EN

Baş konsul Birey Yılmazsoy: Odessada Azərbaycan icması ilə sıx əməkdaşlığımız var

Odessa, 20 iyun, AZƏRTAC

Bütün ölkələrdə olduğu kimi Ukraynada Azərbaycan və Türkiyə diplomatiyası “Bir millət iki dövlət” şüarı ilə dost, qardaş əməkdaşlığını davam etdirir.

AZƏRTAC xəbər verir ki, bu fikri Türkiyənin Odessadakı Baş konsulu Birey Yılmazsoyla görüşündə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev söyləyib.

Səfir Odessada Azərbaycan icması ilə sıx əməkdaşlığa görə Türkiyənin baş konsuluna təşəkkürünü bildirib və qeyd edib ki, Baş Konsulluq müharibə başlayandan sonra Odessa və buraya yaxın bölgələrdə yaşayan azərbaycanlıların problemləri ilə yaxından maraqlanıb.

“Bu gün biz əməkdaşlığın bütün sahələrindən danışarkən Azərbaycan Türkiyə münasibətlərinin tarixi zirvədə olduğunu qeyd etsək, yanılmarıq. Azərbaycan və Türkiyə əməkdaşlığı Ukraynada da zirvədədir. Odessada Türkiyənin Baş Konsulluğunun olması Azərbaycana da güvənc verir”, - deyə Seymur Mərdəliyev vurğulayıb.

Görüşdə Birey Yılmazsoy Odessada mövcud vəziyyət barədə danışıb, müharibə zamanı azərbaycanlıların təxliyəsində görülən işləri vurğulayıb.

Görüşdən sonra AZƏRTAC-a məxsusi açıqlama verən Birey Yılmazsoy bildirib ki, istər müharibədən öncə, istərsə müharibə başlayandan sonra Odessada yaşayan və çalışan azərbaycanlılarla sıx əlaqələri olub.

“Azərbaycanın Odessada icması çox güclü fəaliyyət göstərir. Azərbaycanlılar bizi tək Türkiyənin deyil, həm də Azərbaycanın Baş Konsulluğu kimi görürlər, baş konsul kimi bütün tədbirlərinə dəvət edirlər. Mən də tək Türkiyənin deyil, Azərbaycanın da baş konsulu olaraq onlarla birgə işləməyə, dəstək verməyə çalışmışam. Müharibə olmasına baxmayaraq, Odessada hələ də çox saylı azərbaycanlı var. Biz bütün dünyada olduğu kimi Odessada da azərbaycanlı qardaşlarımızın yanındayıq”, - deyə Birey Yılmazsoy qeyd edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Odessa

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
5
1
azertag.az

2Sources