EN

Dövlət qulluğuna qəbulda "aprobasiya üsulu" rəğbətlə qarşılanmır...

Image

Nizami Hüseynov: “Ali məktəbi bitirən şəxsin təcrübəsi, səriştəsi olmur, səriştə işləyərək, zamanla toplanılır”

“Aprobasiya - çox vacib mərhələdir. Bu model əsasında biz, demək olar ki, iki il çox ciddi işləmişik. Bu prosesdə Avropadan gələn ekspertlər də iştirak edirdi. Hazırda biz bu modelin tətbiqinə başlayırıq - 2025-ci ildə müvafiq qanunvericilikdə dəyişiklik aparılandan sonra dövlət qurumlarına işə qəbul prosesini aprobasiya əsasında həyata keçirəcəyik".

Bunu Dövlət İmtahan Mərkəzi (DİM) və Dövlət Qulluğu üzrə Astana Regional Habın birgə təşkilatçılığı ilə "Dövlət qulluğunda səriştəəsaslı seçim və fəaliyyətin qiymətləndirilməsi" mövzusunda jurnalistlərə açıqlama verən DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O qeyd edib ki, səriştə modelinə əsasən, dövlət qulluğuna qəbul daha keyfiyyətli olacaq, həmçinin bütün prosesləri daha şəffaf keçirməyə imkan yaranacaq: "Burada təkcə dövlət qulluqçularının seçimi yox, eyni zamanda, rotasiyası və onların işinin qiymətləndirilməsi də yeni alətlərin istifadəsi ilə həyata keçiriləcək".

Qeyd edək ki, yeni qaydaya əsasən dövlət qulluğuna qəbul olmaq istəyənlər səriştəli, təcrübəli olmalıdır. Maraqlıdır, bakalavr və magistr təhsili alan şəxs necə səriştəli olmalıdır? Bu şəxs işləməlidir ki, səriştə toplasın.

“Dövlət qulluğunda çalışan şəxs daim yeniliklərlə tanış olmalı, öz biliyini inkişaf etdirməlidir” 

Təhsil eksperti Nizami Hüseynov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycanda qəbul imtahanları şəffafdır, qəbul imtahanlarına hər hansısa müdaxilə yoxdur, test imtahanlarına ciddi nəzarət var, qabiliyyət imtahanlarının formatı dəyişib: “Yəni proses şəffafdır. Birmənalı şəkildə imtahanların keyfiyyətini yüksəltməliyik. Aprobasiya vasitəsilə mövcud bilik və bacarıqları praktiki olaraq yoxlamaq mümkündür. Məlumdur ki, ali təhsil müəssisələri və bakalavr, magistr pillələri üzrə imtahanlarda abituriyentlər açıq suallarla tapdıqları cavabın izahını verirlər. Dövlət qulluğunda da belə praktika tətbiq oluna bilər. Bu tətbiqetmə bilik və bacarıqların yoxlanılması baxımından əhəmiyyət kəsb edəcək. Burada əsas üstün cəhət isə real biliyin daha dəqiq üzə çıxarılmasıdır”.

Ekspert hesab edir ki, dövlət qulluğunda çalışan şəxs daim yeniliklərlə tanış olmalı, öz biliyini inkişaf etdirməlidir: “Dövlət qulluğu istiqamətində xeyli yeniliklər həyata keçirilir. Səriştə deyəndə, imtahan verən şəxsin təcrübəsi nəzərə alınmır. Imtahan verən şəxs ya yazılı, ya da şifahi işləcəyi sahə üzrə müfaviq suala öz düşüncəsinə uyğun tərzdə cavab verməlidir. Təbii ki, ali məktəbi bitirən şəxsin təcrübəsi, səriştəsi yoxdur. Səriştə işləyərək toplanılır”.  

Günel CƏLİLOVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources