EN

Çətin, amma şərəfli xidmət...

Azərbaycanda dövlət qulluğunun tarixi çox qədim olsa da, bu sahədə ixtisaslı kadrların hazırlanması və işə qəbuluna Azərbaycan Xalq Cümhuriyyəti dövründə başlanılıb.

Məhz həmin illərdə insanlar sosial statusuna görə deyil, təhsil, dünyagörüşü, dil bilgisi və dövlət qulluğu üçün vacib olan digər keyfiyyətlərinə görə idarəçiliyə cəlb olunublar. Qısa bir vaxt, cəmi 23 ay ərzində mövcud olması və süqut etməsinə rəğmən, AXC xalqımızın dövlətçilik ənənələrini yaşadıb və inkişaf etdirib. Belə ki, həmin dövrdə ölkədə və bütövlükdə dünyada mürəkkəb siyasi-iqtisadi vəziyyətə, yenicə müstəqilliyini əldə edən dövlətə ciddi təzyiqlərə baxmayaraq, AXC hökumət və parlamenti formalaşdıra, 230-a yaxın qanun qəbul etməklə müstəqil dövlətin qanunvericilik bazasını yarada, mühüm dövlət qurumlarına təsis edə bilib və Şərqdə ilk dəfə qadınlara seçki hüququ verib.

AXC-nın süqutu ilə sovet imperiyasının tərkibinə daxil olan Azərbaycanda dövlət qulluğu və kadrların hazırlanması çətin mərhələlərdən keçib. Bir müddət ölkəyə qeyri-millətlərdən olan şəxslər, hətta erməni millətindən olanlar rəhbərlik edib, dövlət qulluğuna, xüsusən yüksək vəzifələrə işə qəbulda da rus, erməni, yəhudi və s. millətlərdən olan şəxslərə üstünlük verilib.



Məhz Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçilməsi ilə sovet dövründə dövlət idarəetmə sistemində milli kadrların hazırlanması və önə çəkilməsi prosesi başlayıb. Həmin dövrdə Ulu Öndər dövlət qulluğu vəzifələrinə azərbaycanlıları irəli çəkməklə yanaşı, ixtisaslı kadrlar yetişdirmək məqsədilə ali məktəblərdə yeni fakültələrin açılmasını, hər il 900-dən artıq gəncin SSRİ-nın qabaqcıl ali məktəblərində təhsil almağa göndərilməsini təmin edib. Bu islahatlardan sonra Azərbaycan dil dövlət qurumlarında işlək dilə çevrilməyə başlayıb. 1978-ci il Konstitusiyasında isə Azərbaycan dili rəsmən dövlət dili elan olunub.

Azərbaycan ikinci dəfə müstəqllik qazandıqdan sonra Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi ilə ölkədəki siyasi hərc-mərcliyə, iqtisadi böhrana son qoyulması istiqamətində mühüm addımlar atılması ilə yanaşı, dövlət qulluğu sahəsində ciddi islahatların həyata keçirilməsinə də başlanıldı.

Artıq dövr dəyişmişdi və müstəqil, müasir dövlət qulluğu sisteminin yaradılması zəruri idi. Yeni dövr Avropa təcrübəsinın üstünlüklərini nəzərə alaraq milli dövlətçilik ənənələrini əks etdirən dövlət qulluğu siyasəti yürüdülməsini tələb edirdi. 1995-ci ildə Azərbaycanda yeni Konstitusiyanın qəbulu ilə müasir dövlət idarəçiliyi və dövlət qulluğu sisteminin formlaşdırılması üçün hüquqi baza yaradıldı.

1998-ci il dekabrın 29-da Ulu Öndər Heydər Əliyevin imzaladığı "Azərbaycan Respublikasının dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə dövlət komissiyasının yaradılması haqqında" fərman isə dövlət idarəetməsi sistemində yeni islahatların başlanğıcı oldu. Bu islahatlar dövlət xərclərinin idarə olunması, audit, dövlət idarəetmə, hüquq və məhkəmə sistemində ciddi dəyişikliklərə səbəb oldu.

Ötən əsrin axırılarında paralel olaraq, idarəetmə sahəsində milli kadrların hazırlanması üçün yeni təhsil ocaqlarının yaradılmasını da xüsusi qeyd etmək vacibdir. Xüsusən də Ümummilli lider Heydər Əliyevin 3 yanvar 1999-cu il fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının yaradılması idarəçilik sahəsində mütəxəssislər hazırlanması işinin müasir tələblərə uyğun qurulması istiqamətində mühüm addım idi.

Daha sonra - 2000-ci il iyulun 21-də dövlət qulluğunun təkmilləşdirilməsi məqsədilə "Dövlət qulluğu haqqında" Qanun, eləcə də bu sahəni tənzimləyən bir sıra digər qanunvericilik aktları qəbul edildi. Bütün bu addımlar səmərəli, məsuliyyətli və demokratik idarəçiliyin yaradılması, dövlət orqanlarının fəaliyyətində çevikliyin və şəffaflığın gücləndirilməsi, vətəndaşların müraciətlərinin operativ həlli, təcrübəli və peşəkar dövlət qulluqçularının sayının artırılmasına böyük töhfə vermiş oldu.

Yeni qanunun qəbulu ilə həm idarəçilik sistemində islahatların həyata keçirilməsi, həm də dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılması işi sürətləndi.

Ulu Öndərin digər sahələrdə olduğu kimi, dövlət qulluğunun təkmilləşdirilməsi istiqamətində də başladığı işləri 2003-cü ildə dövlət başçısı seçilən İlham Əliyev uğurla davam etdirməyə başladı.




Bu istiqamətdə atılan addımlar sırasında ilk növbədə 2005-ci il yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın yaradılmasını qeyd etmək lazım gəlir. Məhz bu komissiyanın yaradılması ilə dövlət qulluğu üçün kadrların müsabiqə və şəffaflıq əsasında seçilməsi təmin olundu. Bu addım eyni zamanda vətənpərvər, yüksək ixtisaslı, yenilikçi kadrların dövlət qulluğuna cəlb edilməsi işinə böyük töhfə verdi. 2016-cı ildən isə bu proses - dövlət qulluğuna qəbulun təşkili və ona nəzarət ölkə başçısının fərmanı ilə Dövlət İmtahan Mərkəzinə verildi.

İdarəçilik sahəsində şəffaflıq, səmərəlilik və əhalinin rahatlığının təmin edilməsi, neqativ halların aradan qaldırılması məqsədilə görülən işlər sırasında elektron xidmətlərin yaradılmasının nə qədər önəmli olduğunu isə yəqin ki, izah etməyə ehtiyac yoxdur. Çünki Prezident İlham Əliyevin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 2011-ci il 23 may tarixli fərmanı, həmçinin 2012-ci il 18 aprel tarixli sərəncamı ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Hökumət üzrə Dövlət Agentliyi yaradılmasının, başqa sözlə, elektron hökumətin tətbiqinin dövlət qulluğunda şəffaflığı daha da artması, məmur-vətəndaş əlaqələrini minimuma endirməsi göz önündədir. Bu baxımdan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyəti də xüsusi diqqət çəkir. Prezident İlham Əliyevin bu Agentliyin yaradılmasını "ictimai xidmətlər sahəsində böyük inqilab" adlandırması da təsadüfi deyil. Çünki doğrudan da “ASAN xidmət”in yaradılması müxtəlif dövlət idarələrindəki bürokratik əngəllər, süründürməçilik, vaxt itkisi, rüşvət və s. kimi neqativ halların aradan qalxmasına səbəb olmaqla, sözün əsl mənasında əhalinin işini asanlaşdırdı.

Bütün bu yeniliklər sözsüz ki, müasir texnologiyaları yaxşı mənimsəyən, yüksık idarəetmə səriştəsinə malik peşəkar kadrlara böyük ehtiyac yaradır. Dövlət qulluğu istiqamətində həyata keçirilən islahatlar zamanı bu məsələdə ilə bağlı da vacib addımlar atıldı. Prezident İlham Əliyevin təsdiq etdiyi Dövlət Proqramına əsasən, hər il yüzlərlə gəncin inkişaf etmiş ölkələrin nüfuzlu ali məktəblərində təhsil alaraq yetkin mütəxəssis kimi ölkəmizə qayıtması bunun sübutudur.

Ümumiyyətlə, dövlət qulluğu və idarəetmə islahatları Prezident İlham Əliyevin daim diqqət yetirdiyi sahələrdən biridir. Onun ölkəyə rəhbərlik etdiyi dövrdə "Dövlər qulluğu haqqında" qanuna 170-dən artıq dəyişiklik edilib, dövlət quruculuğu məsələlərinə dair 500-ə yaxın fərman və sərəncam imzalanıb. Ölkədə vitse-prezidentlik institutunun yaradılması, azad edilmiş ərazilərdə yeni idarəetmə formasının - Prezidentinin xüsusi nümayəndəliklərinin təsis edilməsi də dövlət idarəçiliyi sahəsində isalahatların tərkib hissəsidir.




Prezident İlham Əliyevin siyasətinin mərkəzində onun özünün də dəfələrlə vurğuladığı kimi, insan amili, Azərbaycan vətəndaşı, onun rifahının təmin edilməsi əsas yer tutur. Ona görə də Azərbaycan prezidenti istər məmurları qəbul edərkən, istərsə də bölgələrə səfərləri zamanı vəzifəyə təyin etdiyi şəxslərin fəaliyyətinə ciddi nəzarət edir, onların gördüyü müsbət işləri təqdir edir, nöqsanlarla bağlı iradlarını bildirir və onların aradan qaldırılması ilə bağlı tapşırıqlar verir.

Dövlət qulluqçularının vətəndaşa xidmət etməsi, öz fəaliyyətində qanunları əsas götürməsi, vicdanlı davranması, içdiyi anda sadiq olması vətəndaşı məmnun, dövləti güclü edir. Prezident İlham Əliyevin dediyi kimi: "...Dövlət qulluğunda çalışmaq hər bir insan üçün son dərəcə şərəfli işdir. Bu o deməkdir ki, həmin vətəndaşa müstəqil, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ön sıralarında olmaq imkanı etibar edilmişdir. Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır. Tutduğu vəzifənin səviyyəsindən və əhəmiyyətindən asılı olmayaraq, dövlət qulluqçusu həmişə xatırlamalıdır ki, o, xalqın xidmətçisidir, insanlara xidmət, onların qayğıları ilə yaşamaq onun əsas vəzifəsidir".

Daim dövlət qulluqçularına qarşı tələbkarlığı ilə diqqəti cəlb edən Prezident İlham Əliyev onların sosial müdafiəsinə də diqqət və qayğı ilə yanaşır. Dövlət başçısının 2006-cı il 25 may tarixli sərəncamı ilə iyunun 23-ünün dövlət qulluqçularının peşə bayramı günü elan olunması da bu sahədə çalışan insanların əməyinə ən yüksək səviyyədə dəyər verilməsinin göstəricisidir.




Sonda onu da qeyd edək ki, Azərbaycanda dövlət qulluqçularının sayı ölkənin məşğul əhalisinin çox az hissəsini təşkil edir. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı cəmi 27,1 min nəfər təşkil edib. Onların da 29,4 faizini qadınlar təşkil edir. Dövlət qulluqçularının sayının az olması bu sahədə çalışanların peşəkarlıq səviyyəsinin, məhsuldarlığının və iş keyfiyyətinin yüksək olmasını zəruri edir. Çünki yalnız yüksək peşəkarlıq, dərin savad və yenilikçi düşüncə tərzi, ən vacibi isə Vətənə və dövlətə sədaqət hissi ilə dövlət qulluqçusu kimi çətin, məsuliyyətli və şərəfli işin öhdəsindən gəlmək mümkündür.

Zaur
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
27
bakupost.az

1Sources