EN

Ermənistan rəhbərləri hər yerdə Putinin, Lukaşenkonun düşmənləri ilə ünsiyyət qururlar- Tixanovskaya…

Image

Əli Mustafa: “Belarus prezidentinə demək istəyirlər ki, əslində legitim deyilsən, sən bizim rəqibimizlə birlikdə olursansa, biz də sənin rəqibinin yanında oluruq”

Xəbər verildiyi  kimi, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vilnüsə səfər edib.  Ermənistan XİN-in mətbuat katibi Ani Badalyanın sözlərinə görə, XİN rəhbəri Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya ilə görüşüb.

Xatırladaq ki, bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Belarus lideri Aleksandr Lukaşenkonu sərt tənqid edərək ölkələr arasında diplomatik əlaqələri kəsmişdi.

Ermənistanın baş naziri Belarusun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxarılmasını da tələb edib. O, belə bir reaksiyanın Minskin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı mövqeyi ilə bağlı olduğunu izah edib. Bundan əvvəl Ermənistan səfiri Ukraynada genosid həyata keçirildiyi iddia olunan yeri ziyarət etmişdi və bu addım Rusiyanın ciddi narazılığına səbəb oldu.  Ermənistan rəsmilərinin bu cür addımları hansı zərurətdən doğur və bununla nə demək istəyirlər?

Siyasi şərhçi Əli Mustafa “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanla Belarusun  münasibətləri son vaxtlar gərginləşir: “Burada həm Belarus prezidenti Lukaşenkonun, həm də Ermənistan baş naziri Paşinyanın ritorikası kifayət qədər sərtdir. Qarşılıqlı ittihamlar, hətta  təhqirlər belə var. Ümumiyyətlə münasibətlərin bu səviyəyə gəlməsinin bəlli dinamikası mövcuddur. KTMT-yə Ermənistanın münasibəti, Belarusun da müəyyən şərtlər irəli sürməsi bu gərginliyin fazasını daha da artırır. Belarus Rusiyanın ən yaxın müttəfiqi, hətta bəzən Moskvanın sözcüsü kimi çıxış edir. Ona görə də Ermənistanın Rusiyaya olan münasibəti onlar tərəfindən zaman - zaman tənqid olunur. Bu baxımdan bəlli bir fikir ayrılığı, soyuqluq var. Eyni zamanda Belarus prezidentinin Azərbaycana gəlməsi, Qarabağda olması Ermənistan rəsmilərinin səbir kasasını daşırdı. Ola bilsin ki, onlar nə qədər “Qarabağ Azərbaycandır”,-  desələr də, psixoloji olaraq qəlblərində bu barədə qaranlıq nəsə qalıb. Belarusun da bu məsələdə birmənalı olaraq Azərbaycanı dəstəkləməsi onları özlərindən çıxarıb. Tixanovskaya ilə görüşə də eyni konteksdən baxıram. Belarus prezidentinə demək istəyirlər ki, əslində legitim deyilsən, sən bizim rəqibimizlə birlikdə olursansa, biz də sənin rəqibinin yanında oluruq. Burada başqa bir məsələ də var. Bu daha da prinsipial bir məsələdir. Anlaşılan odur ki, Ermənistan Qərbə doğru yönəlməyə çalışır və burada onun həm Rusiya, həm də Moskvanın müttəfiqləri ilə yolları ayrılır. Ona görə də, bəzən Ermənistan siyasilərini Rusiya əleyhinə olan tədbirlərdə tez - tez görürük. Əslində Ermənistan hər fürsətdə Rusiyaya və onun müttəfiqi Belarusa öz mənfi münasibətini sərgiləyir. Təbii ki, bu münasibət diplomatik yollarla gerçəkləşdirilir. Qısası, Ermənistanın Rusiyadan qopmaq, uzaqlaşmaq istəyi var. İmkan olsa KTMT - dən çıxar və buna   çalışır. Yəqin ki, Ermənistanın içində baş verən hadisələrə görə Rusiyanı daha çox ittiham edirlər. Ermənistan Rusiya qarşıdurması hər gün daha da dərinləşir. Belarusun da Ermənistana olan münasibətinə onlar daha sərt, düşmən reaksiyası  verirlər”.

Məhəmmədəli QƏRİBLİ





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources