EN

Bəşəriyyəti rahatsız edən iqlim problemlərinin həlli yollarının Azərbaycanda axtarılması ölkəmizin siyasi çəkisinin bir qədər də artmasına yol açacaq


Azərbaycan dünyanın enerji balansını əsaslı şəkildə dəyişdirməyi hədəfləyən, yeni enerji strategiyasının reallaşdırılmasında lokomativ rolunu oynayan ölkələrdən birinə çevrilməkdədir. Bir neft və qaz ölkəsinin son illər ərzində yaşıl enerji istehsalı sahəsində atdığı addımlar, yalnız neft hasil edən ölkələr üçün deyil, ənənəvi enerji resursları olmayan ölkələr üçün belə yaxşı nümunədir. Biz bir çox sahələrdə dünya ölkələrinin diqqətini cəlb edən nümunələr yaratmışıq. İndi də dünya Azərbaycanın alternativ enerji mənbələrinin yaradılması sahəsindəki uğurlarını diqqətlə izləməkdədir.

Bakıda keçirilmiş Enerji Həftəsi çərçivəsində yaşıl energetikanın inkişafı ilə bağlı keçirilən müzakirələr, Prezident İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirin iştirakı ilə Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlinin qoyulması dediklərimizin sübutudur.

Yaşıl energetika sahəsində mövcud potensialın reallaşdırılması istiqamətində atılan addımlar yaxın zamanlarda Azərbaycanı alternativ enerji mənbələri hesabına istehsal ediləcək enerjinin təminatlı ixracatçılarından birinə çevirəcəkdir. Bu sahədə ölkəmizin çox etibarlı, böyük maliyyə resurslarına malik və eyni zamanda yetərli təcrübəsi olan, dünyaca məhşur kompaniyalarla əməkdaşlıq etməsi böyük önəm kəsb edir. “ACWA Power” və BP sərmayədarlarımızın sırasına Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” kimi şirkətinin qoşulması bu sahədə yeni uğurların qazanılmasının əsasını yaradır. Bu şirkət 17 il əvvəl BƏƏ-nin rəhbərliyinin uzaqgörən baxışlarına əsaslanılaraq, iqtisadiyyatı şaxələndirmək və davamlı inkişaf problemlərini həll etmək üçün yaradılmışdı. Və bu gün “Masdar” artıq innovasiyaların təşviqi, iqlim neytrallığını dəstəkləmək üçün tərəfdaşlıqların genişləndirilməsinə yönəlmiş dünyanın ən böyük bərpa olunan enerji şirkətlərindən biridir. “Masdar” 40-dan çox ölkəni əhatə edən layihələr portfelinə malikdir. Şirkətin ümumi istehsal gücü 20 giqavatdan çoxdur ki, bu da 5 milyondan artıq evi elektrik enerjisi ilə təmin etmək üçün kifayətdir. Şirkətin altı qitədə yayılmış qlobal investisiya portfeli 30 milyard dolları ötür.

“Masdar” indi Azərbaycanın bərpaolunan enerji sahəsində strateji tərəfdaşıdır. Ötən ilin oktyabrında ölkəmizdə şirkətin sərmayəsi hesabına qurulmuş 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışı oldu. Şirkətlə imzalanmış 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələr və anlaşma memorandumları icra olunacaqdır.

Bu ilin noyabr ayında Bakıda keçiriləcək və bütün dünyanın diqqətini özünə cəlb edəcək COP29 kimi bir tədbirə ev sahibliyi etməklə Azərbaycan yaşıl energetika sahəsində müəyyən etdiyi kursa sadiqliyini bir daha ortaya qoymuş olacaq. Bəşəriyyəti rahatsız edən iqlim problemlərinin həlli yollarının Azərbaycanda axtarılması ölkəmizin siyasi çəkisinin bir qədər də artmasına və yaşıl enerji istehsalı üçün yeni investisiya axınına yol açacaqdır.

Fikrət Yusifov, iqtisad elmləri doktoru, professor
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
60
newscenter.az

1Sources