EN

Qalstanyan danışır, Paşinyansa yayın keyfini çıxarır- TƏHLİL

Ermənistanda maraqlı proseslər gedir. İqtidar mənsubları özlərinin yay tətili keyfini çıxarır. Xüsusən də baş nazir Nikol Paşinyan. O gah veliosepedlə yürüş edir, gah həyat yoldaşı ilə “pub bar”da əylənir, gah da ki, çəmənlikdə poz verir. Sanki, ölkədə və hətta onun ətrafında baş verənlərin ona heç bir aidiyyatı yoxdur. Bununla parallel Ermənistanda apreldən başlayan mitinqlər davam edir. Etirazçılar Paşinyan və onun komandasının istefasını tələb edir.

Aprelin 19-dan ortaya atılan “Vətən uğrunda Tavuş” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyansa gündə bir çağırış. Bir bəyanat verir. Və yeri gələndə baş naziri ən ağır şəkildə təhqir etməkdən belə çəkinmir. Özü də üsyankar keşiş başına yığdığı revanşistlərin hərəkətini müxalifət hərəkatı deyil, milli azadlıq mübarizəsi adlandırır.

Danışmaqda yorulmayan keşiş ötən gün yenidən baş nazir Nikol Paşinyanın hərəkatla bağlı bəyanatına cavab verib.

Nəzərə alaq ki, Paşinyan bundan əvvəl etiraz hərəkatının iflasa uğradığını bildirib. Onun sözlərinə görə, bu, ona görə baş verib ki, erməni cəmiyyəti xalqdan götürülmüş və hakimiyyət tərəfindən rəsmiləşdirilən “real Ermənistan” ideyasını başa düşür və qəbul edir.

Amma Baqrat Qalstanyan bu fikri qəbullanmır. Müqəddəs Anna kilsəsinin həyətində mitinq başlamazdan əvvəl jurnalistlərlə söhbətində Qalstanyan bu sözü xatırlayıb.

Qalstanyan jurnalistlərlə söhbətində “Cücəni payızda sayarlar” deyib.

Onun sözlərinə görə, hərəkat etiraz və ya müxalifətdən uzaqdır. O,iddia edib ki,  bu, bütün təzahürləri ilə milli-azadlıq mübarizəsidir.

“Hakimiyyətin proqramı Ermənistanı iflasa uğratmaqdır, bizim proqramımız onlara nəinki buna imkan vermək, həm də onları aradan götürməkdir”, - deyə Qalstanyan bildirib.

Maraqlıdır ki, bütün ittihamlara rəğmən Qalstanyanın sıraları seyrəlir.

İlhamə Qiyas, News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
16
news365.az

1Sources