Bakı, 24 iyun, AZƏRTAC
“Azərbaycan qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmayıb”.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bunu Baş prokuror Kamran Əliyev Xankəndi şəhərində keçirilən “Ətraf mühitin gücləndirilməsində maarifləndirmə və hüquq mühafizə tədbirlərinin rolu” mövzusunda elmi-praktiki konfransda deyib.
Baş Prokuror bildirib ki, kənd təsərrüfatı, su resursları, enerji, meşə, turizm, səhiyyə sektoru və sahilyanı zonaları Azərbaycanda iqlim dəyişikliyinə həssasdır: “Bu problemə qarşı mübarizədə diqqətin artması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Prezident İlham Əliyev 2023-cü il dekabrın 25-də 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam imzalayıb. Bu Sərəncam Azərbaycanın qlobal təşəbbüslərə ilk qoşulan ölkələrin sırasında olduğunu bir daha sübut edir. Digər tərəfdən dövlət başçımızın 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi bütün il ərzində bu sahədə fəaliyyətimizi genişləndirəcəyimizdən və ətraf mühitin qorunması istiqamətində görüləcək işlərin xeyli dərəcədə intensivləşəcəyindən xəbər verir".