EN

"Qağayı" tamaşasındakı Ninanın həyatını yaşamaq üçün Rusiyaya getdim"...

"Yeni Azərbaycan" gənc aktrisa Səbinə Məmmədzadə ilə müsahibəni təqdim edir

- Səbinə xanım, niyə aktyorlar teatrı serial və filmlərdən daha üstün tuturlar?

- Əslində aktyorlar  2 yerə bölünür. Elə aktyor var sırf kinoda rol oynayır. Elə aktyor da var həm kino, həm teatrda fəaliyyət göstərir. Lakin kinoda rol alan bəzi aktyorlar teatrda oynamağa qorxurlar sanki. Sənətə kino ilə başlasam da, mənim üçün birinci yerdə hər zaman teatr durub. Kino çəkilişlərində də yer alıram. Çətinliyə gəldikdə isə teatr daha çətindir.

- Qeyd etdiniz ki, filmdə çəkilən aktyorlar teatra gəlməkdən qorxurlar,  nəyə əsasən bu fikirdəsiniz?

- Bəzi aktyorlar var ki, kinoda gözəl rol oynayırlar, lakin bunu teatrda edə bilməyəcəklərini düşünürlər. Dil qüsuru olan aktyorlar var, kinoda səsləndirmə etmək olur, teatrda yox. Amma hər iki sahədə imzanı qoyan gözəl aktrisalarımız da var. Məsələn, çox sevilən aktrisamız Həmidə Ömərovanın adını çəkə bilərəm. İlk dəfə teatr tamaşasını onunla oynamışam. O, həm kinoda, həm də teatrda ciddi şəkildə imzasını qoyub.

- Bəs Səbinə Məmmədzadə aktrisa olmasaydı, hansı sahəni seçərdi?

- Ağlıma heç nə gəlmir. 12 il sırf bu sənət üçün təhsil almışam. Anam fransız dili müəlliməsi, atam isə xoreoqraf olmağımı istəyirdi. Lakin rejissorluğu seçdim. Kiçik yaşlarımdan  pərəstişkarlıq etdiyim müğənni Aygün Kazımova idi.

- Bəs indi necə?

- İndi də pərəstəşkarıyam.

-  Bəs serial çəkilişi üçün ilk təklifi necə aldınız?

- Birinci kursda oxuyurdum. İlk çəkildiyim film "Ultionis”oldu. Orada ssenarist, rejissor rolumu çox  bəyəndi. Baş rol vermişdir mənə. Ondan sonra Varis Yolçuyevin "Bir ovuc torpaq" filmində oynadım. Əvvəllər indiki kimi həyəcanlanmırdım film çəkilişlərində. Sonra ard-arda təkliflər çox gəldi. Artıq ikinci rejissor kimi fəaliyyət göstərməyə başladım. Teatra sevgim sonsuzdur. Hətta 8-ci sinifdən başlayaraq teatrlara gedirdim. Teatrda bir neçə ay ödənişsiz işlədim. İndiki gənclər də  teatra çox həvəslidirlər. Az maaşla başlasam da,  teatrdan kənara  çıxmırdım.

- Sizcə əsl aktyor necə olmalıdır?

- Məhəmməd Füzulinin bir əsərini tamaşada oynamaq üçün Bağdada getmək istədim, imkanım olmadı. Lakin həmin tamaşaya görə bütün həyat tərzimi dəyişdim, hətta əks cinsin nümayəndələrinə salam belə vermirdim. Müəyyən müddətdə bütün həyatıma təsir etdi. "Mən öləndə ağlama" tamaşasına  görə icazə alıb ruhi dispanserə getdik. Bir gün xəstələrlə ünsiyyətdə oldum. Və ondan sonra 6 ay depressiya yaşadım. "Qağayı" tamaşasına  görə isə Rusiyaya getməyə  qərara aldım. Çünki o tamaşadakı Ninanın həyatını az da olsa yaşamalıydım. Hətta bu səfər üçün  kreditə girdim... O əsərdə Nina kəndli kişilərlə birlikdə qatara  minib yola düşür. Rusiyaya gedib, həmin qatarı tapdım və  Ninanın mindiyi 3-cü vaqona mindim. Eynən mənim geyim və tərzimdə olan bir qadın portreti də tapmışdım. Mənə elə gəlir ki, aktyor belə də olmalıdır. Nina Zareçnaya kimi əsas qəhrəman mənə həvalə olunubsa onun haqqını verməliydim.

Havar Şəfiyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources