EN

Baqajınız itərsə və ya zədələnərsə, nə etməlisiniz?

Baqajınız
Baqajın itirilməsi sərnişin üçün arzuolunmaz haldır. Zədələnmiş və ya sınmış baqaj isə xoşagəlməz nəticələrə səbəb ola, unudulmaz səfərin xoş təəssüratlarına təsir edə bilər. Baqajını aviaşirkətə həvalə edən sərnişin həm özünün, həm də baqajının təhlükəsizliyindən, eləcə də əşyalarının bütövlüyündən əmin olmaq istəyir.
Aviaşirkət sərnişin qarşısında Varşava Konvensiyası və Monreal Konvensiyası, habelə daşınma qaydaları çərçivəsində məsuliyyət daşıyır. Səyahət zamanı baqajla bağlı problemlərlə qarşılaşsanız, aviaşirkətlərin qaydalarında fərqləri nəzərə alaraq nə edəcəyinizi bilmək xüsusilə vacibdir. Sizi AZAL-ın nümunəsi üzərindən proseduru izləməyə dəvət edirik. AZAL-ın daşınma qaydalarına əsasən sərnişinin baqajı rəsmiləşdirildikdən sonra onun qorunması və daşınmasına görə məsuliyyəti aviaşirkət öz üzərinə götürür. Bunun təsdiqi olaraq aviaşirkət biletdə yerlərin sayı və qəbul olunan baqajın çəkisi barədə qeydlər edir və sərnişinə baqajın eyniləşdirmə birkasının talonunu verir. Biletdə qeydiyyata alınmış baqajın çəkisi haqqında qeyd olmadığı təqdirdə, qeydiyyata alınmış baqajın tam çəkisinin pulsuz daşınma normasından artıq olmadığı hesab edilir. İtirilmiş və tapılmış baqaj (“Lost and Found”) Baqaj itdikdə, əskik gəldikdə, zədələndikdə, habelə daşınma zamanı yubadıldıqda, eləcə də baqaj qəbzi (baqaj birkası) olmadan baqaj təhvil verildiyi hallarda nöqsan aşkar edildikdən dərhal sonra sərnişin aeroportun rejim zonasından çıxmazdan əvvəl “Lost and Found” masasına müraciət etməlidir. Baqajın daşınması zamanı nöqsanların mövcud olması haqqında akt (PIR – “Property Irregularity Report”) tərtib edilir və bu akt sərnişin və aviaşirkətin nümayəndəsi tərəfindən imzalanır. PIR aktı baqajı axtarmaq üçün istifadə olunur, bu səbəbdən forma tələb olunan qaydada doldurulmalıdır. PIR aktında pasport məlumatları, əlaqə vasitələri, uçuşun və baqaj birkasının nömrələri, həmçinin çamadanın təsviri və içindəki əşyalar göstərilir. Formanı doldurduqdan sonra sərnişinə dörd hərf və altı rəqəmdən ibarət ərizə sənədinin nömrəsi verilir. Misal: GYDJ2 12345. PIR aktında qeyd edilən telefon nömrəsinə gələn bildirişlərə nəzarət edilməsi tövsiyə olunur, çünki baqaj tapıldığı halda həmin nömrəyə SMS göndəriləcəkdir. Bilmək vacibdir Baqaja zərər vurulduğu hallarda sərnişin aşağıda qeyd edilən müddət ərzində kompensasiya üçün yazılı iddia irəli sürmək hüququna malikdir: - Baqaj məhv edildiyi, zədələndiyi və ya əskik gəldiyi hallarda – zərər aşkar edildikdən dərhal sonra, lakin baqajın alındığı tarixdən 7 gündən gec olmamaqla; - Baqajın daşınması ləngidildiyi hallarda – baqaj sərnişinin sərəncamına verildiyi tarixdən 21 gün ərzində. Baqajın zədələnməsi zamanı yalnız cızıq, batıq və nəmlənmə kimi hallar aşkarlanarsa, haldan asılı olaraq aviaşirkət “AZAL MİLES” proqramı vasitəsilə sərnişinin mövcud və ya yeni hesabına 500-ə qədər səyahət balları əlavə etməlidir. Baqajın təkərlərinin və ya tutacaqlarının qırılması, baqajın deşilməsi, habelə baqajın istifadəyə tam və ya qismən yararsız olması kimi hallar baş verdiyi təqdirdə xidmət üzrə agent tərəfindən sərnişinə yeni baqaj təklif edilir. Baqaj və ya yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Baqaj və ya yük daşıyıcı tərəfindən daşınmaya qəbul edildikdən sonra 3 (üç) ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır. Bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi, zədələnmə və ya qismən məhv olma ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır. Sərnişin baqajın itməsi ilə bağlı əlavə dəstək üçün [email protected] elektron poçt ünvanı və ya (+994 12) 497-26-00 (daxili nömrələr 78-80, 78-81 və 22-05, 30-81) nömrəsinə müraciət edə bilər.

Əksər hallarda baqaj bir neçə gün ərzində tapılır.

Chosen
69
1
1news.az

2Sources