EN

Rahid Əmirquliyev: İnanıram ki, “Sabah” “Makkabi”dən “Xəzər Lənkəran”ın qisasını alacaq

Rahid

Bakı, 22 iyun, AZƏRTAC

“Makkabi” (Hayfa) ölkəsinin ən güclü və çempionluq uğrunda mübarizə aparan komandalarından biridir”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin sabiq üzvü Rahid Əmirquliyev “Sabah”ın UEFA Konfrans Liqasında İsrailin “Makkabi” (Hayfa) komandası ilə keçirəcəyi oyunlar barədə danışarkən deyib.

Vaxtilə “Xəzər Lənkəran”ın heyətində Avropa Liqasının II təsnifat mərhələsində Hayfa təmsilçisinə qarşı oynadığı matçları xatırladan 35 yaşlı yarımmüdafiəçi doğma meydanda qeydə alınan böyükhesablı məğlubiyyəti unutmadığını bildirib: “Futbolçu karyeramın ən acı məğlubiyyətini Lənkəranda “Makkabi”yə 0:8 hesabı ilə uduzduğumuz matçda yaşadım. Həm klub, həm də Azərbaycan futbolu adına ağır məğlubiyyət olmuşdu. Düzdür, həmin oyunun üstündən uzun illər keçib. İndi Hayfa təmsilçisi çox dəyişib. Rəqib barədə geniş informasiyaya sahib deyiləm. Lakin çox çətin görüş olacaq. İsrail klublarına qarşı matçlar hər zaman gərgin alınıb. Amma inanıram ki, “Sabah” “Makkabi”dən “Xəzər Lənkəran”ın qisasını alacaq”.

R. Əmirquliyev “Sabah”ın növbəti mərhələyə adlayacağına inandığını bildirib: “Makkabi”nin çıxış etdiyi İsrail çempionatı güclü və rəqabətlidir. Lakin “Sabah” da yaxşı komandadır. Onlar mövsümün sonuna yaxın toparlanmağı bacardılar”.

Qeyd edək ki, “Sabah” və “Makkabi” arasında ilk matçın iyulun 25-də səfərdə, cavab oyununun isə avqustun 1-də Bakıda keçirilməsi nəzərdə tutulub.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
35
azertag.az

1Sources