EN

Xankəndidə doğulan ilk azərbaycanlı körpənin atası Prezidentə məktub YAZDI

36 ildən sonra – bu ilin aprelində Xankəndidə dünyaya gələn azərbaycanlı körpənin atası Prezident İlham Əliyevə məktub yazıb.

Modern.az-ın məlumatına görə, məktubda deyilir:

“Möhtərəm cənab Prezident, rəşadətli Azərbaycan Ordusunun Ali Baş Komandanı!

Sizi təkrarolunmaz gözəlliyə sahib, azad Qarabağ torpaqlarından salamlayıram. Allah Sizin diqqət və qayğınızı Azərbaycan xalqının üzərindən əskik etməsin. Allah Sizin uzaqgörən siyasətiniz və hamıya bərabər bölünmüş ədalətinizlə, müdrik rəhbərliyinizlə Xalq, Ordu, Dövlət birliyimizi qorusun!

Mən 36 ildən sonra Xankəndi şəhərində dünyaya göz açmış körpə İlhamın atasıyam. Oğlum anadan olan gündən ailəmiz xüsusi diqqət və qayğı ilə əhatə olunub.

Mən çox qürurluyam ki, mənim ailəmdə də bütöv Azərbaycanın sərhədlərini qoruyan əsgər böyüyəcək və oğlum Xankəndi şəhərində boya başa çatacaq. Mən fəxr edirəm ki, oğlum Azərbaycanın adını zirvələrə daşıyan Prezidentin, Ordumuzu Qələbəyə aparan Ali Baş Komandanın adını daşıyır!

Sizin əzminiz sayəsində işğaldan azad olunan torpaqlarımıza qayıdış prosesi davam edir. Bizim kimi gənc ailələr Sizin sayənizdə Vətən, torpaq, xalq sevgisini böyük coşqu ilə yaşayırlar. Övladımın Xankəndi şəhərində dünyaya gəlməsi üçün göstərdiyiniz köməyə, hazırda Xankəndi şəhərində xidmət dövründə yaşamaq üçün mənə və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşlarına yaradılmış mənzil şəraitinə görə təşəkkürümü bildirirəm.

Hörmətli cənab Prezident, Sizin diqqət və qayğınızla hər nəfəsində, hər kəlməsində Vətən olan bir nəsil yetişir. Azərbaycan üçün etdiyiniz hər şey üçün ailəmiz adından Sizə dərin minnətdarlığımı bildirirəm.

Dövlətimiz daim var olsun!

Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.

Allah Azərbaycanımızı qorusun! 

Hörmətlə,

Abbas Abdullayev, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşı”.
 

Xatırladaq ki, bu ilin aprelində Xankəndidə doğulan İlham adlı körpənin valideynləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Qarabağ Regional Sukanal İdarəsinin Xankəndi şəhərində çalışan əməkdaşları Abdullayev Abbas Məmməd oğlu və Namazlı Səadət Faddin qızıdır.

Onların ilk körpəsi doğulandan sonra ailəyə Xankəndi şəhərində mənzil verilib.

A.Qorxmaz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
77
1
modern.az

2Sources