EN

“Şimali Qafqaz xalqları ilə tarixi-mədəni, mənəvi əlaqələrimiz var” - AÇIQLAMA

Azərbaycan ilə Rusiya arasında mütəmadi olaraq inkişaf edən əməkdaşlıq əlaqələri həm də ölkəmizin Şimali Qafqaz respublikaları, o cümlədən Çeçenistan və Dağıstanla əməkdaşlığının möhkəmlənməsində mühüm rol oynayır. Azərbaycan və Şimali Qafqaz xalqları arasında dostluq və qardaşlıq münasibətləri mövcuddur. Hər hansı vasitə ilə bu münasibətləri pozmaq, yaxud sarsıtmaq mümkün deyil.

Azərbaycanla Şimali Qafqaz xalqları arasında əlaqələr ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründən geniş vüsət almağa başlayıb. Məsələn, ulu öndər Dağıstanda keçirilən mədəni tədbirlərə çox böyük diqqət yetirirdi. Xüsusilə orada Azərbaycanla bağlı tədbirlərin keçirilməsinə xüsusi əhəmiyyət verirdi. Şeyx Şamilin 200 illik yubileyi keçiriləndə Heydər Əliyev öz adından ora məktub ünvanlamışdı.

Daha sonra Bakıda Opera və Balet Teatrında Şeyx Şamilin təntənəli yubileyi keçirilmişdi. Həmin illərdə Dağıstan parlamentinin sədri, sonralar Dağıstanın prezidenti olan Muxu Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti həmin tədbirdə iştirak etmişdi. Dağıstanın Dövlət Şurasının sədri Məhəmmədəli Məhəmmədovun Azərbaycana səfəri təşkil edilmiş, Bakıda Dağıstan mədəniyyəti günləri keçirilmişdi. Ulu öndər təkcə Dağıstanda deyil, bütün Qafqaz regionunda çox böyük və faydalı işlər görürdü. Onun Qafqaz siyasəti ayrıca bir tədqiqat mövzusudur. Regionda ulu öndərin sözünün ağır çəkisi vardı. Bu ondan irəli gəlirdi ki, H.Əliyev bu xalqların milli dəyərlərini yüksək qiymətləndirirdi.

Şimali Qafqaz respublikaları ilə sıx əməkdaşlıq prezident İlham Əliyevin siyasətində də önəmli xətlərdən biri olub. Dövlət başçısının apardığı mədəni və mənəvi əməkdaşlığa əsaslanan siyasət nəticəsində Azərbaycan Qafqaz xalqlarının ümumi dəyərlər ətrafında birləşməsində əhəmiyyətli rol oynayıb.

Ümumiyyətlə, Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlığa, dostluq və mehriban qonşuluq prinsiplərinə əsaslanan uğurlu siyasət nəticəsində daim inkişafdadır. Sözsüz ki, iki qonşu ölkə kimi Rusiya və Azərbaycanı həmsərhəd regionların xalqlarının tarixən formalaşmış dini, mədəni və mənəvi münasibətlərindən irəli gələn möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır. Bu kontekstdə Azərbaycanla Rusiya arasında siyasi, humanitar və mədəni əlaqələr də çox uğurla inkişaf edir. Hazırda Azərbaycan ilə Rusiyanın regionları arasında çox fəal əməkdaşlıq münasibətləri formalaşıb ki, bu da iki ölkə arasında çoxşaxəli əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir.

Prezident İlham Əliyev vaxtilə deyib ki, Şimali Qafqaz xalqları ilə Azərbaycan xalqını çoxəsrlik dostluq, əməkdaşlıq və qardaşlıq tarixi bağlayır:

"Biz, sadəcə, atalarımızın, babalarımızın ənənələrini davam etdirir, əlaqələrimizi möhkəmlədir, bununla da Qafqazda təhlükəsizliyin, sabitliyin və inkişafın möhkəmlənməsi işinə çox böyük töhfə veririk. Dəfələrlə dediyimiz kimi, Qafqaz vahid orqanizmdir, o elə bir məkandır ki, orada yerli xalqlar əsrlərboyu yaşayır, qurur, yaradırlar, memarlıq abidələri yaradırlar və gələcəyə inamla baxırlar. Əlbəttə, hesab edirəm ki, Qafqazda təhlükəsizliyin daha da möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün Rusiya-Azərbaycan münasibətləri həlledici rol oynayır".

Onu da qeyd edək ki, Qafqaz xalqları arasında, o cümlədən Qafqaz müsəlmanları arasındakı birliyi və həmrəyliyi gözü götürməyən qüvvələr var. Həmin qüvvələr zaman-zaman Qafqaz müsəlmanları arasındakı tarixi köklərə əsaslanan qardaşlıq və mehriban qonşuluq əlaqələrini pozmaq, nəticədə Rusiya-Azərbaycan münasibətlərinə kölgə salmağa cəhd ediblər. Ələlxüsus ermənilər təxribatçı hadisələrdən sui-istifadə edərək xalqlar arasında insident, qarşıdurma yaratmağa çalışsalar da, məişət zəminində baş vermiş hadisələrə siyasi rəng verməyə cəhd etsələr də, heç zaman istəklərinə nail ola bilməyiblər. Ara-sıra Şimali Qafqaz regionunda din adından istifadə edən radikal ekstremist qrupların fəaliyyəti də özünü nümayiş etdirir. İki ay öncə Rusiya Federal Təhlükəsizlik Xidməti İnquşetiya, Dağıstan və Kabardin-Balkariyada antiterror əməliyyatları həyata keçirmişdi. Hətta bəzi ekspertlər hesab edirlər ki, Ukraynada müharibənin davam etdiyi təqdirdə Şimali Qafqaz yenidən qanlı qarşıdurma meydanına çevrilə və bu vəziyyət Azərbaycan üçün real təhlükə yarada bilər. Şübhəsiz, Azərbaycan regionda sülh və sabitliyin olmasında maraqlıdır. Qafqaz regionunun hər hansı ərazisində qeyri-stabil vəziyyətin yaranması istər-istəməz Azərbaycana bu və digər şəkildə təsir edəcək.

Keçmiş prezident Əbülfəz Elçibəyin köməkçisi, politoloq Oqtay Qasımov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Azərbaycanın Şimali Qafqaz regionu ilə tarixi əlaqələri var.

Ekspertin sözlərinə görə, bu əlaqələr zaman-zaman gah güclü, gah da zəif halda olub:

"Əlaqələrin nizamının dəyişməsi şərtlərdən, dövlətlərarası münasibətlərdən və digər amillərdən asılıdır. Qeyd edim ki, 1917-1922-ci illərdə Şimali Qafqazda mövcud olmuş müstəqil dövlət - Dağlı Respublikasının rəsmiləri o zaman Azərbaycanla konfederasiya quracaq səviyyədə təkliflərlə çıxış edirdilər. Bu, onu göstərir ki, Azərbaycanla Şimali Qafqazın əlaqələri daim olub. Sovetlər dönəmində "vahid dövlət" məkanında yaşadığımız, sərhədlər nominal xarakter daşıdığından bu əlaqələr daha intensiv idi”.

Oqtay Qasımov, politoloq

Müsahibimiz qeyd edib ki, Azərbaycan və Rusiya müstəqil dövlətlər kimi fəaliyyət göstərməyə başlayandan, yəni 1991-ci ildən sonra konkret sərhədlər müəyyənləşməsi Şimali Qafqaz xalqları ilə əlaqələrdə müəyyən mənada təsir göstərdi:

“Nəzərə alsaq ki, 1990-cı ildə Şimali Qafqazda radikal dini cərəyanların ciddi şəkildə güclənməsi, 1994-1999-cu illər ərzində Çeçenistan və digər respublikalarda davam edən milli-azadlıq hərəkatları müstəqil respublikaları tədbirli davranmağa məcbur etdi. Azərbaycan Şimali Qafqazda radikal dini cərəyanların güclənməsini görərək, buna qarşı müəyyən tədbirlər gördü. Amma bizim Şimali Qafqaz xalqları ilə tarixi-mədəni, mənəvi əlaqələrimiz var və bu gün də davam edir. Ötənlərdə Şimali Qafqazdan, Dağıstandan nümayəndələr, dini rəhbərlər Azərbaycana səfərlər edirlər. Ticarət əlaqələri, mədəni əlaqələr inkişaf etdirilir. Rusiya ilə Azərbaycan arasındakı ikili münasibətlər də Şimali Qafqaz xalqları ilə əməkdaşlığa müsbət təsirini göstərir. Rusiya ilə münasibətlərimiz kifayət qədər yüksək səviyyədədir. Rusiyanın müxtəlif regionlarının, bölgələrinin rəsmilərinin, nümayəndələrinin Azərbaycana səfəri intensiv hal alıb. Əlaqələrimizin genişlənərək davam edəcəyinə heç kim şübhə etmir. Tarixi-coğrafi və mədəni-mənəvi yaxınlığımız buna imkan verir".

Aydın Baxış

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
90
bakivaxti.az

1Sources