EN

“Vətəndaşların haqlarını bərpa edin, narazılığı aradan qaldırın” – HÖKUMƏTƏ ÇAĞIRIŞ

Bir milyon insanın problemi təcili həllini gözləyir, ictimaiyyət fəalları dövləti hərəkətə keçməyə səsləyirlər
Sovetdən (ata-babalarından) qalma miras əmlak payının sahibi olan yüzminlərlə vətəndaşın problemi hələ də həllini tapmır. Söhbət bir milyona yaxın özəlləşdirmə çeki sahiblərindən gedir.
Bu insanlar öz halal haqlarından - dövlətin onlara əvəzsiz və müddətsiz olaraq verdiyi miraslarından yararlana bilmirlər. Çünki kimlərinsə marağında, kimlərinsə hiyləsində ilişib qalıb bu məsələ.
Çek (pay) sahibləri haqlı olaraq inanırlar ki, çeklərlə bağlı dövlət ədalətli qərar verəcək: ya dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri tədavülə (inflyasiyadan qorunan qiyməti ilə) qaytarılacaq, ya da onların real dəyərinə müvafiq kompensasiya ödəniləcək.
Bu cür inancda və tələbdə olanlar təkcə sıravi vətəndaşlar deyil. Ölkənin düşünən beyinləri – deputatlar, ziyalılar, hüquqşünaslar, iqtisadçılar, siyasətçilər, ictimaiyyət nümayəndələri, mədəniyyət xadimləri və ən müxtəlif sahələr üzrə nüfuz sahibləri yekdil şəkildə bildirirlər ki, özəlləşdirmə çekləri ilə bağlı vətəndaşların hüquqları pozulub və bu HAQQ bərpa edilməlidir.

Üstəlik, Dövlət bu tarixi sosial ədalət siyasətinin hasil olmasında maraqlı və qərarlıdır. Çünki Dövlətin ən çətin vaxtında bu qərara imza atan Ulu Öndər bizim hamımızdan yaxşı bilirdi ki, tarix nədir, sosial ədalət nədir və xalqın haqqını özünə qaytarmaq nə deməkdir.
Ümummilli Liderin bu yöndəki addımını düzgün qavrayan deputatlar, siyasilər, ziyalılar və ən müxtəlif sahələr üzrə ekspertlər bu gün eyni amala xidmət edirlər – ümumsosial problemin Cənab Prezidentə doğru-düzgün çatdırılmasının vacibliyini dilə gətirirlər. Hər kəs əmindir ki, vaxtilə, maraqlı məmur korpusu tərəfindən ört-basdır edilməyə çalışılan ümumxalq məsələsi dövlət başçısına olduğu kimi məruzə edilərsə, dərhal və ədalətli şəkildə həllini tapacaq.
Redaksiyamıza özəlləşdirmə çeki (payı) sahibi olan minlərlə vətəndaş tərəfindən (xüsusilə, Özəlləşdirmə Çekləri Qrupu adından) hər gün müraciətlər daxil olur. AYNA olaraq, sözügedən məsələ ətrafında yenidən ictimaiyyət fəalları, QHT rəhbərləri ilə həmsöhbət olduq.
Hüquq elmləri doktoru, Vəkillər Kollegiyasının üzvü, “Sirius” Vəkil Bürosunun təsisçisi və müdiri Sübhan Əliyev:

“Çeklər məsələsi dövlət səviyyəsində həllini tapmalıdır. Qəti qərar verilməlidir və pozulan haqlar bərpa edilməlidir. Problemin həlli üçün özəlləşdirmə çekləri ilə bağlı xarici ölkələrin təcrübəsinə, xüsusilə, postsovet ölkələrin təcrübəsinə baxmaq lazımdır. Əslində, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanda özəlləşdirmə prosesi başlamadan öncə xarici təcrübənin neqativ hallarının aradan qaldırılması üçün xüsusi komissiya yaradılmışdı. 1995-ci ildə “Dövlət Özəlləşdirmə Proqramı” qəbul olunanda bütün özəlləşdiriləcək orta və iri müəssisələrin ən azı 65 faizinin özəlləşdirmə çekləri vasitəsilə həyata keçirilməsi dövlət tərəfindən qanunla qoyulmuş qayda ilə tənzimlənirdi.
Eyni zamanda, özəlləşdirmə çeklərinin çıxarılmasına əsas olan özəlləşdirmə payları inflyasiyadan qorunan dövlət əmlak payı kimi qəbul olundu. Dövlət yalnız ona məxsus olan 35 faizlik hissəni pulla sata bilər. Digər 65 faizlik hissə isə ancaq və ancaq Konstitusiya və qanunlara əsasən verilə bilər. Ona görə də heç kim Konstitusiyaya zidd olaraq, qanunla vətəndaşlara verilən özəlləşdirmə çekləri ilə bağlı onların hüquqlarını, o cümlədən dövlət öhdəliklərini poza bilməz.
Özəlləşdirmə payları ilə bağlı problemi hansısa formada həll etmək lazımdır. Bunu kompensasiya formasında da yoluna qoymaq olar ki, bu zaman da xarici təcrübəyə baxılmalıdır. Ümumiyyətlə, bizdə özəlləşdirmə prosesi, bu prosesdə çeklərdən səmərəli istifadə düzgün aparılmadı. Bundan sonra da çeklərin tədavüldən çıxarılması ilə prosesə sanki yekun vuruldu. Bu isə nə hüquqla doğru idi, nə də iqtisadi qanunlara uyğun idi. Hesab edirəm ki, bu qədər müraciətlər havada qalmamalıdır. Lazımi qiymət verilməli, qərar qəbul olunmalıdır”.
“Biosfer” İctimai Birliyinin sədri, Milli Hərəkatçılar Birliyi İdarə Heyətinin sədr müavini Qorxmaz İbrahimli:

“Problemin kökü ötən əsrin 90-cı illərində, daha dəqiqi, 1995-ci ildən sonra aparılan özəlləşdirmə prosesi ilə əlaqəlidir. Problemin yaranması və yaşanmasında isə bir çox insanın rolu var – həm hökumətdə, həm də müxalifətdə təmsil olunan. Nəticədə illər boyu əlindəki özəlləşdirmə çeklərinə ümid bəsləyən vətəndaşların ümidləri suya düşdü.
Özəlləşdirmə prosesi qeyri-qanuni, qeyri-peşəkar şəkildə həyata keçirildi, araya fırıldaqçılar girdi. Xeyrini həmin fırıldaqçılar, ziyanını isə xalq gördü. Prosesi öz istədikləri kimi həyata keçirən işbazlar milyonçulara, milyarderlərə, oliqarxlara çevrildilər, halal haqq sahibi olan milyonlarla vətəndaş isə haqqından-hüququndan məhrum edildi.
Həmin fırıldaqçı məmurlardan bu gün də iş başında olanlar, öz fəaliyyətlərini davam etdirənlər var. Təsəvvür edin, dövlət başçısı mənzillərin çıxarış problemi ilə bağlı iki dəfə sərəncam verir, amma məmur ordusu işi ləngidir, düzgün icra etmir. Özəlləşdirmə çekləri ilə bağlı da məsələ eyni cürdür. Hesab edirəm ki, dövlət tez bir zamanda və ədalətli şəkildə qərar verməli, vətəndaşların pozulmuş hüquqları bərpa edilməlidir”.
“Müasir İnkişaf” İctimai Birliyinin sədri Mübariz Göyüşlü:

“Bu mövzu bizim ixtisas sahəmiz olmasa da, sıx şəkildə təqib etməsəm də, hamımızı əhatə edən bir məsələdir. Hökumətin bu məsələdə vətəndaşların xeyrinə qərar qəbul etməsi lazımdır.
Əgər əvvəlki illərdə vətəndaşların ziyanına qərar qəbul edilibsə, hazırkı hökumət üzvləri vəziyyəti düzəltmək üçün uyğun qərarlar qəbul etməlidirlər. Hazırda bu mövzuda iqtisadçılarımızın, mütəxəssislərimizin verdikləri rəy və təkliflərə baxanda yanlışlığın olduğunu söyləmək mümkündür. O zamankı hökumət rəsmilərinin qəbul etdikləri qərar əlində çekləri qalan minlərlə vətəndaşımıza qarşı böyük haqsızlıq idi.
Təklif irəli sürən, sürməyə hazır olan mütəxəssisləri dinləmək, lazımdırsa, bir işçi qrupu, komissiya yaradıb problemin həllinə başlamaq olar. Bu istiqamətdə vətəndaşın xeyrinə atılacaq qətiyyətli addım və qərarlar sosial gərginliyin azalmasında böyük rol oynaya bilər”.
“Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin sədri Büllur Məmmədova:

“Çeklərlə bağlı problemə birdəfəlik nöqtə qoyulmalıdır. Özəlləşdirmə prosesində vauçerlərdən istifadəyə şərait yaradılmalıdır. Əgər çeklərin hərraclarda iştirakına imkan yaradılmırsa, o zaman vətəndaşların haqqı olan kompensasiya ödənilməlidir. Əlində çeki qalan vətəndaşların pul və ya hansısa hissə müqabilində hüquqları bərpa olunmalıdır.
İllərdir vətəndaşların döymədikləri qapı qalmayıb. Onlar səmərəli yararlana bilmədikləri çeklərin taleyinə aydınlıq gətirilməsini, ədalətin bərqərar olmasını istəyirlər. Haqlı olaraq dövlətin verdiyi qiymətli kağızdan istifadə etmək fikrindədirlər. Bunun qarşısının alınması, həm də qanunsuz şəkildə alınması doğru deyil. Ümid edirəm ki, bu problem yoluna qoyulacaq.
Hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti, deputatlar, ziyalılar, bir sözlə, cəmiyyətin bütün təbəqəsindən olan şəxslər bu problemin həlli barədə dövlət qurumlarına müraciət ediblər. Bu müraciətlərə həssas yanaşılmalı, vətəndaşların pozulan hüquqları bərpa edilməlidir”.
İqtisadçı ekspert Razi Abbasbəyli:

“2011-ci ildən sonra çeklərin qiymətli kağız statusu ləğv edildiyinə görə onların istifadə ediləcək ünvanları yoxdur. Paradoks odur ki, çeklər tədavüldən çıxarılsa da, onların etibarsızlığı ilə bağlı ortada qanunvericilik aktı yoxdur. 2011-ci ildən vauçerlərin istifadə müddəti uzadılmadı ki, bu, mübahisəlidir.
2011-ci ilədək çeklər dövlətin qiymətli kağızı hesab olunurdu. Çeklər bu gün də dövlətin qiymətli kağızı hesab olunur. Məsələ burasındadır ki, çeklər ləğv edilməyib. Bu, vətəndaşın özəlləşdirmədə iştirakını təmin etmək üçün qiymətli kağızdır. Amma bu gün faktiki olaraq bu çeklər özəlləşdirmədə iştirak etmir və bu, tamamilə yanlış yanaşmadır.
Qiymətli kağızlarla bağlı qanun qüvvədə olsa da, çeklərdən istifadə mümkün deyil. Hesab edirəm ki, Prezident müvafiq sərəncam verməli, özəlləşdirmə çeklərinin istifadəsinə təkrar şərait yaradılmalıdır. Dövlət əmlakının özəlləşməsində dövlətin verdiyi qiymətli kağızlardan istifadəyə şərait yaratmaq mümkündür.
Sadə bir mexanizm var ki, bununla vətəndaşların konstitusion hüquqlarından istifadə etmələri mümkün olsun. Bu məsələnin həlli bir, yaxud iki rəsmi qərar və normativ hüquqi aktla mümkündür. Bu gün Azərbaycanda xeyli sayda vətəndaşda çeklər qalıb ki, onlar bundan yararlana bilməyiblər. Məsələni həll etməklə həm narazılıq aradan qalxar, həm də haqqı pozulanların hüquqlarının qorunması təmin edilər.
Problemi sadə mexanizmlərlə həll etmək mümkündür. Hökumət bu məsələni yoluna qoymaq iradəsində olsa, əllərində çekləri qalan vətəndaşların artan narazılığı da aradan qalxar.
Təcrübədə bu kimi məsələnin həllinin şahidi olmuşuq. SSRİ dövründə banklara qoyulan, SSRİ dağılandan sonra pulları “batan” vətəndaşların əmanətləri “dirildildi”. Həmin pullar hesablandı, vətəndaşlara qaytarıldı. Bu formada da əllərdə qalmış istifadə edilməyən çeklərin kompensasiyasını həyata keçirmək mümkündür.
Görünür, hansısa qüvvələr var ki, bu məsələnin həllində maraqlı deyillər. Məqsəd nədir? Bəlli deyil. Düşünürəm ki, narazı vətəndaşların, onların hüquqlarını müdafiə edən ekspertlərin, vətəndaş cəmiyyəti nümayəndələrinin, deputatların səsini eşitmək lazımdır”.
QEYD
Ötən əsrin sonlarında, konkret desək, 1996-cı ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə vətəndaşlara mülkiyyət sahibi olmaq üçün paylanmış qiymətli kağızlar 2011-ci ildən bu yana tədavüldə deyil. Əllərində qiymətli kağız olan vauçerləri qalmış yüzminlərlə vətəndaş tədavül müddətinin bitməsinin qanunsuz olduğunu, hüquqlarının bərpa olunmasını istəyir.
Zaman-zaman özəlləşdirmə çekləri ilə bağlı müxtəlif sahələrin ekspertləri, hüquqşünaslar, deputatlar, ziyalılar hökumətə pozulan hüquqlarının bərpası ilə bağlı müraciətlər edirlər. Müraciət edən şəxslər konkret arqumentlərlə çıxış edir ki, SSRİ dövrü və ya ondan əvvəlki illərdə ölkə daxilində yaranmış sərvətlərin 65 faizinin özəlləşdirmə çekləri vasitəsilə aparılması çeklərin üzərində yazılan “Bu özəlləşdirmə çekləri Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin edilir” sözləri ilə düz mütənasibdir.
Çeklərin hər birinin dəyəri eynidir və 1 pay 4 çekdən ibarətdir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda, çeklərin etibarlılıq müddəti kimi bir anlayış və göstəriş yoxdur. Əllərində çekləri qalmış vətəndaşlar özəlləşdirmə prosesində iştirak edə bilmədikləri səbəbindən o çekləri hələ də saxlamaqdadırlar.

Vurğulanır ki, tədavüldən çıxarılan özəlləşdirmə çekləri qiymətli kağızlar hesab olunsa da, bu çeklərlə bağlı verilən qərarlar qanunvericiliklə düzgün aparılmayıb. Belə olan təqdirdə əlində özəlləşdirmə payları qalan şəxslərlə bağlı konkret addımlar atılması tələb olunur.
Diqqətə çatdırmaq lazımdır ki, Prezident İlham Əliyevin tapşırığı ilə özəlləşdirmə çekləri ilə bağlı hüquqi problemlərin aradan qaldırılması və bəzi normativ hüquqi aktların Konstitusiyaya uyğunluğunun araşdırılması məqsədilə Prezident Adminstrasiyası tərəfindən Konstitusiya Məhkəməsinə məktub daxil olub və qeydiyyata alınıb. Bu, müstəqil Azərbaycanın tarixində bir ilkdir ki, həm vətəndaşlar, həm deputatlar, həm də Baş nazirin göstərişi ilə Ədliyyə Nazirliyi, Prezident Administrasiyası, eləcə də şəxsən ölkə Prezidenti birbaşa özəlləşdirmə çekləri və bundan dolayı yaranmış kütləvi hüquqi problemlə bağlı Konstitusiya Məhkəməsinə müraciət ünvanlayıb. Amma 11 aydır ki, Konstitusiya Məhkəməsində aparılan araşdırmanın nəticəsi yoxdur.
Əlavə qeyd
Hamı bilməlidir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən verilən miras özəlləşdirmə payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri qanunla verilib!
Heydər Əliyevin özəlləşdirmə qanununun icrası üçün verdiyi və imzaladığı 450 nömrəli Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.
Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!
Konstitusiya Məhkəməsinin ekspertləri olan hüquqşünas alimlərin 2022-2023-cü illərdə apardıqları elmi-praktik araşdırmaların nəticəsi kimi, 10-dan çox alimin rəyi əsasında yazılmış, Prezidentin nəzarətində olan Ali Attestasiya Komissiyasının “Qanun” jurnalında dərc olunmuş 4 məqalədə təsdiqlənmiş hüquqi faktlardan sonra, artıq hüquqşünaslar və ziyalılar mətbuatdakı çıxışlarında 13 ildir çeklərsiz aparılan özəlləşdirmənin xalqa qarşı cinayət və dövlətə qarşı təxribat olduğunu açıq-aşkar səsləndirirlər. Bu isə öz növbəsində tarixi ədalətin bərpa ediləcəyinə böyük ümidlər yaradır.

Alimlərin araşdırmasından məlum olur ki, qanunla inflyasiyadan qorunuan hər özəlləşdirmə payına düşən əmlak payı dəyəri bu gün üçün ən azı 20 000 ABŞ dolları dəyərindədir və Ulu Öndərin xalqa vədinə əsasən, tarixi ədalət naminə bu gün qanunvericiliklə Azərbaycan İnvestisiya Holdinqindəki bütün müəssisələrin və gələcəkdə özəlləşdiriləcək bütün orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i özəlləşdirmə çekləri ilə əvəzləndirilməlidir.
Qanunla bütün investorlar kollektivə məxsus 15%-dan qalan səhmlər və 50%-in üstünə gələrək ancaq özəlləşdirmə çekləri ilə ödəməlidir. Dövlət qanunla belə müəssisələrin ancaq ona məxsus olan 35%-nin pulla satışını həyata keçirə bilər. Ulu Öndərin imzaladığı qanunlar və Konstitusiya yeni ictimai sistemə keçid üçün sosisal tarixi ədalət naminə ölkənin ən kasıb vaxtında dövlətin iqtisadi və sosial siyasətinin əsası kimi qəbul olundu. Ümummilli Lider qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrin 50+15%-nin özəlləşdirmə çekləri ilə aparılacağını dünyaya elan etdi. Hətta icarəyə verilmiş müəssisələrin gələcəkdə özəlləşdirilməsi və investisiya müsabiqələrinin özəlləşdirilməsi ancaq qanunun qoyduğu bu qayda ilə aparılmalı idi. Dövlət öhtəliyi kimi qanunla qoyulmuş bu qaydaları heç bir Fərman və hətta sonradan qəbul olunacaq hec bir qanun Konstitusiyaya zidd olaraq dəyişə bilməz!
Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
69
1
ayna.az

2Sources