EN

Aktyorların “ulduzunu parıldadan” REJİSSOR – Həsən Seyidbəylinin ANIM GÜNÜDÜR

Çəkdiyi filmləri ilə xalqın o qədər böyük sevgisini qazanmışdı ki, həmin dövrdə hansısa film ekranlara çıxanda, hamı soruşurdu ki, bu filmi Həsən Seyidbəyli çəkib? Elə bilirdilər, milli kinomuzda Həsən Seyidbəylidən başqa rejissor yoxdur. Elə bu gün də o filmlər milli kinomuzun şedevrləri siyahısında yer alıb.

“Nəsimi”, “Bizim Cəbiş müəllim”, “Qızmar günəş altında”, “O qızı tapın”, “Telefonçu qız”, “Uzaq sahillərdə”, “Möcüzələr adası”, “Cazibə qüvvəsi”, “Liftçi qız”, “Sən niyə susursan?”, “Xoşbəxtlik qayğıları” və daha neçə-neçə gözəl filmlər bəxş edən məşhur rejissorun bu gün anım günüdür.

Həsən Seyidbəyli o rejissorlardan idi ki, həm aktyoru çəkirdi, həm də onu öyrədirdi, kino üçün əsl peşəkar yetişdirirdi. Hazır aktyoru çəkib, filmlərini məşhur etmirdi. Tanınmamış, gənc, amma istedadlı aktyorun əlindən tutub, onu əsl kino adamına çevirməyi bacırırdı. Onlaradn biri də Xalq artisti, kinomuzda bir çox baş rolların oyunçusu Rasim Balayev idi. Həsən Seyidbəyli onu televiziyada görüb, “Nəsimi” filminə dəvət edəndə Balayev çox gənc idi. Hələ kinoda ilk addımlarını belə atmamışdı. Seyidbəyli riskə gedərək, onu “Nəsimi” kimi böyük ekran işində sınadı, nəticə mükəmməl alındı. Bu film Balayevin etiraf etdiyi kimi, aktyor taleyini həll etdi: ““Nəsimi” filmi taleiymi həll etdi, bu rolla sənətdə ya qalmalıydım, ya da getməliydim. Buna görə Həsən Seyidbəyliyə borcluyam”.

Onun sənət taleyinə işıq tutduğu aktrisalardan biri də Xalq artisti Xalidə Quliyevadır.

Aktrisa Yenicag.az-a açıqlamasında sevimli rejissorunu rəğbətlə yad edir:

“Həsən Seyidbəyli Azərbaycan kinosunda pafosdan uzaq bir kino üslubu yaratdı və çox sevildi. Sənətini sevdiyi üçün sevdirə də bildi. Həsən müəllimin filmlərində əsas qəhrəmanlar qadınlardır. Cəmiyyətdə qadının rolunu önə çəkmək onun filmlərində ana xətt kimi keçir.

Başqa heç kimin filmlərində o məqamı bu qədər qabarıq görmürük. Bu məqam onun ailəsinə olan sevgisindən irəli gəlirdi, öz həqiqətini çəkib ortaya qoyub. Yaradıcı insan öz həqiqətini çəkə bilmirsə, o əsər süni alınacaq. Bütün peşə sahiblərinə aiddir. Qadın varlığı, ana, qız, övlad Seyidbəyli üçün böyük dəyər daşıyırdı. Əxlaqi dəyərləri də çox yüksək olan bir şəxsiyyət idi Həsən Seyidbəyli”.

Bu gün kinomuzda dərin bir boşluq və durğunluq yaşanır və bu boşluq dərinləşdikcə də, Həsən Seyidbəyli kimi rejissorlarımızın yeri daha çox görünür.

Cəvahir

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
11
yenicag.az

1Sources