EN

Asif Məmmədov: “Problemi, çatışmazlığı başqa yerdə axtarmaq lazımdı”

"Qəbələ" bu mövsüm elitadan vidaşlaşsa da, bölgə təmsilçisini ən təcrübəli oyunçusu və kapitanı Asif Məmmədov "qırmızı-qaralar"ın sırasını tərk etməyəcəyini bildirib. 38 yaşlı futbolçu Sport24.az-a müsahibəsində həm bu, həm də bizi maraqlandıran başqa sualları cavablandırıb.
 
- Asif hazırda nə işlə məşğulsan? - Hələlik istirahət edirəm
 
- "Qəbələ"də qalmağın rəsmləşdi? - Bəli, "qırmızı-qaralar"da olacam. Komandamızı I Liqada çempion edib elitaya geridönüş etmək istəyirik.
 
- Bölgə təmsilçisində yeganə təcrübəli sən olacaqsan, yoxsa kimlərsə də sənə qoşulacaq?
- Mənim qalacağım dəqiqdi. Əksər oyunçular komandadan gedib və ya müqavilələri bitib. Görünən odur ki, ən təcrübəli mən və akademiyanın yetirmələrindən ibarət komanda formalaşdıracağıq. Əlavə də 7-8 transfer gözlənilir.
 
- Kaxaber Tsxadadzeylə təcrübəli oyunçu kimi səninlə məsləhətləşir? - Gürcü mütəxəssis hazırda ən çox mənimlə ünsiyyətdədi. Komandaya yerli oyunçuların cəlb olunmasıyla bağlı söhbətlər edirik.
 
- AFFA "Qəbələ"nin inftastrukturu və akademiyasının saxlanması üçün 700 min manat vəsait ayırdı. Səncə, bu pul kifayət edəcək? - Əlbəttə ki, kifayət deyil. 6 meydança, akademiyanın saxlanması, işçilərin maaşı və digər zəruri ehtiyacları nəzərə alsaq, əlavə vəsait lazım olacaq. İnanıram ki, klub rəhbərliyi bu məsələni hamıdan yaxşı bilir və tədbir görəcək.
 
- Avrokubokılarda çıxış edəcək klublarımızın rəqibləri bilindi. Səncə kimlərin bəxti gətirdi? - Düşünürəm ki, ən çətin rəqib "Sabah"a düşüb. İsrail təmsilçisi çox güclü kollektivdi. Amma unutmayaq ki, "Sabah" da sıradan komanda deyil. Maraqlı və gərgin oyun olacağı danılmazdı. "Zirə" ilə "Sumqayıt" işlərin öhdələrindən gələcəyi qənaətindəyəm. 2 il öncə "Qəbələ"nin heyəti geniş olsaydı və İlkin Qırtımov sıradan çıxmasaydı "Fehervar" səddi keçə bilərdik. Fikrimcə, "kimyaçılar" bizdən daha əlverişli şəraitdədi və onlar Macarıstan təmsilçisini məğlub edəcəklər. "Şerif" də pis komanda deyil, onların böyük avrokubok təcrübəsi var. Amma hansısa klubun adından qorxmayıb, meydanda sona kimi mübarizə aparmaq lazımdı. "Zirə" son mövsümdə sərgilədiyi oyunu qitəmiqyaslı yarışlarda da sərgiləsə uğur qazana bilər.
 
- Yığmanın yeni baş məşqçisinin adına aydınlıq gəldi. Qarşıdakı 4 ildə ölkənin əsas komandasına Fernandu Santuş rəhbərlik edəcək. Bununla bağlı fikirlərini bilmək maraqlı olardı...  - Santuş adlı-sanlı mütəxəssisdi. İnanmaq istəyirəm ki, bəlkə onun şöhrəti sayəsində futbolçularımıza xarici klublardan maraq yaransın. Bu gün çoxları portuqaliyalı mütəxəssisin ünvanına tənqidlər yağdırır, onun yaşının çox olmasını qabardır. Amma problem nə baş məşqçidə, nə də onun yaşındadı. Problemi, çatışmazlığı başqa yerdə axtarmaq lazımdı. Bu gün başlıca problemimiz futbolçu yetişdirə bilməməyimizdi. Baxın, neçə klubumuzun akademiyası var, amma aşağı yaş qruplardan tutmuş A yığmamıza qədər futbolçu seçimi yoxdu. Vəziyyət o qədər acınacaqlıdı ki, I Liqada iddialı olan komandalar, o cümlədən "Qəbələ" yerli oyunçu tapa bilmir. Bizim vaxtımızda akademiyalar yox idi, amma oyunçu seçimi bol idi. Çoxları deyir komanda sayını 12-yə qaldıraq. Amma sual edən yoxdu ki, klublar hansı yerli oyunçu ilə çıxış edəcək? Bu gün millidə sağ və sol cinah müdafiəçiləri yox dərəcəsindədi. Taran tipli hücumçumuz varmı? Bir dənə Bəhlul Mustafazadənin ümidini qalmamamılıyıq. Ən azından 3-4 Bəhlulumuz olmalıdı. Futbolçu seçimi geniş olmadıqdan sonra ulduz baş məşqçini də Azərbaycan millisinə gətirsən böyük uğurlar əldə etmək mümkün olmayacaq. Odur ki, uşaq futbolunu dirçəlməliyik.
 
- Hazırda davam edən AVRO-2024-də hansı yığmaya azarkeşlik edirsən? - Heç bir yığmaya azarkeşlik etmirəm. Amma oyun üslubuna görə Almaniya seçməsi xoşuma gəlir.
ABDULLA İSMAYILOĞLU

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
20
sport24.az

1Sources