EN

Hökumətin rəqəmsal uğuru...

Dünya İqtisadi Forumu Azərbaycanın startaplar və innovasiyalar üzrə mühitini yüksək qiymətləndirib

Dünya İqtisadi Forumunun “IDEA: Azərbaycanın rəqəmsal iqtisadiyyatına investisiya” hesabatında Azərbaycanın müasir İT yenilikləri, startaplar və innovasiyalar üzrə yaratdığı əlverişli biznes mühiti müsbət qiymətləndirilib. Hesabatda vurğulanır ki, Azərbaycana birbaşa xarici investisiyaların əsas hissəsinin neft-qaz sektoruna daxil olmasına baxmayaraq, ölkədə fəaliyyət göstərən xarici investorların fəaliyyətinə diqqətlə nəzər saldıqda yeni investisiya layihələrinin əksəriyyəti maliyyə, biznes xidmətləri, proqram təminatı, İT xidmətləri və sənaye avadanlıqlarının istehsalı kimi sektorlarda cəmləşib. Bu isə Azərbaycanın sosial-iqtisadi inkişaf məqsədlərinə xidmət etməklə qeyri-neft sahələrinin inkişafını və özəl sektorun fəaliyyətini stimullaşdırıb. Yeni yaradılmış sənaye texnoparkları və biznes inkubatorları rəqabətli sənaye məhsulunun istehsal və ixracında əhəmiyyətli rol oynayıb.

Rəqəmsallaşma Azərbaycanın son illər iqtisadi idarəetməsinin ayrılmaz tərkib hissəsi kimi xüsusi olaraq ön plana keçməklə cəmiyyətin və ölkəmizin inkişafına yeni yol açmaqdadır. Bu istiqamətdə ortaya qoyulmuş qarşısıalınmaz dərin iradə ölkəmizi artıq qabaqcıl dünyanın rəqəmsal sənaye ailəsinin üzvünə çevirib. Dünya Bankının ötən il dərc etdiyi “GovTech Yetkinliyi İndeksi”nin hesabatında yüksək nəticələr əldə edən Azərbaycan yüksək rəqəmsallaşma səviyyəsinə görə ən yaxşı ölkələr qrupunda yer alıb. “GovTech Yetkinlik İndeksi”nə görə, Azərbaycan rəqəmsallaşma sahəsində hökumət sistemlərinin təkmilləşdirilməsi, vətəndaşlara təqdim olunan xidmətlər paketinin genişləndirilməsi, vətəndaş iştirakının təmin olunması və rəqəmsal texnologiyalardan istifadənin təşviqi üzrə yüksək qiymətləndirilib.

Həm Dünya Bankının, həm də Dünya İqtisadi Forumunun hesabatlarından da göründüyü kimi rəqəmsal quruculuğun inkişafına töhfə verən müasir sənaye modellərinin yaradılması Azərbaycanın dünya iqtisadiyyatının rəqəmsal transformasiyasına, yüksək texnologiyalara əsaslanan istehsal ekosisteminin formalaşdırılması prosesində fəal iştirakına geniş imkanlar açmaqdadır. Xüsusilə də bu modellərin ən mükəmməli hesab edilən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin yaradılması Azərbaycanın yeni sənaye texnologiyalarının tətbiqində qətiyyətli iradəsinin nümunəsidir. Yeni inkişaf trendlərinin tətbiqində ön sırada dayanan və rəqəmsal texnologiyaların ən əlverişli infrastruktur mərkəzlərindən birinə çevrilmiş Dördüncü Sənaye İnqilabı standartap platformasının formalaşmasında mühüm rol oynayır. Bu Sənaye Mərkəzi qabaqcıl texnoloji imkanlardan maksimum yararlanmaq, bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlıq və koordinasiyanı təmin etməklə, Azərbaycanın Dördüncü Sənaye İnqilabı sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığını əlaqələndirir, rəqəmsal sənaye çağırışlarını həyata keçirir. MDB məkanında yaradılmış ilk sənaye modeli olan bu Mərkəz Dünya İqtisadi Forumu ilə süni intellekt və maşınların öyrənilməsi, əşyaların interneti və şəhər transformasiyası, rəqəmsal ticarət və iqtisadiyyat platformaları ilə sıx əməkdaşlıq edir. Həmin əməkdaşlıq platformaları çərçivəsində hazırda iqtisadiyyatın rəqəmsallaşması sahəsində müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Azərbaycan hökuməti rəqəmsal iqtisadiyyat quruculuğu istiqamətində ən son innovasiyaların tətbiqində çox maraqlıdır və bu istiqamətdə genişmiqyaslı islahatlar həyata keçirir. Rəqəmsal İqtisadiyyat Strategiyası və “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” sənədləri çərçivəsində nəzərdə tutulan fundamental hədəflərin əsas qayəsi də dayanıqlı və rəqabətədavamlı rəqəmsal sənaye arxitekturasının möhkəmləndirilməsidir. Həmçinin, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində iqtisadiyyatın və cəmiyyətin rəqəmsal transformasiyası, rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması istiqamətində ciddi tapşırıqlar müəyyən edilib. Bu məqsədlə həmin sahələrə xarici investisiyaların cəlb edilməsi, sərmayə iqliminin daha da təkmilləşdirilməsi və bu istiqamətdə islahatların həyata keçirilməsi nəzərdə tutulur.

Rəqəmsal qanunvericiliyin təkmilləşdirilməsi də yuxarıda vurğuladığımız prioritetlərin tərkib hissəsidir. Yeni hazırlanan “İnnovasiya fəaliyyəti haqqında” qanun layihəsi isə rəqəmsal iqtisadiyyatın şaxələndirilməsi və hasilat sənayesindən asılılığın azaldılması üzrə milli baxışı özündə əks etdirir. Layihədə yeni innovasiya texnologiyalarının daha geniş tətbiqi məqsədilə birbaşa xarici investisiyaların artırılması üçün yeni sərmayə təşviqlərinin verilməsi nəzərdə tutulur.

Elbrus CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources