EN

Niyə 2026?

İrəvan yenə və yeni manipulyasiyaya əl atır...

Ermənistanın yenidən sülh mövqeyindən uzaqlaşması müşahidə edilməkdədir. Aprel-may aylarında vasitəçisiz təmasların ardından mövqeyində sülhlə bağlı ştrixlərin gözə dəydiyi İrəvan yeni manipulyasiyalara əl atır. Belə ki, hələ 2022-ci ildə Azərbaycanın irəli sürdüyü sülh şərtlərində Ermənistanın ölkəmizə qarşı əsassız torpaq iddialarından əl çəkməsi ilə bağlı məsələ vardı. Qeyd edək ki, bu iddialar Ermənistanın əsas qanununda - Konstitusiyasında yer alır. Belə ki, Ermənistanın Müstəqillik Bəyannaməsinin preambulasında “Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli “Ermənistan SSR-yə yenidən birləşmək haqqında” birgə qondarma qərardan bəhs olunur. Yəni, rəsmi olaraq Ermənistan hələ də 4.4 min kv km-lik Azərbaycan torpağına iddia ortaya qoyur. Bu əsassız iddianın aradan qaldırılması üçün isə mütləq şəkildə Ermənistan Konstitusiyasında zəruri dəyşikliklər edilməlidir. Azərbaycan dövləti rəsmi olaraq dəfələrlə bu məsələni önə çəkib - bildirilib ki, Ermənistan Konstitusiyasında yer alan bu iddialar aradan qaldırılmasa, sülh məsələsi reallaşa bilməz. 

Vurğulayaq ki, məsələ ilə bağlı dəfələrlə Ermənistanın siyasi rəhbərliyi fikirlərini bölüşüb - bu və ya digər şəkildə məsələnin öz həllini tapmalı olması onlar tərəfindən də etiraf edilib. Hətta ötən ay xalqa müraciətində baş nazir Paşinyan bu kimi əsassız iddialardan əl çəkilməsini Ermənistanın dövlətçiliyinin əsasının  qoyulması ilə bağlamışdı. Ardından isə Ermənistanın dövlət rəsmiləri hətta yaxın bir ay içində sülhə bağlı nəticələrin əldə olunması imkanlarından bəhs açmışdılar. Amma deyəsən, erməni məkri yenə də “öz sözünü deyir”...

Paşinyan yenə “gecikdirir”...

Erməni mətbuatının yazdığına görə, baş nazir Nikol Paşinyan 2026-cı ilin sonuna kimi yeni konstitusiya layihəsinin hazırlanması barədə tapşırıq verib. Qeyd olunur ki, Paşinyan Azərbaycanın Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı davam edən tələbi fonunda bu qərarı verib: “Qərardan əvvəl 2022-ci ildə yaradılan Konstitusiya İslahatları Şurası konstitusiya dəyişiklikləri layihəsi hazırlayırdı. Konsepsiyanın ilkin variantı 2024-cü ilin yanvarında hökumətə göndərilib. İndi Paşinyan yeni konstitusiya layihəsinin hazırlanmasını tapşırıb. Qərarda “Konstitusiyaya dəyişiklikləri” əvəzinə, “yeni konstitusiya” ifadəsinin yazılması açıq şəkildə qeyd olunub”.

Təbii ki, belə bir qərarın verilməsi Cənubi Qafqazda davamlı sülhün yaradılması üçün mühüm əsasdır. Amma məsələnin 2026-cı ilə qədər uzadılması bir az “düşündürücüdür”. Əgər Ermənistan qısa zamanda sülh imkanlarının formalaşması perspektivindən danışırsa, Konstitusiya dəyişikliyini nə üçün 2026-cı ilə qədər uzadır? Əgər ortadakı məsələ “yeni konstitusiya” məsələsidirsə, oradakı çatışmazlıqları da qısa zamanda aradan qaldırmaq olar. Yəni, bu məsələni iki il uzatmaq üçün heç bir bəhanə ola bilməz. 

Fransanın “Minsk qrupu” oyunu...

Diqqəti bir məqam çəkir - son aylarda Ermənistanın yenidən bəzi “havadarlarının” qoltuğuna sığınmağa çalışması açıq şəkildə müşahidə olunmaqdadır. Fransadan öldürücü silahların alınması məsələsi İrəvanın heç də sülhpərvər mövqeyinin nümayişi sayıla bilməz - tam əksinə, bu silahların alınması Ermənistanın revanşist arzularını hələ də yaşatmaq istəyini ortaya qoyur. Eyni zamanda, başqa dövlətlərlə bağladığı “sazişlər”, “müqavilələr”, yeni silahlanma prosedurlarına milyonlarla dollar vəsaitin “tapılması”, üstəlik hərbi təlimlərin reallaşdırılması onu göstərir ki, Paşinyan hakimiyyəti özü üçün “uğurlu fürsət” anını gözləyir. Sülhü “Konstitusiya dəyişikliyi” bəhanəsi ilə 2 il gecikdirmək niyyəti də buradan qaynaqlanır. Ermənistan açıq şəkildə özü üçün “münbit zəmin”in yaranmasını gözləyir. 

Burada digər diqqətçəkən amil rəsmi İrəvanın uzun müddətdir ki, davam edən ATƏT-in Minsk qrupunun tamamilə ləğv edilməsi məsələsindəki susqunluğudur. Bəlli olduğu kimi, Azərbaycan tərəfi bu il ərzində dəfələrlə beynəlxalq tədbirlərdə, eləcə də ikitərəfli görüşlərdə bu məsələyə diqqət çəkib. Bildirilib ki, Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini təmin edib, BMT TŞ-nın qətnamələri icra olunub. Artıq iki dövlət arasında bəzi regionlarda delimitasiya prosesinə də start verilib. Belə olan təqdirdə, ATƏT-in Minsk qrupunun hələ də saxlanılması məntiqəuyğun sayıla bilməz. Çünki qurumun yaranma səbəbi kimi qeyd edilən “Qarabağ münaqişəsi” artıq tarixə çevrilib, öz həllini tapıb. İndiki məqamda iki ölkə artıq vasitəçisiz təmaslara üstünlük verir. Beləliklə də, beynəlxalq hüquqa əsasən ATƏT-in Minsk qrupu tam şəkildə ləğv edilməlidir. 

Amma prosesin yubadılması müşahidə olunur - xüsusilə, Minsk qrupunun “həmsədri” olmuş Fransanın məsələdə tutduğu qeyri-adekvat mövqe sülhə mane olmaqla yanaşı, Ermənistanın yeni eskalasiyaya şirnikləndirilməsi kimi aydınlaşır. Artıq “iqtidar kreslosu” laxlayan Makron Ermənistan vasitəsilə özünə siyasi dividend qazanmağa çalışır. Ölkəsində yaşanan siyasi böhrandan, ciddi diskriminasiyadan, irqi-dini ayrı-seçkiliklərdən, islamofobiyadan diqqəti yayındırmaq üçün Makron yenidən özünün “erməni kartı”ndan istifadə etməyə niyyətlənir. 

Ermənistan sülhə gəlməsə...

Amma bu cəhdlər faydasızdır - Ermənistan qeyri-konstruktiv mövqedən əl çəkməyərək sülhə razılaşmasa, yeni müharibələr “axtarışına” çıxsa, bölgədə yeni təhdidlər formalaşdırmağa çalışsa, yenə də cavabını layiqincə alacaq. Fransa və ya başqa dövlət isə Ermənistana heç bir kömək edə bilməyəcək - necə ki, əvvəlki dövrlərdə edə bilmədi. Bu mənada, Ermənistanın qısa müddətdə konstitusiyasında labüd dəyişiklikləri etməsi və sülhü imzalaması onların özləri üçün ən yaxşı yoldur...

P.İSMAYILOV  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources