EN

Avropa Birliyi Ermənistan məmurlarına 3 milyon avro "paket pulu" verdi…

Image

Asif İbrahimov: “Avropa məhz Ermənistan məmurlarını belə paketlər vasitəsilə ələ almaq yolunu tutur”

Avropa Birliyi Ermənistan və Avropa Komissiyası arasında maliyyələşdirmə sazişini - “Ermənistan Respublikası üçün dövlətin gücləndirilməsi və davamlılığı haqqında Saziş”i təsdiqləyib.

Bu layihə hökumətin iyunun 20-də keçirilən iclasında baş nazirin müavini Mher Qriqoryan tərəfindən təqdim edilib.

Qriqoryan qeyd edib ki, 2024-cü ilin birinci rübündə imzalanmış, ümumi dəyəri 15 milyon avro olan bu proqramın məqsədi Ermənistanın sosial-iqtisadi dayanıqlığını dəstəkləmək, xüsusilə də, prioritet, orta müddətli problemin həllinə töhfə verməkdir:

“Proqramda birdəfəlik çoxməqsədli maliyyə yardımı, müvəqqəti mənzil ehtiyaclarına və kommunal xərclərə dəstək, qadınlara və həssas qruplara dəstək, habelə ev sahibi icmaların sosial-iqtisadi reabilitasiyası nəzərdə tutulur”.

Qriqoryan bildirib ki, hökumətin hesabat verilməyən məsələlər paketində olan başqa bir razılaşmaya əsasən, Aİ daha 3 milyon avro dəstək verəcək:

“Bu proqram həm də daha geniş islahatlar prosesində, eləcə də “Dağlıq Qarabağ”dan olan məcburi köçkünlərin gələcək sosial-iqtisadi inteqrasiyasında, xüsusilə səhiyyə, sosial müdafiə və məşğulluq strategiyalarının həyata keçirilməsində hökumətə dəstək vermək məqsədi daşıyır”. 

Diqqət çəkən məqam hesabatı tələb olunmayan  3 milyon avro ilə bağlıdır. Bəzi ekspetlər hesab edir ki, hökumətə hesabatsız verilən bu məbləğ Ermənistan məmurlarının vəzifə maaşlarına  paket kimi əlavə olunacaq. Məqsəd budur ki, onlar Avropaya doğru inteqrasiya kursuna dəstəklərini ifadə etsinlər. Avropanın Ermənistana təqdim etdiyi bu hesabatsız məbləği rüşvət kimi qəbul etmək olarmı?

Beynəlxalq qiymətləndirmə üzrə ekspert, iqtisadçı Asif İbrahimov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Avropa İttifaqı Azərbaycanın müstəqil dövlət olduğunu, heç bir qüvvədən asılı olmadığını yaxşı anlayır: “Avropa İttifaqı başa düşür ki, Azərbaycan artıq güclü dövlətdir, beynəlxalq aləmdə kifayət qədər çəkisi var. Bu baxımdan da Ermənistana pul müqabilində diqtə etmək istiqamətində addımlar atır. 

Ümumiyyətlə faktlar və reallıqlar təsdiqləyir ki, Ermənistana ayrılan maliyyə yardımları bu ölkənin sosial-iqtisadi yaralarına məlhəm olmur. Bəs səbəb nədir? Yoxsa bəzi ölkələr və qurumlar “maliyyə yardımı” adı altında Ermənistandan çirkli pulların yuyulması, öz şərtlərini diqtə etmək vasitəsi kimi istifadə edirlər?

Avropa İttifaqının Ermənistana bu yaxınlarda 2.6 milyard dollar həcmində maliyyə vəsaiti ayırmasına da diqqət yetirək.  Azərbaycan Prezidenti söylədi ki, fiziki cəhətdən belə Ermənistanın iqtisadiyyatı bu nəhəng həcmli paketi mənimsəyə bilməz. Dövlət başçısı qurumun Azərbaycana təqribən 20 dəfə az - 140 milyon dollar məbləğində vəsait ayırmasına da toxunaraq “Biz istəyirik ki, yanaşma vahid standartlara əsaslansın. Biz ədalət istəyirik və əlbəttə, Azərbaycana eyni şərtlərlə, eyni həcm­də vəsaitin verilməsini istəyirik”.

Göründüyü kimi, Avropa İttifaqının Azərbaycan ilə Ermənistan arasında fərqi görməməsi, obyektiv amilləri nəzərə almaması açıq-aşkar nəzərə çarpır.  Azərbaycan əhalisinin sayı Ermənistan əhalisindən ən azı 4 dəfə çoxdur. İki ölkənin iqtisadi potensialı arasında fərq ildən-ilə artır, Azərbaycan iqtisadiyyatı bütövlükdə Qafqaz regionunda aparıcı mövqeyə malikdir.  Belə olan halda, Avropa İttifaqı tərəfindən Azərbaycana və Ermənistana ayrılan vəsait arasında ciddi fərq olması onu göstərir ki, qurum bu məsələdə də ikili standartlar nümayiş etdirir. Söhbət təkcə Azərbaycana vəsait ayrılmasından getmir, ölkəmizin kifayət qədər valyuta ehtiyatları, güclü iqtisadiyyatı var. Məsələ budur ki, Avropanın enerji təhlükəsizliyinə müstəsna töhfə verən Azərbaycana qarşı ikili standartlara əsaslanan bu mövqe ədalətsizliyin bariz nümunəsidir. Azərbaycan heç vaxt həmin qüvvələrin düzgün olmayan baxışları ilə razılaşmayacaq. Azərbaycan öz milli maraqlarını qorumaq üçün müstəqil siyasət, o cümlədən iqtisadi təhlükəsizlik siyasəti yeridir, davamlı, dinamik və keyfiyyətli inkişaf edən dövlət kimi mühüm nailiyyətlər qazanır. Buna görə də, Avropa məhz Ermənistan məmurlarını belə paketlər vasitəsilə ələ almaq yolunu tutur”.

Məhəmmədəli QƏRİBLİ





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources