EN

Mina təhlükəsi: Ekspert ehtiyatlı olmağa çağırdı

İşğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində 2024-cü il 21 iyun tarixində sursat partlayışı hadisəsi baş verib.
Sherg.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıb.

Qeyd edilib ki, ərazidə icra edilən minatəmizləmə prosesi zamanı baş verən partlayış nəticəsində Agentliyin əməkdaşı 1980-ci il təvəllüdlü İsayev Raqif Deputat oğlu həyatını itirib. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan əməkdaşlar rayon xəstəxanasına təxliyə edilib. Vəziyyətləri qənaətbəxşdir. "Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır", - məlumatda bildirilib.


Hərbi ekspert Ədalət Verdiyev “Sherg.az”a bildirib ki, dünyanın heç bir ölkəsi hərbi əməliyyatlardan sonrakı 3-5 il ərzində ərazilərini minalardan və partlamamış sursatlatdan təmizləyə bilmir:

“Son qırx ildə baş verən münaqişələr nəticəsində ərazilərin çirklənməsi prosesi demək olar ki, heç bir ölkədə tam həcmdə başa çatmayıb. Hətta İkinci Dünya Müharibəsindən sonra atılan mərmilərin Şərqi Avropada, keçmiş SSRİ respublikalarında  xüsusilə də Belarusiya ərazisində hələ də qalıqları tapılmaqdadır. Azərbaycanda da bu prosesin yaxın illərdə başa çatacağını gözləməyə dəyməz. Bu həm böyük miqdarda maliyyə vəsaiti, həm də on illərlə müddət tələb edir. Hansı ərazilərdə bərpa-qurulucuq işləri gedəcək və ya ordunun manevrləri baş tutacaqsa, həmin ərazilərin təmizlənməsini birinci növbədə həyata keçirilir. Ancaq bütün ərazilərin təmizlənməsi təxminən 20-25 ilə qədər müddət tələb edə bilər. Digər tərəfdəndə prosesin sürətlənməsinə mane olan əsas səbəb isə, ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycana təqdim etməməsidir. Dəfələrlə mina təmizləməyə aid Beynəlxalq Konfranslar keçirilsə də Azərbaycana bu prosesdə verilən dəstəyin miqdarı hazırda çəkilən xərclərin 1 faizini belə əhatə etmir. Ona görə də proses kifayət qədər uzun müddət tələb edəcək. Peşəkarların belə mina təhlükəsi ilə qarşılaşdıqda xəsarət alması və həyatını itirməsini heç kəs istisna edə bilmir. Çünki bu çox təhlükəli prosesdir. Minalar sadə sxemlərlə quraşdırılmır. Bəzən isə sürpriz tələlər metodu ilə basdırılmasına da rast gəlirik. Maksimum ehtiyyatlı olmalıyıq. Burada tələskənliyə yol vermək qətiyyən qəbul edilməzdir. Bu sonda fəlakətli nəticələrə gətirib çıxara bilir”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
27
sherg.az

1Sources