EN

Fransa Senatının qərarından əvvəl “Total”ı Azərbaycan neftindən qovmalıyıq- 33 tövsiyə...

Image

Firdovsi Şahbazov: “Kiminsə ürəyindən deyil “Total Energies” Xəzərdə neft hasilatı ilə məşğul olsun”

Fransa Senatının Tədqiqat Komissiyası hökumətə enerji nəhəngi “Total Energies”in fəaliyyəti ilə bağlı hesabatda, xüsusilə, bu şirkətə Azərbaycanın neft-qaz sektoruna investisiya qoymağı dayandırmağı tövsiyə edib.

“Total Energies”in fəaliyyəti qlobal iqlim dəyişikliyi ilə mübarizə kontekstində nəzərdən keçirilib. Fransa Senatının hökumətə təqdim etdiyi hesabatda həmçinin “Azərbaycanın karbohidrogen sektorunda fransız şirkətlərinin iştirakı ilə yeni layihələrin də dayandırılması” tələb olunur.

Qeyd edək ki, “Total Energies”in fəaliyyətini araşdıran Senat komissiyası ötən ilin dekabrında yaradılıb və onun hazırladığı hesabat ötən həftə yekdilliklə qəbul edilib. Ümumilikdə sənəddə 33 tövsiyə var. Maraqlıdəır ki, Azərbaycanın noyabr ayında BMT-nin növbəti iqlim konfransına (COP29) ev sahibliyi etməsi faktını Senat bilərəkdən xatırlatmayıb. 

Məlumat üçün bildirək ki, “Total Energies” şirkəti Xəzər dənizindəki “Abşeron” qaz yatağında 35 faiz paya malikdir. Bakıdan təqribən 100 kilometr cənub-şərqdə yerləşən bu qaz-kondensat yatağından ilk qaz 2023-cü il iyulun əvvəlində hasil edilib. Bu yataqda ilkin qaz ehtiyatları 350-360 milyard kubmetr, kondensat ehtiyatları isə 45 milyon ton həcmində qiymətləndirilir.

“Senatın təzyiqləri ilə şirkət Xəzərdəki işini yarımçıq saxlasa, o zaman bizə kompensasiya ödəməli olacaqlar” 

Sözügedən məsələyə aydınlıq gətirən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazov “Bakı-Xəbər”ə açıqlamasında “Total Energies”in Azərbaycandan çıxarılması ilə bağlı bir sıra məqamlara toxundu: “Əvvəla, “Abşeron” yatağında hasilatın başlanması Azərbaycanla Fransa arasında münasibətlərin pisləşməsi ilə eyni vaxta təsadüf edib. 31 avqust 2023-cü il tarixində “Total Energies” şirkətinin baş icraçı direktoru Patrik Pouyanne Bakıda səfərdə olub və Azərbaycanın karbohidrogen ehtiyatlarının gələcək inkişafı, eləcə də bərpa olunan enerji mənbələrinə investisiyalar üzrə danışıqlar aparıb. Ancaq məsələ ondadır ki, Fransanın neft nəhəngi ilə müqavilə bundan əvvəl imzalanıb. Müqavilə imzalananda heçkəs təsəvvür etmirdi ki, Fransa bu dərəcədə Azərbaycana qarşı aqressiv mövqedən çıxış edəcək. Bu dərəcədə bütün körpüləri yandırmaq yolu tutacaq. Fransanın Azərbaycana qarşı düşmənçiliyi ilə əlaqədar kiminsə ürəyindən deyil “Total Energies” Xəzərdə neft hasilatı ilə məşğul olsun. Ancaq ortada beynəlxalq sazişlər və ondan irəli gələn öhtəliklər reallığı var. Deməyim odur ki, “Total Energies” şirkətini Azərbaycandan qovsaq, o zaman müqavilə öhtəliklərinə uyğun böyük məbləğdə kompensasiya ödəməliyik. O cümlədən, Fransa Senatının təzyiqləri ilə şirkət belə bir addım atsa, yəni Xəzərdəki işini yarımçıq saxlasa, o zaman onlar buna görə bizə kompensasiya ödəməli olacaqlar. Bax budur reallıq. O baxımdan düşünmürəm ki, “Total Energies” Fransa Senatının çağrışına uyğun olaraq belə bir addım atsın. Çünki bunun nə demək olduğunu yaxşı bilirlər”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources