EN

Cənub bölgəsində İran dalğası: "Müdaxilələrin qarşısı dərhal alınmalıdır" - Açıqlama

Millət vəkili Sabir Rüstəmxanlı Yardımlıda olarkən ona “İrana xoş gəlmisiniz…” mesajı göndərilməsilə bağlı "Azercell"i tənqid edib. Əlbəttə, Sabir Rüstəmxanlı haqlıdır. Uzun illər milli məfkurə və azadlıq mübarizəsi aparan yazıçının öz vətənində belə bir mesaj almasından dolayı reaksiyası anlaşılandır. Gərək mobil operatorlar “yatmasınlar”, aidiyyatı qurumlarla radio monitorinqlər aparsınlar, baza stansiyalarının gücünü artırsınlar. Öz ərazimizdə olduğumuz zaman xarici ölkənin mobil operatorundan rouminq bağlantısı mesajının daxil olması yolverilməzdir”.




Bunu “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Bakupost.az -a açıqlamasında deyib.

O qeyd edib ki, "Azercell"in İranla rouminq razılaşması var. Bu o deməkdir ki, müştərisi "Azercell"in baza stansiyasının təsir dairəsindən uzaqlaşdıqda ona həmin əraziyə yaxın olan, Azercellə rouminq müqaviləsi olan digər operator xidmət göstərməlidir. Yardımlıda isə bu operator Nar, yaxud Bakcell deyil, həmin əraziyə yaxın olan "İrancell"dir:

“Düşünürəm ki, belə olmamalıdır. Əlbəttə, beynəlxalq normativlər var, sərhəd zonalarında yerləşən radiovasitələrin gücləri ölkələr tərəfindən beynəlxalq normalarla tənzimlənir. Lakin təəssüf ki, biz hələlik İranla bu cür tənzimləmələri, məhz onların beynəlxalq normalara sayğısızlığı səbəbindən başa çatdıra bilməmişik. Güman ki, onlar məqsədyönlü olaraq sərhəddə yerləşən baza stansiyalarının istiqamətini və gücünü beynəlxalq normalara zidd olaraq tənzimləyiblər. Belə olan halda isə bizim operatorlarımızın üzərinə daha böyük məsuliyyət düşür. Onlar daim bunu nəzarətdə saxlamalıdırlar. Təəssüf ki, bizim mobil operatorlarımız indiyədək ortaq baza stansiyaları şəbəkəsi qura bilməyiblər. Yalnız Nar və Bakcell ortaq şəbəkəyə malikdir. Xatırlayıram ki, 2-ci Qarabağ savaşından məğlub çıxan Ermənistan o zaman Şuşa ətrafındakı baza stansiyalarını gücləndirərək Şuşaya gələn xarici qonaqlara bu tip mesajlar göndərmişdilər. O zaman bizim aidiyyatı qurumlar bu məsələni dərhal həll etmişdilər. İndi təsəvvür edin ki, ölkəmizə gələn COP29 qonağı, yaxud turist cənub bölgəsinə daxil olur. Onun telefonuna xidmət edən xarici mobil opetaror həmin ərazidə olan, hətta rouminq müaviləsi olan Azercell-in baza stansiyasının siqnalını deyil, İrancell –in siqnalını qəbul edəcək. Və ona da “İrana xoş gəlmisiz” mesajı daxil olacaq. Bütün bunlar isə yolverilməzdir. Əgər bizim operatorların baza stansiyaları bütün ərazilərimizdə daha əlçatan, daha güclü olsa, telefonumuza belə arzuolunmaz mesajlar gəlməz. Bu, birmənalıdır. Mobil operatorlar və aidiyyatı dövlət qurumları İranla radio müdaxilə məsələlərini beynəlxalq normalara uyğun bitirməli, resurslar ayırmalı və tez bir zamanda problemi həll etməlidirlər”.

Sevinc,
BakuPost


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
35
bakupost.az

1Sources