EN

Bakı kəndlərində su qıtlığı yaşanır

Yayımlandı: 24 İyun 2024 13:23 Suyun məhdudiyyətlə verilməsi sakinləri narazı salıb Paytaxtın qəsəbə və kəndlərində içməli suyun məhdudiyyətlə verilməsi ilə bağlı şikayətlər artıb. Sakinlər deyirlər ki, bəzən günlərlə su üzünə həsrət qalırlar. Bir maşın suyu 30-40 manata alırlar ki, o da uzaqbaşı 3-4 gün bəs edir. Bilgəh qəsəbəsində bir neçə gündür içməli su vaxtlı- vaxtında verilmir. Bunu Meydan TV-yə qəsəbə sakini İntiqam Hüseynov bildirib. Onun sözlərinə görə, bununla bağlı bir neçə dəfə “Azərsu” Səhmdar Cəmiyyətinə şikayət edib. “Hər yay mövsümündə eyni problemi yaşıyırıq. Hava isti olan kimi su verilişi dayandırılır və ya təzyiq aşağı salınır”,– şikayətçi söyləyib. Təkcə Bilgəhdə deyil, Binə qəsəbəsinin Sovxoz adlandırılan ərazisində də sakinlər su problemi yaşayırlar. Qəsəbə sakini Zaur Əliyev deyib ki, Xəzər rayon Sukanal İdarəsinə demək olar ki, gündə bir neçə dəfə şikayət edirlər. Lakin tədbir görən yoxdur. Eyni zamanda, Nardaran qəsəbəsində də içməli su verilməsində problemlərin olduğu deyilir. Sakinlərin sözlərinə görə, Nardarandaki istirahət mərkəzlərinə, məşhur çimərliklərə su verildiyi halda onlar saatlarla, bəzən günlərlə susuz qalırlar. Maştağanın Savalan yaşayış sahəsində də suyun verilməsində məhdudiyyətlər yaranır. Qəsəbə sakinləri deyirlər ki, su bəzən gecələr o qədər aşağı təzyiqlə verilir ki, bir vedrəni doldurmaq üçün yarım saatdan çox gözləmək məcburiyyətində qalırlar. Son iki həftədir su üzünə həsrət qalıblar. Sabunçu qəsəbəsi M.Qasımov küçəsində də su yalnız gecə saatlarında gəlir. Amma təzyiq olduqca aşağı olur. Paytaxtın Qaraçüxur, Qaradağ qəsəbələrində də suyun verilişində problemlər olduğu yazılıb. Novxanı qəsəbəsi sakini Sədi Quliyevsə bildirib ki, yay gələndən maşınlarla su alırlar. Salatın Əsgərova küçəsində də günlərlə su olmur. Sakinlər bir neçə dəfə imza toplamaqla şikayətlər ediblər, amma nəticəsi olmayıb. “Sakinlərdən bəzilərinin su almağa imkanı yoxdur. “Qaynar xətt” xidməti isə hər dəfə müraciətlərin qeydə alındığını söyləməklə sakinləri yola verir”, – sakinlər deyir. ”Azərsu” Səhmdar Cəmiyyətindən Meydan TV-yə bütün müraciətlərin qeydə alınaraq tədbir görüldüyünü söyləməklə kifayətləniblər. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
42
1
xural.com

2Sources