EN

Polisin son sözü: Onsuz da məni öldürəcəklər, sən gizlən!

Mahaçqala və Dərbənddə törədilən terror aktları nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb, 51 nəfər yaralanıb.

KONKRET.az xəbər verir ki, RİA Novosti ölən polislərin sayının 16-ya çatdığını bildirib. Belə ki, yol polisi alayının 24 yaşlı inspektoru serjant, azərbaycanlı olduğu bildirilən Həbib Əliyev aldığı yaralardan dünyasını dəyişib.

Dağıstan Daxili İşlər Nazirliyinin mətbuat katibi Qayana Qariyevanın sözlərinə görə, terror aktı zamanı yerli sakinlərdən biri Həbib Əliyevə evinin qapısını açıb və orada gizlənməyi təklif edib. Lakin polis dinc vətəndaşa silahlıların hücum edə biləcəyini nəzərə alaraq, təklifi qəbul etməyib.

Polisin son sözləri belə olub: “Onsuz da məni öldürəcəklər, amma sən evə gir, sus və gizlən!”

Mülki sakinlər arasında 5 nəfər ölüb, daha 5 nəfərin şəxsiyyəti hələ müəyyən edilməyib. Həkimlər son dərəcə ağır vəziyyətdə olanların həyatı üçün mübarizə aparırlar. 13 yaralı isə ağır vəziyyətdədir.

Qeyd edək ki, 23 iyunda Dərbənd və Mahaçqalada silahlı yaraqlılar iki pravoslav kilsəsinə, sinaqoqa və yol polisi postuna hücum edib, terror aktları ilə bağlı cinayət işi açılıb. Bir keşiş də daxil olmaqla, hüquq-mühafizə orqanlarının əməkdaşları və mülki şəxslər həlak olub. Təhlükəsizlik qüvvələri beş yaraqlını öldürüb. Terrorçuların arasında Serqokalinski rayonunun rəhbəri Maqomed Ömərovun iki oğlu və bir qardaşı oğlu da olub.

M.Ömərov terror aktı baş verən gün dərhal saxlanılıb.

Chosen
124
konkret.az

1Sources