EN

Özbəkistanda qızlar üçün texnologiya proqramının növbəti mərhələsi keçirilib

Bakı, 22 iyun, AZƏRTAC

Özbəkistanda qızlar üçün ən böyük STEM proqramı olan “Technovation Girls Uzbekistan”ın növbəti mövsümü başa çatıb. AZƏRTAC bu barədə özbək mətbuatına istinadla xəbər verir.

Bu il müsabiqədə 1300-dən çox qız iştirak edib. Onlar texnologiya və innovasiyaların köməyi ilə aktual sosial problemlərin həlli istiqamətində layihələrini təqdim ediblər.

“Technovation Girls Uzbekistan” proqramı “Tech4Impact” QHT-si tərəfindən Özbəkistan Respublikasının Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyi və Yandex texnologiya şirkəti ilə birgə təşkil edilən qızlar üçün ən böyük milli STEM proqramıdır. Bu, hər il 160 ölkədə keçirilən və məqsədi qızları İT texnologiyalarına və sahibkarlığa sövq etmək olan “Technovation Girls” beynəlxalq müsabiqəsinin seçmə mərhələsidir.

Bu il proqram çərçivəsində Əndican, Namanqan, Nukus, Daşkənd, Fərqanə şəhərlərində 12 həftə ərzində proqramlaşdırma, marketinq, biznes planların hazırlanması, videoçəkiliş və təqdimat bacarıqları üzrə təlim və seminarlar keçirilib. İştirakçılar texnologiyadan istifadə etməklə sosial əhəmiyyətli problemlərin həlli yollarını öyrəniblər və Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə bağlı sahələrdə innovativ mobil proqramlar yaradıblar.

Müsabiqənin nəticələrinə əsasən, 10 komanda süni intellektin imkanlarından istifadə, təhlükəsiz şəhərlər, gender bərabərliyi, ekologiya, təhsil və mədəniyyət, səhiyyə və bərabərhüquqlu imkanlar sahələri üzrə ən yaxşı layihələrə görə təltif olunmuş tematik nominasiyalar üzrə mükafatlar alıb.

“Technovation Girls” münsiflər heyəti beynəlxalq müsabiqədə Özbəkistandan iştirak edəcək komandaları müəyyənləşdirəcək. Final bu ilin oktyabrında Kaliforniyada (ABŞ) baş tutacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
56
1
azertag.az

2Sources