EN

Azərbaycanda atmosferi daha çox avtomobillər ÇİRKLƏNDİRİR: Bu problemi necə həll etmək olar? - TƏHLİL

Azərbaycanın qarşısında dayanan əsas ekoloji hədəflərdən biri də atmosfer havasına atılan çirkləndirici maddələrin, qazların miqdarının azaldılmasıdır. Ölkəmiz üçün bu məsələ hər zaman aktual olub. Lakin son 10-15 ildə çirkləndirici mənbələr üzrə baş verən dəyişikliklər Azərbaycanın qarşısında həlli vacib olan yeni hədəflər qoyub.

 

Sfera.az bildirir ki, sovetlər dövründə atmosfer havasına atılan çirkləndirici maddələrin miqdarı daha çox idi. 1990-cı ilin məlumatına əsasən, atmosfer havasına 2,85 milyon ton çirkləndirici maddə atılmışdı. Müstəqilliyin bərpa edilməsindən sonra ötən müddətdə çirkləndirici maddələrin miqdarı xeyli azalaraq 965 min tona düşüb. Atılan çirkləndirici maddələrin miqdarı xeyli azalsa da, mənbələrin payında ciddi dəyişiklik baş verib və illər ötdükcə qeyri-stasionar mənbələrdən atılan çirkləndirici maddələrin miqdarında artım müşahidə edilir.

 

Bu vəziyyət narahatçılıq doğurur və buna seyirci qalmaq doğru deyil.

 

Rəsmi statistik məlumatlara əsasən, Azərbaycanda atmosfer havasına atılan çirkləndirici maddələrin böyük hissəsi avtomobillərdən atılıb. Amma 1990-cı ildə çirkləndirici maddələr daha çox stasionar mənbələrdən, yəni zavod və fabriklərdən atılırdı.

 

1990-cı ildə 2,85 milyon tonluq çirkləndirici maddənin 2,11 milyon tonu stasionar mənbələrdən, 740 min tonu avtomobillərdən atılmışdı. Sonrakı illərdə stasionar mənbələrdən və avtomobillərdən atılan zərərli maddələrin miqdarı davamlı azaldı. 1998-ci ildə 756 min ton çirkləndirici maddə atıldı ki, bunun da 443 min tonu stasionar mənbələrin, 313 min tonu avtomobillərin payına düşürdü. İllər ötdükcə stasionar mənbələrin payında azalma müşahidə edilsə də, təəssüflər olsun ki, avtomobillərdən atılan zərərli maddələrin miqdarı nəinki azalmadı, əksinə ilbəil artdı.

 

2023-cü ilin məlumatına görə, atmosfer havasına atılan 965 min ton çirkləndirici maddənin 144 min tonu stasionar mənbələrdən, 821 min tonu avtomobillərdən atılıb. 1998-ci illə müqayisədən görünür ki, Azərbaycanda atmosfer havasının çirkləndirilməsində avtomobillərin rolu daha böyükdür və ildən-ilə vəziyyət bir qədər də pisləşir.

 

Çirkləndirici maddələrin daha çox avtomobillərdən atılmasının 2 əsas səbəbi var:

 

Birinci səbəb ölkəmizdə dizel və benzin mühərriki ilə çalışan minik avtomobillərin sayının artmasıdır. On il əvvəl 1,05 milyon ədəd benzin və dizel avtomobil olub. 2022-ci ildə belə minik avtomobillərinin sayı 1,38 milyona yüksəlib. Təbii ki, daha çox avtomobilin olması atmosfer havasına daha çox çirkləndirici maddələrin atılmasına səbəb olur.

 

İkinci əsas səbəb avtomobillərin köhnəlməsidir. Minik avtomobillərinin 84 faizinin istehsal tarixi 10 ildən çoxdur. Bütün minik avtomobillərinin 45 faizinin isə yaşı 20 ildən artıqdır. Avtomobillərin bu qədər köhnə olması onlardan atılan çirkləndirici maddələrin miqdarının artmasına səbəb olur.

 

Bəs problemi necə həll etmək olar?

 

Məsələnin həllinə kompleks yanaşma tətbiq edilməlidir. Yəni sadəcə bir tədbirlə vəziyyəti yaxşılaşdırmaq mümkün deyil. Vəziyyəti yaxşılaşdırmaq üçün bir tərəfdən dizel və benzinlə işləyən avtomobillərin ölkəmizə idxalı azaldılmalıdır, eləcə də avtomobillərdə istifadə edilən yanacağın keyfiyyəti artırılmalı, aşağı keyfiyyətli yanacağın satışı minimuma endirilməlidir. Digər tərəfdən, ekoloji cəhətdən təmiz olan avtomobillərin idxalı təşviq olunmalıdır və köhnə avtomobillərin istifadəsinə məhdudiyyət gətirilməlidir.

 

İlk növbədə Azərbaycana dizellə işləyən minik avtomobillərinin idxalı dayandırılmalıdır. Bununla bərabər, hazırda dizellə işləyən avtomobillərdən atmosferə daha az zərərli maddənin atılması üçün səsboğucu qurğulara xüsusi filtirlərin, katalizatorların quraşdırılması tələb olunmalıdır. Azərbaycanda ekoloji cəhətdən təmiz olmayan yanacaq növlərinin satışı da məhdudlaşdırılmalıdır.

 

“Avro-5” standartlarına cavab verən dizel və benzinin satış həcmi artırılmalı, “Aİ-92” oktanlı aşağı keyfiyyətli benzinin satışı minimuma endirilməlidir. Azərbaycan bu ildən “Aİ-95” benzinin istehsalına başlayır. Hökumət mümkün qədər daxili bazara “Aİ-95” benzinin satışını təklif etməlidir, “Aİ-92”nin satışı isə azaltmalıdır. Bu tədbirlərlə bərabər, daha köhnə olan avtomobillərin məcburi utilizasiyası həyata keçirilməlidir.

 

Əgər əvvəllər idxal edilən, hazırda olduqca köhnə olan nəqliyyat vasitələrinin hələ də istifadəsi davam etdirilərsə, o halda atmosferə atılan zərərli maddələrin miqdarını azaltmaq çətin olacaq.

 

Xatırladaq ki, Azərbaycan hökuməti ölkəmizə ekoloji cəhətdən təmiz avtomobillərin idxalı üçün ciddi stimullaşdırıcı tədbirlər də görür. 2023-cü ildən istehsal tarixindən 3 ilə qədər ötən elektik avtomobillərin idxalı rüsum və vergilərdən azad edilib. Qeyd edilən dəstək hesabına eyni kateqoriyalı elektrik avtomobillərinin idxalı benzin və dizellə işləyən avtomobillərlə müqayisədə daha ucuz başa gəlir ki, bu səbəbən də son iki ildə ölkəmizə idxal edilən elektrik avtomobillərinin sayında ciddi artım müşahidə olunur.

 

Yuxarıda qeyd edilən tədbirlər də görülərsə, Azərbaycanda avtomobil parkı tədricən yenilənəcək və atmosfer havasına atılan çirkləndirici maddələrin miqdarı azalacaq. Əks təqdirdə nəqliyyat parkının sağlamlaşdırılması üçün uzun müddət gözləmək lazım gələcək.

 

Vasif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
69
1
sfera.az

2Sources