EN

DİM: Ötən il 1494 abituriyent 600-dən yuxarı bal toplayıb

DİM:

Bakı, 24 iyun, AZƏRTAC

2023-cü ildə imtahanlarda I–IV qruplar üzrə 78506, V qrup üzrə 103007 (orta ixtisas təhsili müəssisələri üzrə birlikdə 108188 nəfər) abituriyent iştirak edib. Ali təhsil müəssisələrinə qəbul imtahanlarında 6207 abituriyent 500-dən, o cümlədən 1494 abituriyent 600-dən yuxarı bal toplayıb. 600 və ondan yuxarı bal toplayanların ixtisas qrupları üzrə paylanmasına gəlincə, qeyd etmək lazımdır ki, onların 38.55 faizi (576 nəfəri) I qrupun, 11.24 faizi (168 nəfəri) II qrupun, 24.83 faizi (371 nəfəri) III qrupun, 25.37 faizi (379 nəfəri) IV qrupun abituriyentləridir.

AZƏRTAC xəbər verir ki, bu, Dövlət İmtahan Mərkəzinin (DİM) 2023-cü ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı “Abituriyent” jurnalının 12-ci nömrəsində dərc edilib. Elmi-statistik təhlillər 2023-cü ildə DİM tərəfindən keçirilən müxtəlif səpkili imtahanların ayrı-ayrı istiqamət və çoxsaylı parametrləri üzrə aparılıb. Təhlillər DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin rəhbərliyi ilə yerinə yetirilib.

DİM-də aparılan elmi-statistik təhlilin nəticələri hamı üçün açıqdır. Bu nəticələr respublika pedaqoji ictimaiyyəti, təhsil qurumları və müəssisələri rəhbərlərinin iştirakı ilə keçirilən müxtəlif səviyyə və miqyaslı konfrans və görüşlərdə müzakirə edilir. Bununla da təhsillə bağlı strateji əhəmiyyətli qərarlara yol açılır.

Burada ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə, rezidenturaya, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının, ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə əsasən təhsilin həm ümumilikdə ölkə üzrə, həm də ayrı-ayrı bölgələr və məktəblər üzrə göstəriciləri, bunların əsas parametrləri əhatəli şəkildə araşdırılıb, təklif və tövsiyələr irəli sürülüb.

Jurnalın elektron versiyasını DİM-in saytında əldə etmək olar. DİM tərəfindən yaradılmış mekteb.edu.az portalından istifadə etməklə hər bir rayonun istənilən məktəbi barədə statistik məlumatlarla tanış olmaq mümkündür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
26
azertag.az

1Sources