EN

Köhnələrin çoxu bu dəfə... – “Seçkiqabağı şirinlərə dönüb xalqı düşünənlər qeyri-səmimidir”

Məlum olduğu kimi, Milli Məclis Yeni Azərbaycan Partiyasını parlamentdə təmsil edən bəzi deputatlarının təklifinə əsasən növbədənkənar deputat seçkilərinin keçirilməsi üçün Prezidentə müraciət ünvanlayıb. Vurğulanıb ki, indiki zamanda belə bir müraciət edilməsinin bir neçə səbəbi var.

Bakıvaxtı.az-ın məlumatına görə, səbəblərdən biri ilk dəfə bütün ölkə ərazisində keçirilmiş prezident seçkilərindən sonra Azərbaycanda yeni dövrün tələbinə uyğun parlamentin formalaşdırılmasının zəruriliyidir. Növbəti seçkilərdə müstəqillik dövründə ilk dəfə olaraq Qarabağ və Zəngəzuru təmsil edən millət vəkilləri məhz bu ərazilərdə keçirilən seçkilər nəticəsində mandat alacaqlar.

Parlament seçkilərinin növbədənkənar keçirilməsini zəruri edən əsas səbəb isə seçkilərin vaxtının COP29 sammiti ilə eyni vaxta düşməsidir. Parlament seçkiləri 2024-cü il noyabrında keçirilməli idi. Amma həmin ay Azərbaycanda COP29 keçiriləcək. Belə bir mötəbər tədbirlə eyni vaxtda seçki kampaniyasının təşkili və səsvermənin keçirilməsi mümkün deyil. Seçkilərin vaxtının dəyişməsi həm COP29-u layiqli şəkildə keçirməyə imkan verəcək, həm də bu mötəbər tədbir zamanı ölkə parlamentinin tam fəaliyyətdə olması təmin ediləcək.

YAP-dan olan deputatlar məhz bu arqumentlər əsasında parlamentin buraxılması, vaxtından 2 ay əvvəl növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsü ilə çıxış ediblər.

Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev Bakıvaxtı.az-a deyib ki, Azərbaycan böyük bir missiyanı üzərinə götürüb və noyabr ayında COP29 tədbiri keçiriləcək:

"Tədbirdən öncə Azərbaycana qonaqlar gələcək, minlərlə şəxsin iştirak edəcəyi bir tədbirdən söhbət gedir. Ona görə də parlament seçkilərinin bir az qabağa çəkilməsi anlaşılandır. Yeni Azərbaycan Partiyası parlamentdə çoxluq təşkil edən partiyadır və YAP-ın təşəbbüsü də qanunçuluğun qorunmasına xidmət edir”.

Onun sözlərinə görə, parlamentin növbəti dəfə özünü buraxması ilə bağlı fikirlər söylənsə də, dövlət quruculuğunun tələbləri var. Demokratik qaydalara əməl edən dövlət bu cür addım atmalıdır:

“Avqusta çatmasa da, sentyabrın əvvələrində növbədənkənar seçkilər keçirilə bilər. Burada iki ay müddət məsələsi var və qərarın imzalanıb qüvvəyə minməsi təxminən sentyabrın birinci ongünlüyünə çəkər”.

Cümşüd Nuriyev: Yaxşı olar ki, köhnələrin çoxu ümumiyyətlə budəfəki seçkilərə qatılmasınlar, cünki onlar...

 Müsahibimiz vurğulayıb ki, parlamentimiz yeni dövrün tələblərinə uyğunlaşmalıdır. Əlbəttə, parlamentdə yeni simaların olması, yeni dönəmdə kimlərin mandat qazanacağı önəmlidir:

“Milli Məclisdə 4-5 çağırış oturub, heç bir iş görməyən deputatlar var. Seçkiqabağı şirinlərə dönüb xalqın taleyi haqqında düşünməyə başlayanlar qeyri-səmimidir. Bu adamlar özlərinə hörmət etmirlər, heç olmasa seçicilərinə hörmət qoysunlar".

“Parlament danışanların məskənidir” deyən C.Nuriyev qeyd edib ki, bütün məsələlər siyasi təhlil və tənqidi təfəkkür üzərində qurulmalıdır:

“Çox təəssüf ki, bizim parlamentdə bu məqam çatışmır. Keçən dəfə özünü buraxan parlamentə təzədən 83 nəfər eyni adam seçildi. Yaxşı olar ki, köhnələrin çoxu ümumiyyətlə budəfəki seçkilərə qatılmasınlar. Çünki ötən müddət ərzində özlərini cəmiyyətə çox "yaxşı" tanıdıblar. Bir adam 5 il ərzində seçicilərinə heç nə verə bilmirsə, balıq kimi lal oturursa, ona nə ehtiyac var? Belə köhnə Şərq təfəkkürlü adamlardansa, müasir parlamentçiliyə Qərb təfəkkürlü gənclər daha uyğundur. Amma bütün parlamentlarilər mütləq milli təfəkkürlü olmalıdır. Milli təfəkkür olan yerdə nəinki parlament, dövlət də güclü olur".

Aydın Baxış

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
33
1
bakivaxti.az

2Sources