EN

Ronaldinyo Braziliya millisinin oyunlarına baxmayacaq - Səbəb

Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo bu gün start götürən Amerika Kubokunda yığmanın oyunlarını izləməkdən imtina edib.

Arena.az xəbər verir ki, veteran futbolçu bu imtinasının səbəbini belə izah edib:

“Mən uşaqlıqdan futbolu izləyirəm. Futbolçu olmaq haqqında düşünməzdən çox əvvəl və heç vaxt belə pis vəziyyət görməmişdim. Formaya sevginin olmaması, ruhun olmaması və ən əsası futbolun olmaması.

Yenə deyirəm, oyunumuz indiyə qədər gördüyüm ən pis şeylərdən biridir. Nə yazıq.

Ona görə də bəyan edirəm ki, Amerika Kubokunun heç bir oyununa baxmayacağam və qələbələri qeyd etməyəcəm”, deyə braziliyalı veteran futbolçu vurğulayıb.

Xatırladaq ki, Ronaldinyo 1999-cu ilin iyununda debüt etdiyi Braziliya millisinin heyətində 97 oyuna çıxıb. O, bu oyunlarda 33 qol vurub, 29 məhsuldar ötürmə verib. “Roni” Braziliya millisi ilə 2002-ci ildə Yaponiya və Cənubi Koreyada keçirilmiş dünya çempionatını qazanıb.

44 yaşlı veteran futbolçu vaxtilə Avropanın futbol meydanlarında “Milan”, PSJ və “Barselona”nın heyətində fantastik futbolu ilə yadda qalıb. O, “Qremio”, “Flamenqo”, “Atletiko Mineyro”, “Keretaro” və “Fluminense” kimi klublarda da forma geyinib. Əfsanəvi futbolçu 2018-ci ilin yanvarında peşəkar karyerasına xitam verib.

Ronaldinyo “Qızıl top”un qalibi (2005) olub, həmçinin 2004-cü və 2005-ci illərdə FIFA-ya görə dünyanın ən yaxşı futbolçusu seçilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
47
arena.az

1Sources