EN

Lənkəran Şəhər İcra Hakimiyyəti müharbə veteranına cavab verdi

Lənkəran Şəhər İcra Hakimiyyəti Modern.az saytında 22 iyun 2024-cü il tarixli "Vətən müharibəsinin qazisi iş istəyir: kömək edən yoxdur" başlıqlı yazıda səsləndirilən fikirlərə reaksiya verib.

Modern.az İcra Hakimiyyətinin mövqeyini təqdim edir.

“Lənkəran şəhər sakini, Vətən müharibəsi iştirakçısı Zəkiyev Arzuman Bayram oğlunun mediada banka olan borcunun Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) tərəfindən ödənilməsinin tələb olunmasına, onun maddi yardımla və eləcə də işlə təmin olunması ilə bağlı müraciətinə biganə yanaşılmasına dair səsləndirdiyi iddialara cavab olaraq bildiririk ki, Zəkiyev Arzuman 2023-cü ilin sonlarında Lənkəran ŞİH-ə maddi yardımla təmin olunmaq üçün müraciət edib.
Lakin şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti başa çatdığına görə adına bank hesabı açılması və bank vasitəsilə adına pul köçürülmə əməliyyatını icra etmək mümkün olmayıb. Problem aradan qaldırıldıqdan sonra 2024-cü ilin aprel ayında ona maddi yardım göstərilib.  

Bank borcunun ödənilməsi ilə bağlı iddialara cavab olaraq bildiririk ki, yerli icra hakimiyyətinin hər hansı vətəndaşın bank borcunu ödəməsini tələb etməsi səlahiyyətlərinə aid deyil və bu istiqamətdəki iddialar absursddur. 

Vətəndaşın işlə təmin olunmasına gəlincə, bildiririk ki, qanunvericiliyə görə, işlə təmin olunmaq məsələsi Dövlət Məşğulluq Agentliyinin səlahiyyətləri çərçivəsində həll olunur. A.Zəkiyev də Lənkəran-Astara Regional Məşğulluq filialında iri buynuzlu mal-qara ilə təmin olunmasından ötrü qeydiyyata alınıb, 2024-cü ilin 11 yanvar tarixli monitorinqlərə cəlb edilib, lakin adında aktiv əmək müqaviləsi göründüyü üçün vətəndaşın özünüməşğulluq proqramından yararlanmasına imtina verilib. A.Zəkiyevə aktiv əmək müqaviləsini vergilər idarəsində ləğv etdikdən sonra yenidən məşğulluq filialına müraciət edərək qeydiyyata alınması tövsiyə edilib.

Bir daha bildiririk ki, Lənkəran ŞİH vətəndaşların bütün müraciətinə həssaslıqla yanaşır, bu istiqamətdə dövlət başçısı cənab İlham Əliyevin tapşırıq və tövsiyələrini gündəlik fəaliyyətində prioritet vəzifə olaraq müəyyənləşdirib. Həssas təbəqədən olan sakinlərimizə qarşı xüsusi diqqət və qayğı göstərilir, hər birinin şəxsi problemlərinin həllindən ötrü bütün imkanlar səfərbər edilir. A.Zəkiyevin də adı aztəminatlı ailələrin siyahısına daxil edilib, gələcəkdə imkanlar yaranacağı təqdirdə ona yenidən maddi yardım göstəriləcəkdir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
36
modern.az

1Sources