EN

Bakıda 38 yaşlı kişi qardaşına xəsarət yetirdi

Bakının Sabunçu rayonunda 1986-cı il təvəllüdlü Telman ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı qardaşı Zəmanətə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 17 mart 2024-cü ildə baş verib. Telman yaşadıqları evin qonaq otağında olarkən ona qarşı nalayiq ifadələr işlətməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı qəsdən yumruqla Zəmanətin üz nahiyəsindən vuraraq, ona xəsarətlər yetirib. 

Hadisəni törədən Telmanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Telman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, yaşadığı evin həyətindən digər ailə üzvləri qardaşı və atasına məxsus fərdi yaşayış evləri var: “Martın 17-də, saat 23 radələrində qardaşım Zəmanət ailə üzvləri ilə mübahisə edərək nalayiq ifadələr işlətdiyini eşitdim. Onun evinə getdim və öz iradımı bildirdikdən sonra geri qayıtdım. Bir müddət sonra yenidən qardaşım Zəmanət yüksək səslə nalayiq ifadələr işlətdiyini eşidərək onun evinə getdim. Qardaşımın ailə üzvlərini evdən çıxdığını görərək evə daxil oldum. Evinin qonaq otağında oturaraq qardaşıma öz iradımı bildirdim. Lakin Zəmanət sözlərinə əhəmiyyət verməyərək ünvanıma nalayiq ifadələr işlətdi. Bu səbəbdən aramızda mübahisə yarandı. Mən qardaşımın sözlərindən əsəbləşərək onun üz nahiyəsinə zərbə endirdim. Qardaşımın sakitləşdiyini görərək oradan uzaqlaşdım”.

İş üzrə zərərçəkmiş Zəmanətin sözlərinə görə, Sabunçu rayonu, Anaşkin küçəsində yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə birgə yaşayır: “Yaşadığım evin həyətindən digər ailə üzvlərim qardaşım və atama məxsus fərdi yaşayış evləri var. Martın 17-də, saat 23 radələrində yaşadığım evdə olduğum zaman oğlum saçını uzatdığı üçün onu danlayaraq öz iradımı bildirdim. Bir müddət sonra Telman yaşadığım ünvana gələrək yüksək səslə danışmağımın səbəbini soruşdu. Mən qardaşıma vəziyyəti izah etdim. Qardaşım getdikdən sonra oğlumu danlamağa davam etdim. Qardaşım yenidən evimə gələrək pəncərəni döydü. Mən evdən çıxaraq qardaşıma ailə məsələlərimə müdaxilə etməməsini bildirdim. Qardaşım söhbət etmək üçün evə girdi. Həmin vaxt ailə üzvlərim evdən çıxdı. Evinin qonaq otağında olarkən aramızda mübahisə yarandı. Qardaşım yumruqla üz nahiyəmə zərbə endirdi. Mən hadisə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq məlumat verdi”. 

Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Telmanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
36
demokrat.az

1Sources