EN

Millimizin yeni baş məşqçisi – İki ölkənin qəhrəmanı və 7 titul

Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuşun təyinatı birmənalı qarşılanmadı.

Portəgiz çalışdırıcının yaşı qıcıq doğuran məqamdırsa, digər səbəb onun son iki iş yerində qısa müddət çalışması və uğur qazana bilməməsidir.

Ümumi götürsək, Santuşun karyerası deyildiyi qədər bərbad deyil. Yəni heç də hər yerdə 3-5 ay çalışmayıb. Və qazandığı uğur təkcə Portuqaliya millisi ilə Avropa çempionluğu deyil.

69 yaşlı mütəxəssisin 1988-ci ildən başlayan məşqçilik yoluna nəzər salaq.

Eştoril

Öncəki 1 ili köməkçi-məşqçi kimi fəaliyyət göstərsə də, 1988-ci ildə baş məşqçi postuna əyləşib və həmin ilin yanvarından 1994-cü ilin martına qədər iş başında olub.

Eştrela

İşsiz günləri cəmi 8 ay davam edib ki, 1994-cü ilin noyabrında “Eştrela”dan dəvət alıb. Buradakı fəaliyyət dövrü 4 ili əhatə edib. 1998-ci ilin yayında aldığı imtina olunması mümkünsüz təklif üzündən buranı tərk edib.

Portu

Santuşun məşqçilik karyerasının ilk zirvə nöqtəsi adlandıra bilərik. Avropanın ən adlı-sanlı komandalarından birinə baş məşqçi təyin olunan mütəxəssis ilk ilindəcə “Portu”nu ölkə çempionu etməyi bacarıb. Üstəlik superkubok qazandırıb. Növbəti 2 ildəki qazanc Portuqaliya kuboku və növbəti superkubok olub. 2001-in yayında 5 titul qazandırdığı “Portu”dan ayrılıb.

AEK

Yunanıstandan aldığı maddi baxımdan ideal təklif onu Ellada torpaqlarına gətirib. Buradakı debütü də istədiyi kimi olub. 1 il başında dayandığı komanda ilə Yunanıstan çempionu olub və 2002-nin yayında AEK-i daha adlı-sanlı “Panatinaikos”a dəyişib.

Panatinaikos

“Ağ-yaşıllar”la işləri istədiyi kimi getməyib. Komandanın mövsümə uğursuz başlamasına görə rəhbərliklə aralarında fikir ayrılığı yaranıb və 2002-nin oktyabrında cəmi 9 oyunda meydana çıxardığı komandanı tərk edib.

Sportinq

Yenidən vətəninə qayıdıb və bu dəfə ölkənin digər titullu klubu “Sportinq”də fəaliyyətə başlayıb. 2003-ün yayında müqavilə bağladığı klubu 2004-cü ilin iyununda uğur qazanmadan tərk edib.

AEK

Yenidən keçmiş komandasına qayıdıb. İlk ilində AEK azarkeşlərinin sevimlisinə çevrilməyi bacaran mütəxəssis ikinci dövrdə 2 il çalışdırdığı (2004-2006) kollektivlə titul üzünə həsrət qalıb.

Benfika

“Portu” ilə “Sportinq”i çalışdırmış biri üçün “Benfika”da əsas söz sahibinə çevrilməmək günah olardı. 2006-nın mayında AEK-dən ayrılıb və 2 ay sonra “Benfika”da işə başlayıb. 2007-nin avqustuna qədər Lissabon təmsilçisinin başında dayanıb.

PAOK

Yunanıstanla Portuqaliya arasında qalan mütəxəssis yenidən vətəni tərk edib. 2007-ci ildə PAOK-un “sükanı” arxasına keçib və 2010-cu ilin iyununa qədər işinin başında dayanıb. 3 mövsümdə PAOK-a yalnız gümüş medalları qazandırıb.

Yunanıstan millisi

Ölkənin ən köklü klublarını çalışdıran portəgizə bu dəfə millini tapşırıblar. 2010-nun iyunundan 2014-cü ilin iyuluna qədər rəhbərlik etdiyi Yunanıstan yığması AÇ-2012-nin final mərhələsində qrupdan çıxmağı bacarsa da, 1/4 finalda Almaniyaya məğlub olub. DÇ-2014-ün final mərhələsinin qrup mərhələsində qrup səddini aşan yunanlar 1/8 finalda Kosta Rika seçməsinə boyun əyərək mübarizəni erkən dayandırıb. Santuş mundialdan dərhal sonra postu ilə vidalaşıb.

Portuqaliya millisi

Və bundan 3 ay sonra – 2014-cü ilin sentyabrında illərdir arzusunda olduğu Portuqaliya yığmasına baş məşqçi təyin olunub. İlk ciddi sınaqdaca uğur qazanmağı bacarıb. Ulduzlardan qurulmuş Portuqaliya millisi 2016-cı ildə tarixində ilk dəfə Avropa çempionu adını qazanıb. Bundan 3 il sonra isə Millətlər Liqasının 2018/19 mövsümünün qalibi olub. 8 illik fəaliyyət dövrü 2022-ci ilin dekabrında başa çatıb.

Polşa millisi

Portuqaliyanın Avropa çempionluğunu yadda saxlayan polşalılar yığmanı ona tapşırmağı qərara alıb. Lakin Polşada cəmi 9 ay qalıb. 2023-ün yanvarında təyinat, həmin ilin sentyabrında istefa gerçəkləşib.

Beşiktaş

Türkiyə klubundakı fəaliyyətini də qara siyahıya yazmaq lazımdır. Bu ilin yanvarında təyinat aldığı komandanı apreldə tərk edən təcrübəli mütəxəssis “qara qartal”ı düşdüyü vəziyyətdən çıxara bilmədiyinə və rəhbərliklə dil tapmaqda çətinlik çəkdiyinə görə postundan ayrılıb.

Nəticə

Beləliklə, 36 ilə sığan məşqçilik karyerasında 1 dəfə Portuqaliya çempionu, 2 dəfə Portuqaliya kuboku, 2 dəfə Portuqaliya superkuboku, 1 dəfə Yunanıstan kuboku, 1 dəfə Avropa çempionluğu və Millətlər Liqasının qalibi titulları var. Göründüyü kimi uğurları məhz Portuqaliya ilə Yunanıstanda qazanıb. Polşa ilə Türkiyədə tab gətirə bilməyib.

Fernandu Santuş Yunanıstanda 4 dəfə ilin ən yaxşı məşqçisi seçilib, 2016-cı ildə dünyanın ən yaxşı məşqçisi adına layiq görülüb.

HƏBİB / SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
77
sportinfo.az

1Sources