Lənkəran rayonunun Girdəni kəndi ərazisində yanğın hadisəsi qeydə alınıb.
İki mərtəbəli, 16 mənzilli binada yanğınla bağlı Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinə məlumat daxil olub. Dərhal əraziyə FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri, texnika və canlı qüvvəsi cəlb olunub. Qısa müddət ərzində yanğın lokallaşdırılıb.
Yanğının söndürülməsi zamanı mənzillərin birində 1934-cü il təvəllüdlü Əcəbnaz Əsgərəli qızı Əsgərovanın meyiti aşkar edilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları baxış keçirib. Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Fakt üzrə rayon prokurorluğunda araşdırma aparılır.