EN

Qəbələ və Oğuzdan olan ana və övladları sertifikasiya imtahanında yüksək nəticə göstəriblər

Qəbələ

Qəbələ-Oğuz, 22 iyun, AZƏRTAC

Qəbələ və Oğuzdan olan ana və övladları sertifikasiya imtahanında yüksək nəticə göstəriblər.

AZƏRTAC xəbər verir ki, “Tərəqqi” medallı Məhəbbət Şirinova ömrünün 41 ilini müəllim peşəsinə həsr edib. O, Qəbələ şəhər 1 nömrəli tam orta məktəbdə çalışır. Bir neçə il sonra təqaüd yaşı tamam olacaq. Məhəbbət müəllimin qızı Günel də imtahanda yüksək bal toplayıb.

Qəbələ Rayon Təhsil Sektorundan verilən məlumata görə, riyaziyyat fənni üzrə sertifikasiya imtahanlarına 170 müəllim qatılıb və onlardan 70 nəfəri 51 və daha çox bal toplayıb. Onların arasında 17 ilik pedaqoji təcrübəyə malik Məhəbbət müəllimin qızı Günel də var. O da anası qədər 57 bal toplayıb.

Günel müəllimdən öyrənirik ki, babası Nəcməddin nəinki rayonda, eləcə də respublikada tanınmış riyaziyyatçılardan olub. O, babası sayəsində bu peşəni sevib və anasından riyaziyyatın sirlərinə yiyələnib.

Ümumiyyətlə, Qəbələ şəhər 1 nömrəli məktəbdən imtahanlara 11 müəllim qatılıb və onlardan 7-si 51 baldan yuxarı nəticə göstərib.

Qəbələdə söhbətimizi tamamlayıb üz tuturuq Oğuzun Qumlaq kəndinə. Burada bizi İsrafilovlar ailəsi qarşılayır. Sitarə müəllim və oğlu Fərid də riyaziyyat fənnindən yüksək bal toplayıblar.

Otuz üç ilin riyaziyyat müəllimi olan Sitarə xanım və oğlu hələ də imtahan sualları ilə bağlı fikir mübadiləsi aparırlar. Bizimlə söhbət zamanı Sitarə müəllim dərs dediyi gənclərin xoş sorağının ölkənin müxtəlif sahələrindən gəldiyini bildirir.

Sitarə müəllimin üç övladı var – iki oğlan, bir qız. Fərid ailənin sonbeşiyi və anasının davamçısıdır. O, imtahan həyəcanını belə xatırlayır: “İmtahandan çıxanda məni həmişə anam qarşılayıb. Bu dəfə gözlərim anamı axtardı. Onu görməyəndə anladım ki, hələ imtahandan çıxmayıb. Lakin daxilən rahat idim. İnanırdım ki, anamın da nəticəsi yüksək olacaq”.

Qeyd edək ki, ölkə üzrə riyaziyyat fənnindən 13 müəllim maksimum bal toplayıb. Onlardan 3-ü Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeleyindəki məktəblərdə çalışır.

Regional Təhsil İdarəsi üzrə imtahanlarda, ümumilikdə, 720 müəllim iştirak edib və 300-ə yaxını 50-dən yüksək bal toplayıb.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
32
1
azertag.az

2Sources