EN

Əhməd Əhmədovun xalası: “Əhmədin bu cinayəti təkbaşına törətdiyinə inanmıram” - Video

Ailəsinin 5 üzvünü - atası, anası, azyaşlı qardaşı, bacısı və onun 3 yaşlı qızını öldürməkdə ittiham olunan Əhməd Əhmədovun məhkəməsi başlayıb. Bizimyol.info xəbər verir ki, iyunun 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Hakim Səbinə Məmmədzadənin sədrliyilə keçirilən məhkəmə prosesində Əhməd Əhmədovun anket məlumatları dəqiqləşdirilib. Hakim bildirib ki, Əhməd Əhmədov anlaqsız hesab olunduğuna görə Xətai rayon İcra Hakimiyyətinin əməkdaşı Elçin Əhmədov onun qanuni nümayəndəsi qismində məhkəmədə iştirak edir. Əhməd Əhmədovun xalası Şəfaqət Bədəlova bununla əlaqədar məhkəməyə etiraz edib. O bildirib ki, özü hüquqi varis qismində tanınmaq üçün məhkəməyə müraciət etsə də, ona cavab verilməyib. Məhkəmə prosesində bununla əlaqədar səs-küy yaranıb və Şəfaqət Bədəlova məhkəmə zalından çıxarılıb. Əhməd Əhmədovun vəkili, həmçinin qətlə yetirilənlərin hüquqi varisləri məhkəmədə heç bir vəsatət qaldırmayıb. Məhkəmə baxışı iyulun 4-nə təyin olunub. Şəfaqət Bədəlova jurnalistlərə açıqlamasında bildirib ki, bu cinayəti Əhməd Əhmədovun tək törətdiyinə inanmır. Onun sözlərinə görə, Əhməd Əhmədovun qanuni nümayəndəsi qismində tanınması üçün dəfələrlə müvafiq qurumlara və Ali Məhkəməyə müraciət edib. O, istintaqdan da narazılıq edib: “Bacımın, bacım qızı Elmira Əhmədovanın, oğlu Məhəmmədin ölüsünü gözümlə görmüşəm. Sakit-sakit gözlədim ki, bəlkə istintaqı düzgün apararlar. Mən qanunla Pikə Əhmədovanın bacısı, Elmira və Məhəmməd Əhmədovların xalasıyam. Əhməd Əhmədovun doğma xalasıyam. Anası ilə onu birgə böyütmüşəm. Xəstə olduğunu danmıram, xəstə idi. Amma bu cinayəti tək törətdiyinə inanmıram. Mən xala olaraq, onun qəyyumu olmaq istəyirəm. Xəstə uşağın barmağını niyə sındırmısız? Həkimi axtarıram, tapılmır ki, soruşum”. Əhməd Əhmədovun xalası Şəfaqət Bədəlova / Foto: Aytən, Bizimyol.info İttihama görə, 25 yaşlı Əhməd Əhmədov Günəşli qəsəbəsində bacısı – 1997-ci il təvəllüdlü Elmira Əhmədova və onun 3 yaşlı qızını balta ilə qətlə yetirib. O, daha sonra Xətai rayonu, Əhmədli qəsəbəsində valideynlərinin yaşadığı evə gəlib. Öncə evdə olan atası, 1972-ci il təvəllüdlü Mehman Əhmədovu balta ilə öldürüb. Daha sonra anası Bikə Əhmədova və 9 yaşlı qardaşı Məhəmmədin gəlməsini gözləyib. Ana və uşaq birlikdə gələndə onların da eyni üsulla öldürüldüyü bildirilir. Qətlə yetirilən 47 yaşlı Bikə Əhmədova Bakıdakı 59 saylı məktəbin direktoru idi. Aytən, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources