EN

İrəvan sülh istəyirsə...

Mübariz FEYİZLİ

Bu günlərdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan növbəti dəfə məntiqi olmayan fikirlər səsləndirib. O, litvalı həmkarı ilə birgə mətbuat konfransında bildirib ki, Azərbaycanla sülh müqaviləsi üzrə danışıqlar prosesini sona qədər aparmağı və sülh müqaviləsinin bir ay ərzində imzalanmasını vacib hesab edirik.

Ermənistan XİN rəhbərinin bu bəyanatı real məzmunu olmayan ritorikadan başqa bir şey deyil. Məğlub Ermənistan postmüharibə mərhələsində davamlı olaraq revanşist mövqedən çıxış etsə də, bu ölkənin yüksək səviyyəli rəsmiləri müxtəlif auditoriyalarda sülhdən danışırlar. Guya Ermənistan regionda sülh və təhlükəsizliyin təmin olunmasını istəyir və tənzimləmə prosesini irəli aparmaq üçün hansısa addımları atmağa hazırdır. Reallıq isə Ermənistan hakimiyyətinin niyyətinin tamamilə sülh istəyindən uzaq olduğunu təsdiqləyir.

Nə etməlidir?

Ermənistan XİN rəhbərinin sülhlə bağlı səsləndirdiyi fikirlər səmimiyyətdən çox uzaqdır. A.Mirzoyan yenə də sülh prosesini manipulyasiya predmetinə çevirməklə beynəlxalq ictimaiyyəti aldatmaq istəyir. Əslində, Ermənistanın hüquqi-qanunvericilik bazası, xüsusilə də konstitusiyası Azərbaycanla sülh müqaviləsinin imzalanmasını mümkünsüz edir. Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını özündə ehtiva edən maddələr yer alır. Belə ki, 1996-cı ildə qəbul edilmiş əsas qanunda ölkənin müstəqillik aktına istinad olunur. 1990-cı il avqustun 23-də Ermənistan Ali Sovetinin qəbul etdiyi həmin sənədin mahiyyəti isə ondan ibarətdir ki, burada “Ermənistan SSR və Dağlıq Qarabağın birləşməsi haqqında” Ermənistan Ali Soveti və “Dağlıq Qarabağın Milli Şurası”nın 1989-cu il 1 dekabr tarixli birgə qərarı rəhbər tutulur. Buradan da göründüyü kimi, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları açıq-aşkar legitimləşdirilib. İndiki halda sülh müqaviləsinin imzalanmasını mümkünsüz edən məhz bu məqamdır. Bir ay ərzində sülh müqaviləsinin imzalanmasının mümkünlüyündən danışan A.Mirzoyan və digərləri ilk növbədə konstitusiyanın dəyişdirilməsinin zəruriliyini gündəmə gətirməli və Ermənistan cəmiyyətini buna hazırlamalıdırlar. 

Ermənistanın hətta postmüharibə mərhələsində qəbul etdiyi bir sıra digər sənədlər də sülh müqaviləsinin imzalanması yolunda əngəllər yaradır. Bu ölkədə 2021-ci ildə qəbul edilmiş 2021-2026-cı illər üçün fəaliyyət planında “Dağlıq Qarabağın statusu”, məsələni Minsk Qrupunda həll etmək və digər belə ifadələr yer alıb ki, bunlar da sülh gündəliyi ilə ziddiyyət təşkil edir. Görəsən, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, Qarabağın Ermənistana aid olmadığını deyən Paşinyan və onun komandası bunun qanunvericilik aktlarında təsbit edilməsinə niyə laqeyd yanaşırlar? 

Silahlanma, yoxsa sülh?

Sülh müqaviləsinin imzalanmasını əngələyəcək digər bir amil Ermənistanın sürətlə silahlanma yolu tutmasıdır. Təkcə son vaxtlarda Ermənistan ayrı-ayrı ölkələrdən silah tədarükü ilə bağlı çoxsaylı müqavilələr imzalayıb. Həmin silahların müəyyən dəstləri artıq İrəvana təhvil verilib. 

Ermənistanın revanşizmə sürüklənməsində və yeni müharibə hazırlıqları görməyə təhrik edilməsində Fransa xüsusi canfəşanlıq göstərir. Son vaxtlarda iki ölkə arasında hərbi sahədə əməkdaşlıqla bağlı müzakirələr intensivləşib. Fransa özünü sülh prosesini dəstəkləyən tərəf qismində təqdim etməyə çalışsa da, Makron hökumətinin gerçək niyyəti ortadadır. Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı müvafiq bəyanatda bildirildiyi kimi, Fransa kimi ölkələrin Ermənistanın yeni gərginlik və təhdid mənbəyinə çevrilməsinə xidmət etdiyi bəllidir. Ermənistan revanşizm meyllərindən və sürətlə silahlanmadan imtina etməlidir. Əks halda regiona sülh gəlməyəcək və bunun fəsadları Ermənistan üçün daha ağır olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources