EN

Felipe Azərbaycana qayıdır: “Cütün favoriti “Makkabi”dir”

Azərbaycanda “Şamaxı” və “Qəbələ” klublarının formasını geyinmiş braziliyalı yarımmüdafiəçi Felipe Santosun futbolinfo.az saytına müsahibəsi

– İsraildə işləriniz necə gedir? Karyeranızı yenə “Hapoel” (Hayfa) klubunda davam etdirəcəksiniz?

– Digər ölkələr kimi, İsraildə də mövsüm başa çatıb. Növbəti sezona harada başlayacağıma hələ aydınlıq gəlməyib. Hazırda gözləmə mövqeyi tutmuşam, gələcək karyeramla bağlı qərar verməliyəm.

– Bizdə olan məlumata görə, Azərbaycan klublarından təklif almısınız. Ölkəmizə qayıtmaq ehtimalınız nə dərəcədə realdır?

– Bəli, doğru məlumatdır. Azərbaycandan təkliflərim var. Yaxın vaxtda yekun qərarımı verəcəyəm. Tezliklə hamı yeni komandamın adını biləcək.

– Hansı klublarımızla danışıq apardığınızı açıqlaya bilərsiniz?

– Məsələ dəqiqləşməmiş bunu açıqlamağım düz çıxmaz. Dəqiqləşsin, sonra hər kəs biləcək.

– Ölkəmizdə oynamadığınız müddətdə Azərbaycan futbolunu izləyirdiniz?

– Bəli, Azərbaycan Premyer Liqasını həmişə diqqətdə saxlayıram. Son mövsümdə də nələrin baş verməsindən, hansı nəticələrin qeydə alınmasından xəbərdaram.

– Sabiq komandanız “Qəbələ”nin Premyer Liqanı tərk edəcəyini gözləyirdiniz? Sizcə, buna nə səbəb oldu?

– “Qəbələ”nin Premyer Liqadan düşməsinə üzüldüm. Son mövsümdən əvvəlki sezonda “Qəbələ” yaxşı çıxış etdi, ölkə kubokunun qalibi oldu. Keçən mövsüm isə komanda zəif təsir bağışladı, nəticədə aşağı liqaya düşdü. Açığı, iki mövsüm arasındakı böyük fərqin səbəbini anlamadım.

– Sizcə, “Qəbələ” 1 ildən sonra Premyer Liqaya qayıda biləcək?

– Ümid edirəm ki, “Qəbələ” ən qısa zamanda Premyer Liqaya qayıdacaq. Hamı bilir ki, “Qəbələ” Azərbaycan futbolunda tarix yazmağı bacarıb, komanda 2 dəfə Avropa Liqasının qrup mərhələsində oynayıb.

– “Sabah” klubu UEFA Konfrans Liqasında Hayfa “Makkabi”si ilə üz-üzə gələcək. Kimi bu cütün favoriti sayırsınız? Sizcə, “Sabah” “Makkabi”ni mübarizədən kənarlaşdıra bilər?

– “Makkabi” İsrailin ən böyük klublarından biridir. Təəssüf ki, püşk “Sabah”a məhz “Makkabi”ni rəqib etdi. Lakin futbolda hər şey mümkündür. “Sabah” ümidini itirməməlidir. Amma razılaşaq ki, bu cütün favoriti “Makkabi”dir.

FƏRİD

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
12
futbolinfo.az

1Sources