EN

Türkiyədə dövlət xəstəxanasına baş həkim təyin edilən ilk azərbaycanlı

Son yeniləmə: 21 İyun 2024 11:24 BAYRAQDAR MEDİA – Bir müddət öncə yayılan məlumata görə Azərbaycan əsilli uzman-həkim İlham Qafarlı Türkiyədəki dövlət xəstəxanalarından biri olan və Sinop şəhərində yerləşən Atatürk Dövlət Xəstəxanasının baş həkimi vəzifəsinə təyin olunub. Məlumatda qeyd edilirdi ki, İlham Qafarlı qardaş Türkiyədə dövlət xəstəxanasına baş həkim təyin edilən ilk azərbaycanlıdır.Məlumatı təsdiqləyən İlham Qafarlı BAYRAQDAR MEDİA-ya qısa açıqlamasında bunun böyük bir etimad olduğunu dedi. O, qeyd etdi ki, bu etimadı doğrultmaq üçün əlindən gələni edəcək: “Hər bir azərbaycanlı kimi mən də qürur duyuram ki, qardaş ölkədə belə yüksək vəzifəyə təyin olunmuşam. Hesab edirəm ki, bu, mənə, o cümlədən Azərbaycan səhiyyyə sektorunun təmsilçilərinə qardaş ölkədə göstərilən böyük etimadır. Təbii ki, bu etimadı yüksək səviyyədə doğrultmaq üçün var gücümlə çalışacağam. Həmçinin baş həkim kimi fəaliyyətim dövründə iki qardaş ölkənin səhiyyə orqanları arasında əməkdaşlığın daha da dərinləşməsi istiqamətində atılan addımlara da öz dəstəyimi göstərəcəyəm”.Məlumat üçün bildirək ki, 1983-cü ildə Qərbi Azərbaycanın Basarkeçər rayonunda anadan olan İlham Qafarlı orta təhsilini 2001-ci ildə Bakıdakı 202 nömrəli məktəbdə tamamlayıb. 2009-cu ildə isə İstanbul Universiteti Cərrahpaşa Tibb Fakültəsindən məzun olub. O, 2015-2017-ci illər arasında Bezmialem Vəqf Universiteti Tibb Fakültəsinin Tibbi Patologiya şöbəsində çalışıb. 2017-2022-ci illər arasında isə Acıbadem Mehmet Ali Aydınlar Universiteti Tibb Fakültəsinin Daxili Xəstəliklər Kafedrasında uzmanlıq təhsili alıb. Bu təhsil ocağında “Preclinical effectiveness study of NK92 cells expressing BCMA CAR, CD16, IL12 in multiple myelom disease (Çoxlu myelom xəstəliyində bcma CAR, CD16, IL12 ifadə edən NK92 hüceyrələrinin preklinik təsirinin öyrənilməsi)” adlı elmi işini müvəffəqiyyətlə müdafiə edərək daxili xəstəliklər üzrə mütəxəssis ünvanını alan İ.Qafarlı eyni müəssisədə 3 fevral 2023-cü il tarixinədək daxili xəstəliklər mütəxəssisi olaraq çalışıb. 2023-cü ilin fevral ayında Durağan Şəhid Hakan Tanrıqulu Dövlət Xəstəxanasında fəaliyyətə başlayan İ.Qafarlı 1 mart 2023 tarixində eyni xəstəxananın baş həkimi vəzifəsinə təyin olunub. 22 may 2024-cü il tarixində isə İ.Qafarlı Sinop Atatürk Dövlət Xəstəxanasının baş həkimi təyin edilib.Onu da qeyd edək ki, uzman-həkim İ.Qafarlı tibb təhsili ilə yanaşı distant təhsillə oxuduğu Anadolu Universitetinin Səhiyyə Müəssisələrinin İdarə Edilməsi ixtisasından 2014-cü ildə, Beynəlxalq Əlaqələr ixtisasından 2016-cı ildə, Sosial Media İdarəçiliyi ixtisasından isə 2021-ci ildə məzun olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources