EN

Bakıda Qoşulmama Hərəkatının Gənclər Təşkilatının iqlim dəyişikliyi üzrə fəaliyyətinə dair forum keçirilib

Image

Bakı və Şamaxı şəhərlərində beş gün davam edəcək Forumda QHGT-nin bir sıra Milli Bölmələrinin nümayəndələri, yerli və əcnəbi gənclər, həmçinin dövlət qurumları və beynəlxalq təşkilatların nümayəndələri kimi yüksək səviyyəli qonaqlar və ekspertlər iştirak edir. Forum müddətində gənc iştirakçılar mədəniyyətlərarası qarşılıqlı əlaqə yaratmaq üçün imkanlar əldə edəcəklər. Tədbir proqramına liderlik bacarıqlarını artırmaq, mədəni mübadiləni təşviq etmək və xüsusilə, mühüm qlobal problemləri həll etmək üçün nəzərdə tutulmuş müxtəlif sessiyalar daxil olacaq.

Trend xəbər verir ki, tədbir COP29-un İqlim üzrə gənclər çempionu, QHGT-nin sədri Leyla Həsənovanın nitqi ilə açıq elan edilib.

QHGT-nin son dövrlərdə fəaliyyətini və tədbirin loqo konsepsiyasını əks etdirən xülasə video qonaqlara nümayiş edilmişdir. Ardınca, COP29-un müəyyən edilmiş Prezidenti, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev tədbir iştirakçılarını salamlayıb.

M. Babayev dünyanın gələcəyi olan gənc liderlərin dinamik və yaradıcı qüvvəsinin beynəlxalq iqlim danışıqlarında mühüm rol oynadığını bildirib. Bu səbəblə, nazir öz çıxışında gənclərin iqlim fəaliyyətində iştirakının vacibliyini xüsusilə vurğulayıb.

Daha sonra, Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov gəncləri tədbirdə aktiv iştirak etməyə çağıraraq bütün iştirakçılara uğurlar arzulayıb. Açılış mərasimi COP29-un baş danışıqçısı, Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin çıxışı ilə yekunlaşıb.

Y. Rəfiyev Qoşulmama Hərəkatına üzv dövlətlərin gənclərinin iqlim dəyişikliyi və ətraf mühitin davamlılığına yönəlmiş müzakirələrə cəlb olunmasının önəmindən bəhs edib. O, 121 ölkənin gənclərini birləşdirən ən böyük beynəlxalq gənclər təşkilatı olan QHGT platformasının gənclərin iqlim fəaliyyətinə cəlb olunmasında əhəmiyyətini qeyd edib. Açılış mərasiminin sonunda xatirə fotosu çəkilib. Tədbirin birinci günü “Boşluqların doldurulması: iqlim dəyişikliyinə uyğunlaşma və dayanıqlılıq tədbirlərində gənclərin mənalı iştirakının genişləndirilməsi" mövzusuna həsr olunmuş panel müzakirə ilə davam edib.

Qeyd edək ki, Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə yaradılıb. 2022-ci ilin iyulunda 60 dövlətin gənc nümayəndəsinin iştirak etdiyi QH Gənclər Şəbəkəsinin təşkilatçılığı ilə ilk dəfə keçirilən QH Gənclər Sammiti zamanı Şəbəkənin Təşkilata çevrilməsinə dair yekun sənəd olan Şuşa Akkordu qəbul edilib. Hazırda, Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Üzv Dövlətlər üzrə 59 Milli Bölmə nəzdində fəaliyyət göstərən yüzlərlə fəal üzvü Qoşulmama Hərəkatına üzv ölkələr arasında beynəlxalq dialoqa təkan verir.





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
26
5
baki-xeber.com

7Sources