EN

Denzel Dumfris gələcəyi haqda danışdı

İtaliyanın “İnter” klubunun və Niderland millisinin yarımmüdafiəçisi Denzel Dumfris Milan təmsilçisindəki gələcəyindən danışıb.

Arena.az xatırladır ki, 28 yaşlı futbolçunun “neradzuri” ilə müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.

“İnter” mənim aşiq olduğum həqiqətən böyük bir klubdur. İnsanlar və komanda yoldaşlarım mənim üçün ailə kimidir. “İnter”də özümü evdəki kimi hiss edirəm. Uzun müddət idi ki, müqaviləmin müddətinin uzadılmasının mümkünlüyünü müzakirə edirdik, amma klubda maliyyə çətinliyi vardı. İndi hamının bildiyi kimi, klub, sahiblərini dəyişib. Amma Avropa çempionatı zamanı və ya bəlkə ondan sonra nə olacağını görəcəyik.

Heç kimə sirr deyil ki, Premyer Liqada oynamaq istərdim, mənim oyun tərzim ingilis futboluna uyğundur. Amma üç il ərzində altı kubok qazandığım “İnter”də oynamağım tanrının lütfüdür. Dediyim kimi, bura mənim evimdir və ailəm Milanda xoşbəxtdir. Mənim qanım “neradzurro”dur, bu, mənim ailəmdir! Mən ətrafımdakı hər kəsə, o cümlədən anbar işçilərinə, həkimlərə çox yaxınam. Hamı ilə həqiqətən əla münasibətim var”, deyə Dumfris razılıqla vurğulayıb.

Xatırladaq ki, Denzel Dumfris “İnter”ə 2021-ci ilin avqust ayında 14,25 milyon avro məbləğ müqabilində PSV-dən keçib. Yarımmüdafiəçinin “neradzurri” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2023/2024 mövsümündə Dumfris “İnter”in heyətində 36 oyuna çıxıb, 4 qol vurub, 6 məhsuldar ötürmə verib. Dumfrisin “neradzurri”nin heyətində çıxışının ümumi mənzərəsi belə təsvir yaradır: 132 oyun, 11 qol, 20 məhsuldar ötürmə.

Denzel Dumfris 2018-ci ilin oktyabrında debüt etdiyi Niderland yığmasının heyətində 54 oyuna 6 qol, 16 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermakrt” internet-portalı 28 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 24 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
68
arena.az

1Sources