peşə təhsilli mütəxəssislərə də MİDA-dan güzəştli şərtlərlə mənzil, həmçinin güzəştli avtomobil kreditləri əldə etmək imkanı təmin edilsin. Bu, son vaxtlar müşahidə edilən xaricə mütəxəssis axınının qarşısını alan əhəmiyyətli addımlar olardı”.

E.Paşasoy,
Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
5
musavat.com

1Sources