EN

"Milli Məclisə keçiriləcək seçkilər yeni dönəmin tələbidir" - MÜNASİBƏT BİLDİRİLDİ

“Bu gün Azərbaycan beynəlxalq arenada qüdrətli ordusu, güclü iqtisadiyyatı ilə önəmli mövqe tutan, müstəqil xarici siyasət yürüdən qalib ölkəyə çevrilib. Bu, öz tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın bugünkü reallıqlarıdır. 20 il əvvəl Azərbaycan xalqı müdrik seçim edərək dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin siyasi kursu və layiqli davamçısı cənab İlham Əliyevə səs verib onu Prezident seçdi. Ötən hər il xalqın öz seçimində yanılmadığını təsdiqləyir. Yeni əsrin yeni lideri İlham Əliyev bu 20 ildə Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözükeçən dövlətə çevirdi”. Bu sözləri SİA-ya açıqlamasında YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev deyib.

O bildirib ki, Müzəffər Ali Baş Komandan cənabİlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində düşmən tapdağında olan doğma Qarabağımız işğalından azad etdi: “2023-cü ilin sentyabrının 19-20-də isə uğurlu antiterror tədbirləri ilə Azərbaycan beynəlxalq qanunlarla təsbit olunmuş ərazilərində suverenliyini, ərazi bütövlüyünü tam bərpa etdi. Beynəlxalq vasitəçilərin uzun illər edə bilmədiklərini və yaxud etmək istəmədiklərini Azərbaycan özü reallığa çevirdi. Ən nəhayət 2023-cü ilin oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandancənab İlham Əliyev tərəfindən əzəli torpaqlarımız olan Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şəhərlərində, eləcə də Əsgəran qəsəbəsində üçrəngli dövlət bayrağımızın ucaldılması və Prezident cənab İlham Əliyevin Xankəndi şəhərindən xalqımıza müraciəti ölkəmizin bütün ərazilərində suverenliyimizin bərpasının təntənəsi olmaqla yüksək qürur və iftixar hissləri ilə qarşılandı.

XXI əsrin dünya liderləri arasında xüsusi yeri və mövqeyi olan, öz xalqına tarixi zəfərlər qazandırmış cənab İlham Əliyevin 2024-cü il fev­ralın 7-də yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə müstəqil dövlətimiz Zəfərlərə doğru yeni və etibarlı təminat almışdır. Bu mənada xalqımız və ölkəmiz 7 fevral 2024-cü ilin prezident seçkiləri ilə müstəqillik tariximizin indiyə qədərki möhtəşəm tarixi inkişaf yoluna yekun vurmuş və daha böyük inkişafın geniş üfüqlərini nümayiş et­dirən yeni dövrə qədəm qoymuşdur. Azərbaycan Respublikasına uğurla rəhbərlik edən, ölkəmizi və xalqımızı yeni tarixi inkişaf mərhələsinə çatdırmış, 7 fevral seçkilərində qazandığı möhtəşəm qələbə ilə tariximizə silinməz izlər salmış, 20 illik inkişafın möhtəşəm hesabatını təqdim edən Prezident cənab İlham Əliyev həm də daha böyük gələcəyə təminat verə bilən lider olduğunu da təsdiqləmişdir.

7 fevral 2024-cü il seçkilərində qazanılmış tarixi qələbə Ali Baş Komandan cənab İlham Əliyevin daha böyük gələcəyə çağırışlarını ifadə edən manifestidir. Bu, müstəqil dövlətçilik manifestinin ideya müəllifi uzaqgörən dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyev, baş qəhrəmanı isə müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevdir. Bütün bunlara görə 7 fevral 2024-cü il prezident seçkiləri müstəqillik tariximizin möhtəşəm yekunu, yeni tarixi dönəmin başlanğıcıdır. Dünyanın gözü qarşısında 7 fevral seçkilərində mühüm tarixi qələbə qazanmış Azərbaycan xalqı böyük qürur hissi ilə cənab İlham Əliyevə səs verməklə özünün yeni zəfərlər vəd edən daha böyük gələcəyinə səs verdi. Vətən müharibəsindən sonra keçirilən ilk seçkidə-Zəfər seçkisində iştirak hər bir vətənsevər azərbaycanlının müqəddəs amalı, son 200 illik tariximizin dönüş anı, mühüm dövlətçilik imtahanı və beynəlxalq siyasi hadisə oldu. Prezident seçkiləri bir sıra məqamları və əhəmiyyəti ilə şanlı tariximizə yazıldı. Xalqımız 30 ildən sonra ilk dəfə olaraq ərazi bütövlüyümüz tam təmin edilmiş şəkildə seçki keçirdi və bu seçki bütün ölkə ərazisini əhatə etdi. Keçmiş məcburi köçkün bacı və qardaşlarımız öz yurdlarında seçici kimi səsverməyə qatıldılar. İllərdən sonra Ağdərədə, Kəlbəcərdə, Laçında, Şuşada, Ağdamda, Füzulidə, Qubadlıda, Zəngilanda, Cəbrayılda, Xocavənddə, Xocalıda, Xankəndidə – yəni Qarabağ və Şərqi Zəngəzurda Zəfər seçkilərinin qüruru yaşandı. Bununla da biz ərazi bütövlüyümüzü və suverenliyimizi bir daha təsdiq edərək bütün dünyaya nümayiş etdirdik. Odur ki, bu seçkilər Zəfər seçkisi olaraq tariximizdə əbədi qalacaq.

Nəticə etibarı ilə, Prezident cənab İlham Əliyev müstəqilliyimizin simvolu, Azərbaycanın dünyadakı haqq səsi, bütün dünya azərbaycanlılarının hüquqlarının və təhlükəsizliyinin qarantına çevrildi. Beləliklə, həmişə olduğu kimi, bundan sonra da uzun illər xalqımız ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşərək böyük uğurlara imza atacaq, həmişə olduğu kimi dövlətimiz və xalqımız hər zaman qalib kimi bütün dünyaya səs salacaq.

Hələ cari ilin yanvar ayının 10-da Prezident cənabİlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Prezident seçkilərinin zərurətini şərh edərkən ölkənin ərazi bütövlüyü, suverenliyi və konstitusiya quruluşunun tam bərqərar olunması fonunda keyfiyyət və mahiyyətcə yeni dövrün anonsunu vermişdir. Məhz belə bir dönəmdə və şəraitdə ölkəmizdə Prezident seçiklərindən sonra Milli Məclisə seçkilərin keçirilməsi zərurətə çevrilib. İlk növbədə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunmasından sonra müstəqillik tariximizdə ilk dəfə bütün ölkə ərazisində parlament seçkilərinin keçirilməsi Konstitusiyanın 54-56 və 71-ci maddələrinə müvafiq olaraq, vətəndaşların dövlətin idarə olunmasında və cəmiyyətin siyasi həyatında maneəsiz iştirak, dövlət orqanlarına seçmək və seçilmək hüququnun qanunverici hakimiyyətə seçkilər fonunda təmin olunmasıdır. Bu mənada bütün ölkə ərazisində keçirilmiş ilk prezident seçkilərindən sonra Azərbaycanda yeni dövrün tələbinə uyğun parlamentin formalaşdırılması tarixi-siyasi zərurətə çevrilib. Milli Məclisə təklif edilən növbədənkənar seçkilər nəticəsində müstəqillik tariximizdə ilk dəfə olaraq seçkilər fiziki olaraq Qarabağ və Zəngəzuru da əhatələyəcək və həmin bölgəni təmsil edən deputatlar məhz bu ərazilərdə keçirilən seçkilər nəticəsində mandat alacaqlar. Məsələni zərurətə çevirən digər amil isə ölkədə Parlament seçkilərinin Azərbaycan tarixinin ən irimiqyaslı tədbirə (COP 29) ev sahibliyi etməsi ilə üst-üstə düşməsi ilə bağlıdır.

Bu səbəblərə görə cari ilin iyun ayının 20-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilmiş və bu iclasda VI çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət barədə qərarın yekdilliklə qəbul edilməsi yeni geosiyasi reallığın və ölkəmizin qədəm qoyduğu keyfiyyətcə yeni inkişaf mərhələsinin tələbidir”.

Müəllif: Səbinə Hüseynli
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
86
2
sia.az

3Sources