EN

"Növbəti mövsüm "Qarabağ" üzərində sindromu qıracağıq" – Cavid İmamverdiyev

"Ötən mövsümdən "Sabah"dayam. Əvvəlcə Saşa Yunisoğlunun çalışdırdığı U-17 komandasında idim. Orada çempion olmuşduq. Bu dəfə isə U-15 komandasında Elvin Həsənovun köməkçisi idim".

Bunu Prosport.Az saytına müsahibəsində "Sabah" klubunun U-15 komandasının məşqçisi Cavid İmamverdiyev deyib.

O, dünən baş tutmuş AFFA U-15 Liqasında "Qarabağ"a penaltilər seriyasında uduzmaları barədə fikirlərini bildirib: "Oyun baxımından mən elə düşünürəm ki, biz üstün oynadıq. Xüsusən ilk hissədə. Sadəcə, şanslarımızdan istifadə edə bilmədik. Elvin Həsənovun qurduğu komanda və onun oyun üslubu göz qabağındadır. Bu komanda tam başqa futbol oynayır. Stadiona finala baxmağa gələnlər bunu təsdiqləyər. "Qarabağ"ı təbrik edirəm. Ancaq düşünürəm ki, qalib biz olmalıydıq".

Millimizin və "Sabah"ın sabiq yarımmüdafiəçisi bu mövsüm 3-cü dəfə "Qarabağ"a yenilmələrindən də danışıb: "Düzdür, "Qarabağ" üzərində sindromu qıra bilmədik. Ancaq biz irəli baxırıq. Oyun baxımından biz üstün idik. Penaltilər də lotereyadır. Gələn il U-16 Liqasında yarışacağıq. Məncə, böyümək üçün belə oyunlardan nəticə çıxarmaq lazımdır. Düşünürəm ki, bu məşqçilər heyəti bu komandada qalsa, növbəti mövsüm bu sindrom qırılacaq".

33 yaşlı məşqçi saat 17:00-da keçirilən oyun barədə isə bunu bildirib: "Əlbəttə, futbolçulara qızmaq günəş altında oynamaq çox pis təsir edirdi. Bu oyun ən azı saat 7-yə salınmalı idi. Uşaqların üzünə baxırdım, onlara yazığım gəlirdi. Uşaqlar nə qədər motivasiyalı olsa da, günəş altında oynamaq onlara təsir edir. Buna rəğmən, uşaqlarımız ideal oyun nümayiş etdirdi".

Səbuhi Musa

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
44
prosport.az

1Sources