EN

Narkomaniyanın qarşısını almaq üçün hansı tədbirlər görülməlidir? - Təhlil

2023-cü ildə dispanser nəzarətində olan narkomanların sayı 36 min 659 nəfər olub ki, bu da əvvəlki illə müqayisədə 1562 nəfər və ya 4,5% çoxdur. Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının hesabatında deyilir. 
 
Ötən il narkoman qadınların sayı 230 nəfər artaraq 802 nəfər ə çatıb. 

Narkomaniyanın qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
 
Sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, narkotiklə mübarizə sahəsində görülən işlər metodoloji cəhətdən düz qurulmayıb. 
 
"Narkomanların sayının artmasına səbəb narkotiklərin  yayılmasına qarşı aparılan işin  düzgün qurulmamasıdır. Onlar elə bilirlər ki, qadağa qoymaq ilə bunun qarşısını almaq olar. Günü-gündən mürəkkəbləşən cəmiyyətdə qadağa qoymaqla problemləri həll etmək olmaz. Gərək həm qadağa qoyasan, həm də insanların özünü elə hazırlayasan ki, özləri bu işlərlə  mübarizə aparmağa həvəsli olsunlar”, - sosioloq deyib.

Qəşəmoğlunun sözlərinə görə, narkomaniyanın qarşısını almaq üçün məhəllələr üzrə sosial iş xidməti qurulmalıdır.

"Bunların qarşsını almaq üçün təəssüf ki, lazım olan tədbirlər görülmür. Azərbaycanda hər məhəllə üzrə sosial iş xidməti olmalıdır. Burada sosial işçilər işləməlidir. Narkomaniyanın qabağını polislə almaq mümkün deyil. İndiki vaxtda heç kimi nəyisə edib-etməməyə məcbur etmək olmur. Gərək insanı elə formalaşdırasan ki, o özü  bunu etməməyə çalışa.  Ona görə də, məhəllələr üzrə sahə polisi olduğu kimi sosial iş xidməti də olmalıdır. Narkobizneslə məşğul olanların sosial-psixoloji, sosial-iqtisadi portretini öyrənmək lazımdır ki, onlar buna niyə məcburdur? Bu olmadıqda nəyin ki, narkomaniya digər məsələlər də artacaq” , - Qəşəmoğlu vurğulayıb.
 
Psixoloq Zeynəb Əyyubova bildirib ki, narkomaniyanın artması bir neçə - psixoloji, sosial, iqtisadi səbəblərdən və mədəni faktorlardan qaynaqlana bilər.

" İnsanlar gündəlik həyatda yaşadıqları stress və təzyiqləri aradan qaldırmaq, psixoloji problemlər yaşayan insanlar rahatlamaq və özlərini daha yaxşı hiss etmək üçün narkotiklərdən istifadə edə bilərlər. Çətin ailə mühiti, münasibət problemləri, sosial dəstək və əlaqələrin zəif olması insanların narkotik maddələrə yönəldə bilər. Gənclər arasında narkotik maddələrə meyllərin artmasının səbəbi dostların təsiri ola bilər. Eyni zamanda işsizlik, maddi çətinliklər yaşayan insanlar reallıqdan qaçmağın yolunu narkotik maddələrə müraciət etməkdə tapırlar. Həmçinin narkomaniyanın vüsət almasının bir digər səbəbi narkotik maddələrin asan əldə edilməsidir”, - psixoloq deyib.
 
Psixoloqun sözlərinə görə, narkotik istifadəsinin qarşısını almaq üçün maarifləndirmə aparmaq, psixoloji, sosial dəstək göstərmək lazımdır.

"Məktəblərdə və universitetlərdə narkotik maddələrin zərərləri barədə məlumatlandırma proqramları təşkil etmək, media vasitəsilə geniş maarifləndirmə kampaniyaları aparmaq, psixoloji problemləri olan insanlara yardım etmək üçün psixoloq və psixiatr xidmətlərinin əlçatanlığını artırmaq, stress idarəsi və sağlıq psixologiyası üzrə təlimlər keçirmək, ailələrə və cəmiyyətə sosial dəstək proqramları təklif etmək lazımdır. Həmçinin narkomaniyanın qarşısının alınmasında sosial işçilər, məsləhətçilər aktiv rol oynayır”, - Əyyubova söyləyib.

Onun sözlərinə görə, narkotik maddələrin qanunsuz ticarətinə və istifadəsinə qarşı ciddi qanunvericilik tədbirləri görmək, polis və təhlükəsizlik orqanlarının bu sahədə fəaliyyətini gücləndirmək vacibdir.

Psixoloq həmçinin narkomaniya ilə mübarizə aparan insanlar üçün reabilitasiya və müalicə proqramlarının genişləndirilməsi, reabilitasiya mərkəzlərinin sayının artırılması və onların effektivliyinin yüksəldilməsinin zəruriliyini vurğulayıb.
 
Narkotizmlə Mübarizə İctimai birliyinin icraçı direktoru Kənan Qubadzadənin sözlərinə görə, bəzi insanlar maddi imkanlarının çox , əhatə dairəsinin pis olmasından dolayı bu cür vərdişlərə qurşanırlar.

"Narkotikə qurşanmada hər hansı maraq və istəkdən söhbət gedə bilməz. Heç kim istəməz ki, sağalmaz xəstəliyin aludəçiliyi olsun.  Narkotiki əlçatan edən insanların arasında olan yararsız narkokuriyerlərdi, onlar cəmiyyəti korlamaq üçün bu cür addımlar atırlar. Narkotikə aludəçilik insanların iradəsinin zəifliyindən irəli gəlir ki, bu da istər gənclərin, istər qadınların, istərsə də digər kateqoriyadan olan insanların bu cür pis vərdişlərə düşməsinə səbəb olur. Narkomaniya ilə mübarizə qalibsiz müharibədi. Nə qədər mübarizə tədbirləri aparılsa da, əsrlər boyu ona qalib gəlmək mümkün olmayıb. Yalnız rəqəmlərin qalxmasının və bununla bağlı tədbirlər gücləndirilir”, - icraçı direktor qeyd edib.

Qubadzadə bildirib ki, Azərbaycanda narkomaniya ilə mübarizədə tədbirlər çox şaxəli inkişaf edir.

"Ölkədə narkomaniya çox ciddi mübarizə aparılan bir sahədir.Bütün cinayət məsuliyyətli tədbirlərə qarşı operativ reaksiya verilir.
Hüquq-mühafizə orqanlarının ayıq sayıqlığı nəticəsində hər il mübarizə tədbirləri daha da güclənir, sürətlənir, ötən illərlə müqayisədə daha geniş maştabda aparılır. Quru sərhədlərin bağlı olması daha operativ və qısa bir arealda problemlərin həllinin aparılması üçün mütərəqqi addımdır”, - o əlavə edib.

Daha öncə deputat Fazil Mustafa Milli Məclisdə çıxışı zamanı narkoloji müalicələr istiqamətində özəl sektorun beynəlxalq təşkilatlardan qrant alması üçün şərait yaradılmasını təklif edib.
 
"Dövlətin bu istiqamətdə müalicəsi yetərli deyil. Ombusdman bu istiqamətdə təşəbbüs göstərə bilər. Özəl müəssisələrdə markotik müalicəsi var. Bu müalicə isə vəsait tələb edir. Siyasi məsələləri başa düşdük. Amma narkoloji müalicə ilə məşğul olan özəl sektora şərait yaradılmalıdır ki, beynəxalq təşkilatlardan grant ala bilsin. Özümüz həll edə bilmədiyimiz problemlərin həlli üçün yollar açmalıyıq. Beynəxalq təşkilatların da bu məsələlərdə dəstəyə maraqlıdır", - deputat deyib.
 
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva martın 5-də Milli Məclisdə qurumun 2023-cü il hesabatını təqdim edərkən ölkədə narkomaniyaya düçar olan şəxslərin müalicəsi üçün müasir üsullardan istifadə edilməsinin lazım olduğunu vurğulayıb.
 
İctimaiyyətin diqqətini narkomaniya ilə bağlı problemlərə yönəltmək məqsədilə BMT tərəfindən hər il iyunun 26-sı  Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü kimi qeyd olunur.
 
Aygün Mirakif

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
12
anews.az

1Sources